Mövlud Mövlud. Əkrəm Əylisli Haqqında

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 12 Ağustos, 2009

1 60- cı illər Azərbaycan nəsrinin istedadlı imzası Əkrəm Əylislinin 90-cı illər jurnalistikasının istedadsız nümayəndəsi Könül Şamilqızı və arkadaşlarına verdiyi (mediaforum.az) müsahibə məni Əkrəm bəyin yazılarını yenidən vərəqləməyə, yazdıqları və şəxsiyyəti haqda ətraflı düşünməyə həvəsləndirdi.
Yazıçıya verilən suallar nə qədər bəsit, yalançı müxalifətçilik ruhunda, ucuz jurnalist marağında və bədiilikdən uzaq olsa da, o özünəməxsus cavablarla müsahibəyə nəfəs verirdi. Müsahibə haqqında bir az sonra.
Əvvəlcə onu deyim ki, Əkrəm bəyin obrazın dili ilə Əbülfəz Elçibəyi “Keçibəy” adlandırdığı, finalında Markesin “Yüz ilin tənhalığı” na ürəkdən və ərklə (öz malıymış kimi) müraciət etdiyi “Ətirşah Masan” romanı başdan ayağa saxta, bəsit və quramadır.

Sovet dövrünün yazıçısının yeni əsrin başlanğıcında ədəbiyyatımızda baş verən ədəbi-estetik yenilənmə ilə ayaqlaşma ehtirasının ürəyindəkiləri səmimiyətlə yazmaq şövqünə (yəni ədəbiyyatın birinci şərtinə) qalib gəldiyi əsər yazıçının ən uğursuz qələm təcrübəsidir deyə bilərik.

Sovet dövründə yazdıqları, xüsusən “Gilənar çiçəyinə dedikərim və “Kür qırağının meşələri”ni yeni tipli nəsrimizin ən maraqlı nümunələri sırasına aid edə bilərik. Bütün yazıçılarda olduğu kimi Əkrəm bəy də müəyyən mənada qəhrəmanlarına- Qədirə (“Kür qırağının meşələri”), Qələndərə (“Gilənar çiçəyinə dediklərim”), Sadıxa (“Adamlar və ağaclar”) bənzəyir.

Bəzən cığal və davakar, bəzən sadəlövh, kövrək və s. Əsərlərinin dili çox cilalıdır. Yazıçıda əsas mətndir. Elə yazıçı var dili yaxşıdır, amma mətni qura bilmir.

Dili quru, hətta köntöy olan böyük yazıçımız Sabir Əhmədli bütöv mətn yazmağın ustasıdır. Əkrəm Əylislidə mətn ürək kimi döyünür. Bəzən bütöv bir povestdə bir dənə də artıq söz olmur. Hər şey gözəl dillə və peşakarlıqla yazılır. Bu məsələlərdə biz hamımız ondan öyrənə bilərik.
“Azərbaycan” jurnalında göstərdiyi xidmət  uzun illər yaddaşlardan silinməyəcək. Böyük səxavətlə çap elədiyi Ağamalı Sadiq Əfəndi, Ramiz Rövşən, Vaqif Cəbrayılzadə və s. imzalar sonralar ədəbiyyatımızın ünlü simalarına çevrildilər.

Arada vaxtilə çap elədiyi, kitablarına ön söz yazdığı Ramiz Rövşən, Anar-Əkrəm qarşıdurmasında birincinin tərəfini saxladığına görə aralarında söz dueli də olmuşdu. Əkrəm Əylisli demişdi: “Mənim bir povestimi silkələsən içindən beş-altı dənə R.Rövşən tökülər”. Bir az yuxarıdan deyilmiş olsa da, prinsipcə düz fikirdir.

Yəni Əkrəm Əylisli və Ramiz Rövşən ədəbi-estetik baxımdan bir-birinə çox yaxındırlar.
1992-ci ildə istedadlı və savadlı alim (siyasi mövqeyini qətiyyətlə rədd etmək şərti ilə) Nizami Cəfərovun “Ədəbi-Tənqid” jurnalında dahi yazıçımız İsa Hüseynov Ramiz Rövşən haqqında “pompeznıy”, Əkrəm bəyin haqqında isə “onun povestuşka” ları fikrini işlətmişdi.

