Mirmehdi Ağaoğlu. Gilənar çiçəyi ilə danışanlar

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 12 Ağustos, 2009

1“Kerri Bacı” bacı əsərində Karolin Miber Çikaqoya nicat tapmağa gəlir və öz axtardığını tapır. Əsərin sonunda sadə əyalət qızı böyük şəhərdə məşhur aktrisaya, şan-şöhrət sahibinə çevrilir və bir dəfə də ona bu şan-şöhrəti vermiş Çikaqo şəhərindən gileylənmir, onu qarğımır, ondan narazı qalmır. Kerri bacı şəhər həyatı ilə barışıb burada uğur qazandığı və kəndi bir dəfəlik unutduğu halda Əkrəmin qəhrəmanları “nə əldən qoyur, nə yardan doyur”lar.

Ümumiyyətlə, Avropa və Amerika incəsənətində “Yeni dünya” həmişə, azadlıq, xoşbəxtlik dünyası kimi təqdim olunub. “American dream” milyonlarla insanı bu qitəyə cəlb etsə də, yalnız onların cüzi bir hissəsi “Amerika” kəşf edə bilib. Qalanları isə ABŞ-ın böyük ştatlarının, iri şəhərlərinin dalanlarında, kasıb məhəllələrində  itib-batıb, yoxsul  həyat sürüblər. Bununla belə Amerika hər zaman “xoşbəxtlik diyarı” sayılıb.

Bakı haqqında isə bu sözləri demək olmur. Əyalətdən gəlmiş insanlara Bakı öz qəlbində hər zaman yer ayırsa da, sonda bu miskin şəhərə qarşı naşükürlük edilib. Bakının mənfi imici olub həmişə. Bu, sovet dövrü Azərbaycan ədəbiyyatında da aşkar duyulur.

Əkrəm Əylisli əyalətdən gəlib Bakıda oxudu, yaradıcılıqla məşğul oldu, uzun müddət rəhbər vəzifələrdə çalışdı, Bakıda “onundan pis, beşindən yaxşı” yaşaya-yaşaya Bakıdan narazı oldu, U.Folknerin Yoknapatofası misalı yaratdığı Buzbulağını Bakıya qarşı qoydu və bu yazdıqlarına özü də inana-inana 2000- ci ildə öz doğulduğu kəndə qayıdıb “Əylisdən Əylisəcən” əsərini yazdı. Bəlkə  Əkrəm Əylisli də Əylisə qayıtdıqdan sonra “Ağ dərə”nin qəhrəmanı Ramazan kimi kənddə uşaqlıq çağlarını canlandırmaq, ötən xoş xatirələri yada salmaq, onları təkrar həyata qaytarmaq üçün köhnə bostan yerini abadlaşdırmağa çalışıb, bir iki arxı təmizləyib, ağac dibi yumşaldıb və s.

Amma olmadı. Əkrəm Əylisli uzun illər tərənnüm etdiyi Buzbulağında yaşaya bilmədi. Bakı özünün qaynar həyatı ilə, yayda asfaltından buğ çıxan küçələri ilə, maşın tıxacları, Buzbulaq insanından da pis insanları ilə Əkrəmi yenidən maqnit kimi özünə çəkdi. Və o Bakıya qayıtdı. Deputat oldu. Bununla da “dünyanın ən gözəl kəndi”nin dünyanın ən çirkli şəhəri ilə bir cərgəyə qoyula bilməyəcəyini öz əməli ilə təsdiqlədi.

Əkrəm Əylisli hekayələrində öz sözünü bir əsərin əvvəlində deyir, bir də sonunda. “Nənəmin tütün kisəsi” hekayəsi öz başlanğıcı ilə oxucunu özünə pərçimləyir. Əsər bu cümlələrlə başlayır: “Rəhmətlik nənəm tütünü qurtaranda məni evdən çölə buraxmazdı. Yalvara-yalvara deyərdi ki, ay oğul, otur yanımda, səndən tütün qoxusu gəlir. Mən ciblərimi silkələrdim, köynəyimin ətəyini dönə -dönə iylərdim. Tütün nə gəzirdi, iy nə gəzirdi?.. Mən ömrümdə ağzıma papiros almamışdım”.

Əsərin ilk cümləsi qarmağa sancılmış yem kimidi. O yemlə yazıçı oxucunu qarmağa keçirə bildisə, oxucu əsəri oxuyacaq, yox əgər birinci cümlə oxucunu cəlb etmədisə, oxucu əsəri elə-belə, nəyinsə xatirinə oxuyacaq. Mənim fikirlərimin öz təsdiqini tapması üçün elə bircə Qoqolun “Şinel”inin ilk iki cümləsini yada salmaq kifayət edər.

“Gilənar çiçəyinə dediklərim” əsərinin də çəkici başlanğıcı var. “Şanlı məktub”, “Qara dəniz”, “May günü”, “Kiçik qardaş”, “Büllur külqabının nağılı” kimi hekayələr isə əla sonluqlu əsərlərdir.

