Zümrüd Yağmur. Hekayə.

Yazar: Admin | Bölmə: Proza | Tarix: 21 Kasım, 2009

zumrudQadın. Azadlıq. Ölüm…

Əri səfərə çıxırdı. Qısa səfər olacaqdı əri üçün. Amma qadın üçün bu səfər bəlkə də gəlişi olmayan gedişdi… Sevib sevdiyini, onun yanında xoşbəxt, ya da bədbəxt, ya da rahat, güvəndə olduğunu anlayacaqdı. Kişi bütün bunlardan xəbərsizdi, amma qadın həyacanla tək qalacağı zamanı gözləyirdi…
Səfərə çıxan çıxacaqdı, amma qadın kişidən sonra ruhunun hansı səfərə çıxıb, hansı sahildə bənd olacağını bilmirdi. Uzun illərdi özündən ayrı düşmüşdü, daha doğrusu, özü deyə bir şey qalmamışdı, hər şey adiliyin qanunlarına elə tabe olmuşdu ki, başqa yaşamaq formasını unutmuşdu, sıradan, qeyri adi düşünməkdən belə qorxurdu, son vaxtlara qədər… Çünki ardından depressiya, ərininsə bezginliklə “giclik” adlandırdığı hal gəlidi.  Ona görə düşünmürdü, sadəcə həyatını gündəlik deyilən işlərlə ötürməyə çalışırdı…
Həyat nə idisə, ondan kənarda idi…
İndisə o ərindən kənarda olmaq haqqında düşünürdü, illərin yaratdığı vərdişlərdən qopmaq, həyatını, həyacanlarını adilikdən qurtarmaq istəyirdi…
O güzgüdəki əksinə sevimli-sevimli gülümsəmək istəyirdi…
O güzgüdəki əksini sevmək istəyirdi…
O güzgüdəki əksindəki yorğunluq və üzücülüyə nifrət edirdi..
O bütün bunlara təkcə ərinin səbəb olduğunu da düşünmək istəmirdi, sadəcə ərinin yanında həyatla üzbəüz dayana bilmirdi. Çarpışa bilmirdi, kiminsə arvadı kimi qəlbinə vurulmuş qandallar onun qadınlığını əzib arvadlığın köləsinə çevirmişdi…
O, qadın olduğunu xatırlamaq istəyirdi. Qoy kimsə bunun fərqində olmasın, kimsə onu anlamasın, görməsin, amma güzgüdən ona qadın olan biri boylansın…
O bunun həsrətini çəkirdi…
O vardı… sadəcə unudulmuşdu.
Kişi səfərə çıxırdı, bir şey anlamadan…
Qadınsa həyacanlı idi…
O bu üç gündə özünü anlaya biləcəkdimi, nə istədiyini qətiləşdirəcəkdimi… İndi lazım olan bu idi…
Qapı açıldı. Kişi sağollaşıb tələsik adımlarla uzaqlaşdı. Qadın uzun müddət qapıda dayanıb ərinin addım səslərini dinlədi. Dalından. “ görəsən ərim mənim üçün axırıncı dəfə nə zaman darıxıb” düşüncəsinin içinə doldurduğu kədərin qarşısını ala bilmədi və bu hala nifrət edə-edə qapını bağlayıb mətbəxə keçdi. Axı o niyə ərinin onun üçün darıxmamasını, sevməməsini, anlamamasını, dəyərləndirməməsini, daha nə bilim nələrsə düşünəndə kədərlənməli idi. Əri həyatını bunlarsız, sadəcə sakitlik deyə bir şeyin mövcudluğu ilə qurub yaşayırdı, nədən o həyatını bir kişinin ona bəslədiyi, ya da bəsləmədiyi hisslərdən asılı etməli idi…
Qadın bundan qurtulmalı idi. Onun həyatını ərinin düşüncələri, ona münasibəti yönləndirməməli idi…
O həyatına sahiblənməli idi…
Kimsənin təsiri, kimsədən gözlənti olmadan…
İndi onun üçün bu azadlıq demək idi və o bu azadlıqla nə edəcəyini hələ bilməsə də, həyacanlı idi…
Qadın bu azadlıqdan illər öncə elə asanlıqla imtina edib ərinin köləliyini qəbul etmişdi ki, sanki bununla rahatlıq əldə edəcəyini düşünmüşdü, amma o verdikcə əri alıb istismar etmişdi, nəticədə o bu hala gəlmişdi…
İndisə onun köləliyinə alışmış ərinə nə onun köləliyi, nə fədakarlıqları, nə arvadlığı, nə insanlığı, nə də həyacanı lazım idi…