Nəzərə alsaq ki, bu fikirlər “Tütək Səsi”nin müəllifinə məxsusdur (“İdeal”ın adını çəkmirəm, dilim-ağzım yanar), onda Ramizin və Əkrəmin halına acımaqdan başqa çarəmiz qalmır. Bunların ikisinə də böyük yazıçı olmaqda maneçilik törədən elə İsa müəllimin bildiklərini- yəni metafizikanı, orta çağ Şərq simvolikasını , türklərin epos təfəkkürünü bilməməkləridir.

İsa Hüseynov eposdan gəlir, Əkrəm Əylisli isə nağıldan (Əsərlərinin adındakı nağıl sözü, dilindəki nağıl şirinliyi və s.). Ümumiyyətlə, yazıçı nə qədər qədimdən gəlsə, o qədər yaxşıdır. Dostoyevski “İncil” mətnlərinin ruhunun hesabına dünyanı fəth etmədimi?
Günümüzdə Orxan Pamuk Nizamidən, qədim sufi mətnlərindən, C. Rumi, Ş. Təbrizi əhvalatlarından çıxmadımı?
Siyahını uzatmaq ləzzət edərdi, amma vaxt yoxdur.

Və nəhayət gəldik çıxdıq müsahibəyə.

Müsahibənin bir yerində Əkrəm Əylisli ümumilli lider Məmməd Əmin Rəsulzadəni Rusiyanın adamı saydığını deyir. Ya, Əkrəm müəllim, Mövcud  Rejimin istibdadının parlamentində sükuta qərq olmusunuz.
Tamam. Yaşlı kişisiniz,  yuxarıda yazmışdım, zatən təfəkkürünüzün bəsitliyindən axirətə inanmırsınız. Ona görə də ahıl vaxtınızda oturub fransız çaxırı içmək istəyirsiniz, nə olar, için. Zatən tarixdə qəhrəman olmayan dövrün idarəçilərinin sevimlisi olan sizin kimi istedadlı yazıçılar çox olub. Amma bütün ömrünü bu millətin uğrunda şam kimi əritmiş, bütün ömrünü məhrumiyyətlər, təqiblər, təzyiqlər və xəstəliklər içində keçirmiş bir KİŞİ haqqında, sizin qarşısında susmağa məcbur olduğunuz hokumətin komunist babalarına əyilməyən Məmməd Əmin bəy əfəndi haqqında belə şeylər  deməyin!

Özü də kim- Məmməd Əmin, rusun adamı. Rusun adamı kimdir və rusun köməkliyi ilə kim milli hökumətə qarşı qiyam təşkil edib – bunu hamıdan yaxşı siz bilirsiniz, Əkrəm bəy!
Cəsarətiniz varsa, onu deyin, yoxdursa, gözəl əsərlər yazın, müsahibələrdə də ancaq mətndən danışın. Çünki ən yaxşı bildiyiniz mövzudur. Bu mövzuda çox peşakarlıqla danışa bilərsiniz… Sizi, istedadlı yazıçımızı səmimiyyətlə bağrıma basır və “Daş yuxular” romanınızı səbirsizliklə gözlədiyimi deyirəm.

İlk tanış olduğumuz gün uşaqlara məni göstərib dediyiniz sözü – üstündə durun, yazsın – xatırlayıram. Yazın, Əkərm müəllim, yazın. Bu ölkədə yazmağı bacaran 5-6 adamdan biri olduğunuza görə mütləq yazın!
Bir az yekəxana çıxdı deyəsən.
Hamısı sevgidən və yanğıdandır. Bir də ağılsızlıqdan…

1 səs2 səs3 səs4 səs5 səs (4 səs, hardasa: 5,00 ilə 5 arası)
Loading ... Loading ...