Ancaq Ə. Əylislinin qələminin qüdrəti əsərlərinin başlanğıcında və sonunda nə qədər duyulsa da,  əsərin dərisinə motal pendiri kimi doldurulmuş vecsiz təbiət təsvirləri, lirik hissələr əsərin həcmini artırmaq üçündür, əslində isə Əkrəmin əsərlərində müşahidə olunan təbiət təsvirləri, işıqla bağlı səhifə – səhifə fikirlər, qəhrəmanların yuxu aləmi oxucunu yormaqdan başqa bir iş görmür. “Söyüdün sarı işığı” kimi real, maraqlı bir əsəri qəhrəmanın yersiz “işıq” monoloqları ilə yazıçı sanki “söndürür”.

Onun əsərlərində az qala hər bir qəhrəman yuxu görür. Bəlkə bir və ya iki əsərdə qəhrəmanın yuxusuna yer ayırmaq olar, amma bu “yuxu məsələ”sinin bütün əsərlərdə ortaya atılması onu göstərir ki, yazıçı hər dəfə dolaşığa düşəndə yuxudan istifadə etməkdən başqa bir yol tapa bilmir.

Ə. Əylislinin Allaha qarşı münasibəti də fərqlidir. Ola bilsin ki, bunun əsasında sovet dövrü insanlarının ateist dünyagörüşləri durur. Amma bu asilik Əkrəmin qəhrəmanlarında da var. Onlar allahla bir insan kimi danışır, yeri gələndə onu söyür, qınayır, qarğıyırlar. Bəlkə də talelərinə İkinci Dünya Müharibəsi kimi böyük bir faciə yazılmış insanların yeri gələndə öz bəxtsizlikləri ucbatından allahı belə qarğımaları başa düşüləndir.

Əkrəm Əylisli sanballı əsərlərindən sayılan “Ağ dərə” povestində iki gözəl hekayə mövzunu povestin içində əridib yox edib. Bunlarda biri müharibədən sonrakı illərin birində yayın isti günlərində qəfildən Buzbulağa düz ay yarım yağış yağmasıdır. Kəndə dayanmadan ay yarım sərasər yağış yağır, kəndlilər isə yağışın əlindən biçinə başlamağa macal tapa bilmirlər. Bu yağışdan sonra kənddə maraqlı hadisələr baş verir, kəndlilər kolxozun cavabdeh şəxslərinin tutulacağından ehtiyat edir, kolxoz sədri Şahsuvar taxılı biçib evlərə daşımaqlarına icazə verdiyi kəndlilər sonra kolxoz anbarına iki pud taxıl verməkdən imtina edirlər, Şahsuvar tutulmamaqdan ötrü özünü dəliliyə vurur. İkincisi isə Dosta arvadın dolanışığı olmayanda kəndbəkənd gəzib rabitə əlaqəsinin zəif olduğu o dönəmlərdə bir kənddən o biri kəndə xəbər aparması, filankəsin ölməsi, filankəsin evlənməsi kimi özündən uydurduğu xəbərləri çatdırır. Beləcə hər qapıda bir iki gün qalmaqla günlərini keçirir. Bu “yağış”, bir də “Dosta arvad” mövzusundan iki yaxşı, “Markes janrı”nda  hekayə çıxardı, amma nədənsə yazıçı bu mövzuları povestdə əritməyi daha məqsədəuyğun görüb.

Markes demişkən, ay yarım kəsməyən yağışın yağması hissəsi Qabriel Qarsia Markesin “Yüz il tənhalıqda” və “İzabel Makondada yağışa baxır” əsərlərində də var. Lakin Markesdə yağış bir ay, ay yarım deyil, düz dörd il bilmirəm neçə gün sərasər yağır. Bu hissəni Əkrəmin Markesdən oğurladığını deyə bilmərəm. Amma burası da məlumdur ki, Markesi Azərbaycan oxucusuna daha çox Əkrəm Əylisli tanıtdırıb, onun “Gözlənilən bir qətlin qısa tarixçəsi” əsərini Azərbaycan dilinə də o çevirib.

Əkrəm Əylislinin əsərlərindəki psevdolirizm haqqında bir neçə dəfə deyilib. Onun psevdolirizimi əsərin bədii gücünə xələl gətirdiyi də məlumdur. “Tənha narın nağılı”nda Yaqub, Qubad, Sadıq, Gülşən kimi real obrazlar yaradan, yeri gələndə qəhrəmanlarının psixoloji aləmini açıb ortaya qoyan, Qubadla Sadığın hər gecə evində paltarını soyunarkən kölgəsi həyət divarına düşən Gülşənin göstərdiyi “kino”ya maraqla baxması kimi maraqlı hadisələr yaradan yazıçı qəfildən bir ağac haqında dastan danışır, lirik ricətlərlə oxucunu reallıqdan uzaqlaşdırır. Bəzən bu ricətlər o qədər süni olur ki, oxucunun bu yerdə yazıçıya “Bəsdir də, gopa basdın!” deməyi gəlir.

