Kənan Hacı. Yeni Şeirlər.

Yazar: Admin | Bölmə: Poeziya | Tarix: 04 Temmuz, 2009

Kənan Hacı Unut…

Köhnə dostları,
yəni badə dostlarını
və onların boğazdanyuxarı
tostlarını,
yaşadığın və atdığın qadınları,
müştərisi olduğun
mecə barlarını
unut getsin!
telefonunun yaddaşından
sil bütün nömrələri,
bir müddət telefonsuz gəz,
yox ol bu yerlərdən,
özünü zamanın ixtiyarına ver,
sonra bax gör
zamanın yaddaşında
varmısan, yoxmusan…
doğulduğun kənd-
tanış küçə,
yaşadığın ev
yad sifətlərlə çəpərlənib,
bu da sənə
faniliyin əyaniliyi…
darılma,
tanış kafeyə dön,
əmin ol,
bufetçi səni tanımayacaq,
bir dilim limonla
çappa stəkan dolu arağı
birnəfəsə başına çək!
və çalış,
bir də bu yerlərə qayıtma…


Təzə ilin ilk şeiri

qar örtüyü altındakı boşluq
addımlarının cəzası,
içdiyin şərabın xumarı
başına yox,
ayağına vurub,
təkcə qaxaca dönmüş
bostan müqəvvası
öz hərəkətsizliyi
və vahiməsilə
sığortalanıb
hər bir cəzadan,
həm də belə deyək- qəzadan…
bu yeni il axşamı
sən o müqəvva qədər
öz yerində deyilsən,
zavallı…

***

yalqızlığın sınağından
yaxşı çıxdım deyəsən,
ölmədim, çürümədim,
dəli olmadım,
nə xoş…
ömrümün ən isti qışını
yaşadım
sənin qucağında,
yenidən uşaq oldum,
əzizləndim, bəsləndim
qolların arasında,
bəs sən axı bu vaxtacan
haradaydın,
niyə məni süddən kəsmişdin,
niyə?!..

Güzgü

ömrün cavan çağında
güzgüdə öz əksini görüb
diksinəcək,
“saçımda bu qar hardandı?” deyib
heyrət və təəssüf  hissi
keçirəcəksən,
qəfildən
anlayacaqsan ki,
güzgüdə boy atır adam,
güzgüdə qocalır,
bəzən güzgü
insanın həqiqətən öldüyünə
şəhadət verir
soyuq üzüylə,
ölmüş adamın burnuna
kimsə güzgü qırığı tutanda
anlayacaqsan bu həqiqəti,
anlayacaqsan və…
güzgüyə arxa çevirəcəksən…

O zaman qadınsız idin

qadınsız idin,
evsiz- eşiksiz idin,
rütubətli bir daxmada
bomj həyatı yaşayırdın,
naharı ucuz peraşki ilə,
axşamı bulka ilə
yola verirdin,
hər gələn günü
sonuncu gün kimi yaşayırdın
həyatında,
bir də
şeir yazırdın,
bəlkə də səni ölümdən
yazdığın o səfeh şeirlər
xilas etdi,
yoxsa…
o daxma
sənin  qəbrin olacaqdı,
zavallı…

indi arvadın
qoymur səni şeir yazmağa,
qısqanır qələm- kağıza,
şeir qadınsız həyatın ağrısını
ovutmaq üçündür,
daha şeir yazmağına hacət yox,
səni bundan sonra
dünyanın ən gözəl şeiri
yaşadacaq-
dəlicəsinə sevdiyin
və səni dəlicəsinə sevən
bir qadın!

bir vaxt qadınsız idin,
dörd tərəfin boşluq idi,
indi o boşluq
bulanıq gölməçətək
sərgərdan günlərini əks edər,
unutmağ çalışarsan
nəmli çarpayını,
hisli lampanı,
sınıq pəncərəni,
nisgilin turş dadını,
bəxtinə doğan günəşin
istisinə qızınar
nəm çəkmiş ümidin,
o günəşin işığından
gözləri tutular
bütün tənha daxmaların…

o zaman qadınsız idin,
şeir yazırdın…
yazma daha…
yazma…

***

tənha günlərimin şeirləri
nə dadır görən?
kədərin dozası bir az çox olub,
bilirəm,
qanımı sıxmışam varağın üstə,
varaq qızardıqca
üzüm ağarıb,
bilirəm,
yenə ürəyim soyumayıb,
pəncərəmə üz söykəyib
sızlayan ayın işığına da
zülm eləmişəm,
sübhün gözü açılıncayadək
didərgin duyğuların əlində
çırpınıb, bilirəm,
əski günahlarımı
hər dəfə salır yadıma
tənha günlərimin şeirləri…

köçəri quşlar kimi
baş alıb gedir doğma yerlərə,
tənha günlərimin şeirləri,
burda köçəri quşlar
gözündən vurulurlar…

***

bir saat hıçqırır zülmət gecədə,
yenə qımıldanıram
sükut dilində,
köhnə şərab kimi
yaman tünddü bu kədər,
ümidlərim sərxoş olub
azdı yenə sabahlarda,
onları soraqlamayacam  daha,

bir saat hıçqırır zülmət gecədə,
qonşuluqdakı qarımış qızın bətni,
içi kor quyu kimi qaralan
bu odun sobası,
buz kimi soyuq çarpayı
ümidlərin ölən yeridi…

bir saat hıçqırır zülmət gecədə…

***

qara günlərimi
seçdim, ayırdım,
səf- səf sapa düzüb
təsbeh qayırdım,
indi təsbeh çevirirəm…

***

peşəkar cani kimi
öldürdükdən sonra
iz qoymursan,
sevdiyim qız!