O bir heç idi, ərinin bir baxışı ilə əhvalı pozulan, ən kiçik arzusunu böyük bir “savaşdan” sonra,  artıq həvəsdən düşmüş halda əldə edən, ən kobud işləri görüb qabalaşan əllərinə baxıb köks ötürüb ərinin sadəcə nəsə demək xatirinə dediyi sözləri dinləyib ciyinləri düşmüş şəkildə yeriyən biri idi… O özünü çoxdandı sevmirdi. əzizləmirdi, məmnun olmurdu, sevinmirdi, hətta  özünə məxsus kədəri də yoxdu onun…
Qadın ancaq onun olan kədəri duymaq istəyirdi, ancaq onun …
Heçlikdən hər şeyə məsafə nə qədər idi, bunu bilmirdi,  bəlkə heç yoxdu bu məsafə. Bəlkə heç, hər şey deyə bir şey də yoxdu, amma qadın daha olduğu kimi olmaq istəmirdi, onin üçün hər şey olan bu idi…
Qadın bütün günü dincəldi, niyə? Bilmirdi. Sanki gecənin düşməsini gözləyirdi, hər şey gecənin qaranlığında tənhalığında, səssizliyində, soyuqluğunda gizlənmişdi, bu gecə onun ilk gecəsi olacaqdı, özünü unudandan bəri ilk gecəsi olacaqdı ki, tək oturub tənhalığını düşünəcəkdı, kədərini axtaracaqdı. İçindəki kimsəsizliyə sarılıb yatacaqdı, yanacaqdı, öləcəkdi, sabah yenə yenidən diriləcəkdi…
Amma bütün bunlar o zaman olacaqdı ki, qadın əri üçün darıxmadığını hiss edib əmin olacaqdı…
Bu, Azadlıq idi…
Xoşbəxtlik yox…
Azadlıq…
Hər Azadlıq insanı xoşbəxt etmir…
Hər xoşbəxtlik insanı azad etmədiyi kimi…
Qadın Azadlıq istəyirdi daha… Xoşbəxtlik deyə bir şey yox…
Qoy əzab olsun o Azadlıqda…
Qoy kədər olsun…
Qoy Tənhalıq olsun…
Qoy təlatümlər, fırtınalar, göz yaşı, nisgil olsun…
Qoy adilik, bəsitlik, sakitlik olmasın…
Qoy üsyan olsun!
Qadın edama hazır idi…
Hər şeyi onun olsun, özü olsun, özünükü olsun…
Olanların köləsi olacaqsa qoy o Köləlik də özünün olsun!
Gecə gəldi, nisgili, kədəri, tənhalığı, soyuqluğu, qorxusu, məchulluğu ilə…
Qadın onu qarşıladı, hər şeyini yaşadı və yola saldı…
O, Azad olduğuna əmin idi…
Darıxmamışdı…
Kədərinin, nisgilinin nisgilini, tənhalığının tənhalığını, qorxusunun qorxusunu yaşamışdı, amma hər şeyi nəşə ilə yaşamışdı, həzlə deyil, insani, qadınlıq ruhu ilə sevincli yaşamışdı…
Günəşı başqa qarşıladı. Ərinin əhvalını duymadı, əhvalı pozulmadı, sözünü eşitmədi, sözləri acılaşmadı, şirin qaldı, gözləri laqeyidlik görmədi, parıltısını itirmədi…
Ərinə “ gəlmə, daha qayıtma” desinmi, yox, gələcəkdi, qayıdacaqdı, qadının dediklərini adi kapriz qəbul edəcəkdi… “Bəlkə də ölsə, yaxşı olar,” onda hər şey özlüyündə həll olunar, kimsələrə də iuzahat verməz, gəlib gedənləri yola salandan sonra bir o qalacaqdı, bir də özü… Amma fikri ona insani, əxlaqi gəlmədi, Azadlığının ilk gününə belə başlamaq istəmirdi, bu yenə kimsədən, hansısa düşüncədən, gözləntidən asılı olmaq idi… Nə olacaqdı, nə edəcəkdi… Əri ilə birgə öz  azadlığını qoruya biləcəkdimi…
O getsinmi… Yox. Gedəcəyi məkan yoxdu, bu illər ərzində azadlığı üçün hazırlanmamışdı… Bəs nə etmək…
Qadın qalxdı. Geyinib güzgünün qarşısına keçdi. Özünə gülümsündü…özünü gənc hiss etdi və bundan duyduqlarına, düşüncələrinə Azadlıq verdi, düşündü, həyacanlandı, sonra da saçlarını kürəyinə atıb qapıdan çıxdı.
Hər şey gözəldi, o bunun fərqində olduğuna elə sevindi ki, hətta kövrəldi, illər uzunu bunu duymadığına görə təəssüf hissi onu incitdi, amma buna ilişib qalmadı…
Günəş ona, o günəşə gülümsünürdü…
Həyacanlı idi, küçəni keçməyə tələsdi, yanından ötən maşın da onun kimi tələsirdi deyəcən, kimsə bir-birini gözləmədi, qadının son hiss etdiyi ona dəyən ağır zərbə oldu…
Qadın Azadlığının ilk günü öldü…

1 səs2 səs3 səs4 səs5 səs (4 səs, hardasa: 4,25 ilə 5 arası)
Loading ... Loading ...