10 Şərh var
Şərh yazın »

  1. Mövlud bala, başını başlara qatma. İşinlə məşğul ol.

  2. Mövlud, ikisindən biridir – ya biz az bilirik, ya Əkrəm bəy çox bilir…)

  3. Bir bahar küləyi əsdi, bir dağ bulağı çaöladıı, şəffaf sulu bir çay axdı… Obyektiv, tənqidi düşüncəli bir cavanın ilk dəfə oxuduğum yazısı məni sevindirdi. Ədəbiyyatımızın axrını doğru istiqamətdə yonəldəcək gənc nəslin nümayəndəsini görmək çox xoçdur. Çünki bu gələnək, yaxud ənənə deyilən bağlılığın qırılmayacağna, ədəbiyytımızın, həm də də ictimayi-əxlaqi düşüncəmizin doğru yolla gedəcəyinə inam yaradır. İlk addımlarını atan gəncliyin qartımaqda olan qocalardan daha müdrik olması, obyetivliyə can atması sevindiricidir. O məqələdən mənimdə xəbərim var, gənc bir adamın cavab verməsi bəlkəə daha məsləhətlidir. Atalar demişkən, uşaq uşaqlığı ilə ağlı kəsirsə, yaşlı böyüklər fikirlərində daha diqqətli olmalıdırlar.
    Azərbaycanda at oynadan PPk-cılara, erməni yeznələrinə göz yumub, vur-tut 20 il içərisində qaragüruhçu kütlədən millət, millətdən xalq, xalqdan dövlət yaratmış M.Ə.Rəsulzadəni kiçltməklə kimlərisə böyük göstərmək ağsaqqala da, ziyalıya da yaraşmaz. O bisavad, yaltaq məmur sənətidir. Rəsulzadə Lenindən, Stalindən, Trotskidən də həm milli azadlıq hərəkatının nəzəriyyəçisi kimi, həm də qurucusu kimi üsütün idi. Onun ötən əsrin 20-ci illərində yaratdığı demokratik sistemə Avropa dünyası indi yaxınlaşır. Kökümüzə balta çalmağın nə mənası varmış ki?!
    Mövlud Mövlud! Yaxşını da, ymanı da görə bilmək, bir-birindən ayırd etmək, mərdlik və cəsarətdən əlavə, ağıl və istedad da tələb edir! Gözəl imzanı uğurlu yazılarınla daha da gözəlləşdirməyi arzulayıram.

  4. Qəlbinin belə hisslərlə döyünməsinə və cəsarətinə əhsən!

    Yazının sonuncu iki cümləsinə:”Ürək yandığı, beyin qandığı, insan inandığı, sevgi çağlandığı anda gözəldir” Məsud Əlioğlu.

  5. babatdır.Ramiz Rövşən haqqında İsa Hüseynovun dediklərini qeyd eləməyinizi yersiz hesab edirəm.Səmimi olduğunuza inanmaq istəyirəm.Digər yazılarınızı da oxumaq istərdim.

  6. Mövlud son vaxtlar aktivləşib. Son hekayələri və bu yazısı da xoşuma gəldi. Mövlud qəlbən inandığı şeyləri yazır və səmimi- qəlbdən yazır. Əkrəm Əylisli haqqında dediklərinin də əksəriyyəti yüzəyüz doğrudur. Uğurlar, qardaş!

  7. Ay Mövlud, bacı qurban, çoxmu düşündün bu yazını yazanda?
    Bu bilirsən nəyə oxşadı – yeni çıxan müğənnilər məşhurlara söz atıb onun vasitəsilə məşhur olmağa can atırlar haaa, hə, bax ondan-)))
    Kimdə işiviz olur-olsun, amma nolar, Əkrəm müəllimdə işiniz olmasın da, mən onu elə çox istiyirəm ki.

  8. Movlud, biraz boyu, sonra…
    Senin yazini oxuyan az qalir Ekremi sevsin

  9. Mövlud, Oxu!
    Mövlud Yaz!
    Mövlud Oxu!
    Mövlud Yaz!

    Imza- Üstündə duran.

  10. Konfutsinin bir sozu var:Bildiyini bil,bilmediyini bilme, amma bilmediyini deme ki bilirem. Movlud Movlud Movlud Movlud…….isteyirsen nece dene Movlud qosh adinin qarshisina,Ekrem Eylislinin tokulen ag saclarinin bir denesine de deymezsen.