***

elə bil, ayaqlarımı
kimsə düyünləyib
dəmir relslərə-
uzaqdan qatarın
fit səsi gəlir…

Boz pişiyin menyusu

yas məclislərindən qovulan aclar
zibilliklərə
sonuncu ümid  yeri kimi baxırlar,
evdə kotlet yeyən pişiklər
insanlardan üstünlüyünün
həzzi içində xumarlanmada,
ey zibillikdə eşələnən bomj!
sən o pişiyin yerində olmaq üçün
nələr etməzdin?!
pişiklərin gündəlik qida rasionu
kotlet və paştet,
ürəyimi boş konserv qutusuna
bənzətmək istədim,
kotlet yeyən pişik
hisslərimi cırmaqlamaqla
məni bu fikirdən daşındırdı…

Möcüzə

onda heç səni tanımırdım,
bilmirdim varsan, yoxsan,
gerçəksən, yoxsa xəyal?
bilmirdim ki,
mənimlə bir gündə doğulan,
taleyi taleyimə bənzəyən,
anası anama,
atası atama bənzəyən
bir qız yaşayır
Yasamal yüksəkliyində…
amma bütün həyatım boyu
məni tənhalığın əlindən alacaq
uzaq gələcəkdə yaşayan o qız üçün
darıxmışam…
bu  oxşarlıqlardan və
sənin varlığından xəbərsiz…
səkkiz milyonun içində
necə tapdıq bir- birimizi?!
mən  səni görən kimi tanıdım,
sən dedin:
-mən səni on beş il bundan qabaq
yuxumda görmüşəm!
hə, əzizim,
bu da sənə möcüzə!

1 səs2 səs3 səs4 səs5 səs (1 səs, hardasa: 5,00 ilə 5 arası)
Loading ... Loading ...

5 Şərh var
Şərh yazın »

  1. Kənan hacıı!
    Bilmirəm təxəllüsünüz hacıdır, ya həccə gedib Hacı olmusunuz. Oxudum yazılarınızı, gördüm şair olmusunuz.
    Həqiqətən . Xüsusən, Unut…,Təzə ilin ilk şeiri, Güzgü, O zaman qadınsız idin. Bunlar oxumnaqlı maraqlı, səmimi şeirlərdir. Gözə atılan qeyri-adiliyi, süni avanqardçılığı olmasa da.
    Qısa şeirlərə keçdikdə isə sanki müəllif fikirlərini qablaşdıra bilmir, çatışmamazlıq yaranır. Ola bilsin bu süni şəkildə qısa şeir yazmaq istəyindən irəli gəlir. Məsələn:
    qara günlərimi
    seçdim, ayırdım,
    səf- səf sapa düzüb
    təsbeh qayırdım,
    indi təsbeh çevirirəm…
    göründyü kimi poetik obraz, məna var, amma son misra həm adi nəsr cümləsi, həm də tamam başqa ritmdə olduğundan şeirin bütovlüyünü pozur, uyuşmur. (ayırdım – qayırdım qafifəsini də qəbul etsək) . Bu ona bənzəyir “Uzundərə” havasınını nağara ritmində, nağaraçı nağaranı yerə qoyub sintezatoru işə salır və “çıqıdı-çıqqıdı” başlayır. Başqa misal:
    peşəkar cani kimi
    öldürdükdən sonra
    iz qoymursan,
    sevdiyim qız!
    Bu adi mühakimədir, yaxud da iki nəfər müxtəlif cinsli cavanın adi danışıq söhbətidir, emosiya da yoxdur.
    Boz pişiyin menyusu, Möcüzə ola bilsin hekayə mövzuarıdır. Şeir kimi işləmək cəhdi var, alınmayıb.
    Bütəvlükdə Kənan hacı imzası yaddaşımda şair kimi qaldı. Uğurun xeyirə, amma özümə deyilmiş, bir müdrük adamaın sözlərini təkrar edirəm: Şeirdən çörək ağacı olmaz!- məsəlini də unutma!, vaxt olanda, imkan olanda yaz, oxuyaq, qarşılıqlı feyziyab olaq.

  2. Kenan Hacı şerlerinizi beyenırem size ugurlar arzu edirem

  3. patensial var

  4. Aytəkin xanım, bilirəm ki, mənim şeirlərimi həmişə izləyir və oxuyursunuz. Diqqətinizə və poeziyaya olan sevginizə görə təşəkkürlər!

  5. Kənan, şeirlərini oxudum və kövrəldim. Kaş anan oxuyaydı bu şeirləri. Ancaq fikirləşirəm ki, onda şeirlərin bu səpgidə olmazdı. Hər halda məzmunundan asılı olmayaraq çox sevinərdi. Sənə uğurlar arzulayıram.

Şərh yazın