Əkrəm Əylisli “Adamlar və ağaclar” adlandırdığı trilogiyasında, “Gilənar çiçəyinə dediklərim”də  olduğu kimi bütün əsərlərində ağaclara geniş yer ayırır. “Gülü paltar mövsümü”ndə demək olar ki, Azərbaycan florasında olan bütün bitkilərin adını çəkir. Onun əsərlərində bitkilərə, xüsusilə ağaclara bu qədər yer ayırması səyahətsevərlər üçün səyahət, macəra janrında əsərlər, fantastikasevərlər üçün fantastik əsərlər, detektiv həvəskarları üçün detektiv əsərlər maraqlı olduğu kimi yalnız bir qrup florist oxucu üçün maraqlı olardı. Amma bitkilərə xüsusi bir marağı olmayan oxucu üçün ağaclar haqqında uzun-uzadı yazılar heç bir əhəmiyyət kəsb etmir.

Onun əsərləri reallığı, sentimentallıqdan uzaq qəhrəmanları( təəssüf ki bu cür qəhrəmanlar azdır) ilə daha maraqlıdır. Bu cür praktik, real, “sentimental ənlik kirşan”la bəzədilməmiş qəhrəmanlardan biri də Əlmuraddı. O müharibədən sonra kəndə qayıtmayıb. Kənddə hamı onu ölmüş hesab edir. Lakin bir gün axşamçağı qapı ağzına yığışıb qeybətləşən arvadlar uzaqdan bir kişinin gəldiyini görürlər. Bu Əlmuraddı. Arvadı onu görməyinə heç sevinib eləmir də. Arvadlara yaxınlaşan Əlmurad arvadını da bu qadınların arasında gördükdə “Ə, sən də burdasan? Elə o vaxtdan (yəni müharibədən qabaq) burdasan?”  deyib ayaq saxlamadan evlərinə sarı gedir.

Yuxarıda Bakıdan nahaq danışmadım. “Güllü paltar mövsümü”, hekayəsində, “İşığını əsirgəmə”, “Bağdada putyovka var”, “Yas yerindən reportaj”, “Ağ dərə” povestlərində bir kənd həsrəti, kənd nisgili var. Bu əsərlərin qəhrəmanları kənddə nəsə qoyub gəliblər Bakıya, daima qəlblərində kəndlə bağlı xoş xatirələr gəzidirirlər. Bakıda həyatlarını qurduqları halda isti susuz, elektriksiz, hamamsız kəndi – Buzbulağı, onun insanlarını Bakıdan daha üstün tuturlar. Yalnız Ramazanın dayısı Bəhram və müharibədən qayıtdıqdan sonra bir dəfə də kəndə ayaq basmamış Rəfi şəhərin şəhər, kəndin kənd olduğunu anlayırlar, naşükürlük etmirlər. Onlar reallıqla barışıblar, Bakını, şəhər həyatını bütün çətinlikləri ilə qəbul ediblər. Bəhramla Rəfi elə bir suyumundan Kerri bacı obrazına da bənzəyirlər.

Əkrəmin qəhrəmanları bir uşaq ümidi ilə bir gün kəndə qayıdacaqlarına inanırlar. Onlara elə gəlir ki, illərlə qəlblərində yaşatdıqları bu xatirələr Buzbulağa dönən kimi yenidən cücərəcək və həmən ev, həmən ağaclar, həmən kolxoz, həmən zəmilər hələ də yerindədirlər, necə var elədirlər, heç bir dəyişiklik baş verməyib, əl ayaqlarını sallayıb  onların kəndə qayıtmağını gözləyirlər.

Əkrəm bir zamanlar kənddən Bakı adlı bu şəhərə ayaq açmış, burada oxuyub işləmiş, evlənmiş, həyatını qurmuş, yaşlanandan sonra isə daha Bakıdan alacağı bir şeyi qalmadıqda bekar vaxtlarında sərin, şirin kənd xatirələrini yada salaraq yaşayan insanların yazıçısıdır. Çünki bu insanların kənddə aradıqları hər şey Əkrəm Əylislinin əsərlərində var. Hətta gilənar çiçəkləri də.

1 səs2 səs3 səs4 səs5 səs (Səs verilməyib)
Loading ... Loading ...

1 Şərh var
Şərh yazın »

  1. Yazida ‘Kerri baci” ile muqayise yersiz verilib bu da yazinin butun ruhunu oldurur.muellif basqasinin eserlerinin ruhunu tenqid elesede oz yazisinin ruhunu oldurub.Duzdu”Kerri baci” boyuk sehere gelib sohret tapir(Mueelif Cikaqo seherini gosterir amma kerri Nyu Yorkda sohret qazanir..)Amma is orasidi ki hec Kerride boyuk Nyu Yorkda xosbext olmur,san-sohrete,zenginliye nail olsa bele!
    Ne olsun ki dogulub boye basa catdigi kendi ucun darixmir…
    “Kerri baci” eserini oxuyan her-hansi bir oxucu bu sehvleri aydin gorer,hele lap istesen Ekrem Eylislinin boyuk seherde xosbext olmamagina haq da qazandirar..
    Bu cur kobud sehvler etmekle Ekrem Eylislini tenqid etmeye girismek yersizdi…

Şərh yazın