11 Şərh var
Şərh yazın »

  1. Xoşuma gəlmədi! Çox tələsik yazılıb. Belə təsəvvür yaranır ki, müəllif yazıdan canını daha tez qurtarmaq haqqında fikirləşdiyindən cümlələr çox pinti alınıb. Ciddi redaktəyə və korrekturaya ehtiyac olduğu o saat nəzərə çarpır. Hər halda düşündüklərimi yazdım. Yəqin ki, Zümrüd xanım inciməz. Daha gözəl yazılarınızı oxumaq ümidiylə uğurlar arzulayıram!

  2. Elə ilk cümlədə, antiestetiklik, naxoş qoxu vurdu məni, daha oxuya bilmədim. “Əri səfərə çıxırdı”. A belə başlanğıc olar?! Xanım, siz “ər” sözündən iyrənmirsiniz? Ər məncə çox iyrənc, olduqca qeyri-ədəbi və son dərəcə qeyri-bədii, bir kiç sözdür. Çox uğursuz başlanğıcdı.

    PS. Bu nə xəstəlikdi ilahi, hamı yaradıcılıq hərisinə dönüb, biri yazır, biri oxuyur. Hamı şair, hamı yazıçı, hamı sənətçi olmaq istəyir bu ölkədə. İstedadı olan da, olmayan da. Kitab oxuyan da, oxumayan da. Nə xəbərdi axı, nə olub e sizə?! A başqa iş yoxdu, a başqa peşələr pisdi məgər?

  3. Sara xanım, elə əri sözündən iyrəndiyi hekayə boyunca hiss olunur, bir qədər diqqətli, qərəzdən uzaq olsaydınız bunu hiss edərdiniz… Digər yandan mən ədəbiyyatda indi deyiləm, 90-cı illərin əvəlindən yazıram, ya siz kişiksiniz, ya da oxumursunuz, amma bu sizin işiniz… elə zəif yazılara təriflər görmüşəm ki, bu yazıya zəif deyilməsinə caşmıram… Cünki mən yazılarımı tanışlıqlar üzərindən deyil, ədəbiyyat üzərindən oxucuya catdırıram, indi ədəbiyyat dostların badə qaldırması kimi olub, kimi tanıyırlar, ucuz təriflər, kimi tanımırlar, zəif yazı olur. Ona görə mən burda yazılan şərhlərin cox hissəsinin xarakterini bilmədiyimdən o qədər də nigaran olmuram… Kimlərsə qərəz, dostluqlarında, mənsə yazmağımda olsam daha yaxşı olar.

  4. Zumrud xanim, bu hekayenizi verin Esed Cahangire yaxsi redakte elesin. Sizin cox ciddi yazi yazmaq probleminiz var. Incimeyin dostyana dedim.

  5. Salam. İndi poeziyamızda yeni ürəkağrıdıcı bir olay yaranıb; biri birinin yazısına irad bildirir (haqlı olaraq), iradın hədəfi isə irad bildirənin yazılarını axtarır və oxumadan yazıya mənfi qiymət verir. Söhbət Zümrüd xanımdan getmir, ümumiyyətlə rast gəlmişəm…
    Zümrüd xanım, sizə “yazma” deyən yoxdur ki. Sadəcə, yazılarınıza oxucular irad bildirir də. Siz əminsinizmi Sara xanım “Nə xəbərdi axı, nə olub e sizə?! A başqa iş yoxdu, a başqa peşələr pisdi məgər?”-deyəndə sizi nəzərdə tutur? Buna əminsinizmi? Şairi şair, yazıçını yazıçı eləyən oxucu deyilmi? İndi nəzərə alın ki, sizə iradları da məhz oxucu bildirib. Hörmətlə yanaşmaq lazımdır. “…mənsə yazmağımda olsam daha yaxşı olar.” kimi ifadə dedikcə pis məna verir
    Sizə yeni-yeni uğurlar!

  6. “Mən inkarçıyam, bununla da fəxr edirıəm” prinsipi ilə şərh yazmaqdansa, məncə, oxuduğunu təhlil etməyə çalışmaq daha məntiqi olardı. Bu hekayəyə şərh yazanların heç birində onu duymaq, analiz etmək, yazara obyektiv irad bildirmək cəhdi görmədim. Təəssüf edirəm. Sara xanım, görünür ki. siz müasir ədəbiyyatın yazıçıya verdiyi sərbəst duşüncə tərzindən xəbərsizsiniz (buraya əsəri necə başlamaq tərzi də aiddir).
    Hekayə mənə “Rouzların müharibəsi” filmindən bir epizodu xatırlatdı. Lakin orada ərinin ölə biləcəyini eşidərək qadının buna sevinməsi bir anda baş qaldlrlrsa, Zümrüd xanımın yazısında bunun dərin psixoloji köklərinin olduğu açıqlanır. Muasir cəmiyyətimizdə həqiqətlə üz-üzə durmağı bacaran çox qadın əsərin qəhrəmanının simasında özunu görə bilər. Problem aktualdır, geniş müzakirəyə ehtiyac var.
    İradım və istəyim: Sonluq bədbindir. Azadlıq ölüm doğurmamalıdır. Doğrudur, belə hallar da istisna deyil. yazıçı da seçimində sərbəstdir. Ancaq problem dərin köklərə dəyanırsa, onun həlli yolu da olmalıdır. Bunu ədəbiyyatın bəşəri qanunları tələb edir. Uğurlar arzulayıram. Zövq aldım.

  7. Etimad bəy, sizin “dostyana “yazdığınız məsləhətə ancaq onu deyə bilərən ki, mən Zünmrüd xanımın o qədər ciddi yazılarını oxumuşam ki, hətta onlardakı dərin mənanı anlamaq ücün bir necə dəfə oxumaq lazım gəlir. Yazıcını Cabid haqqında monoqrafiyasını oxuyanda mən heyrətlənmişdim, sizə də tövsiyyəı edirəm, onda bilərsiniz ki, elə burda boş yazıların altına yazdığınız palaz-palaz təriflər boşdur. Bu yazarın “azadlıq” qəzetində esselərini də oxumuşam, cox dərin, ciddi yazılardır. Sizin özünüz ciddi şərhlər yaza bilmirsiniz, ciddi kimdi, müasir ədəbiyyat deyib söz yığını yazanlar.
    Elməddin bəy siz desəniz də Zümrüd xanım yazacaq, cünki bizim indiki ədəbiyyatda bir-iki ciddii yazar varsa onlardan biri də Zümrüd xanımdır. o ki, qaldı Sara xanımın iradına, əgər Zümrüd xanıma aid deyilsə, qoy onu boş yazıların altinda yazsın, bu yazının yox. Yazıya gəlincə məncə buradakı tələskənlik ittihamı yersizdir, cünki yazar elə qəhrəmanını tələsdiyini , azadlığına tez qovuşmasını istəyir, elə bu tələsmənin də qurbanı olur.buna diqqət etmək lazımdır. ikincisə ölümə gəlincə bunu əslində cəmiyyətimizin bəlası hesab edirəm, doğrudanda qadınlarımız belə azadlıq yoluna girmək istəyəndə cox zaman cismən də olmasa, mənən məhv olur. Bu bizim reallığımızdır.

  8. Hörmətli Nigar xanım, şərhinizdə az qala şərh yazanların hamısının adın çəkmisiniz. Əzizim, biz Zümrüd xanımın başqa yazıların oxumamışıq ki. Hər halda, şərh yazanlar yuxarıdakı hekayə əsasında yazıblar. Fikir bildirmək, irad bildirmək, o demək deyil ki, hörmətsizlik etməkdi. Yazıçı və ya şair oxucu iradlarından nəticə çıxarmalıdır. Bunu da nəzərə almaq lazımdır ki, başı çıxmayanlar girib şərh yazmaz. Bütün fikirlərə hörmətlə yanaşmağınızı xahiş edirəm. Əgər söhbət BİZİM ədəbiyyatdan gedirsə, əlbətdə istedadlılara quyu azmaq fikrində deyil heç kim. (təbii ki, damarında azərbaycanlı qanı axırsa) Zümrüd xanımın istedadına kim şübhə edirsə, həmin həmin şübhələri Zümrüd xanım bacarığı ilə dəf etməlidir. Hələ Zümrüd xanımın uğurları irəlidədir.
    Məmməd Arazın istedad haqqında yazdığı şeir yadıma düşdü:

    Doğar ürəkli ağıl,
    Ağıllı ürək onu.
    Bəzən bu gün itirər.
    Tapar gələcək onu.
    Onu bir damla kimi
    Dənizə tullasalar,
    Damlalarla birləşib,
    Dağ yıxan dalğa olar…

    Buna inanmamaq olmaz. İstedad-Allah vergisidir, istər-istəməz meydana çıxacaq. Uğurlu gələcək arzularıyla Elməddin Mətləbov…

  9. Zwmrwd xanim, yazici her hansi tenqide dozwmlw olmalidir. Yeqin oxuduqunuz filologiya fakwltesinde bunu Size oyretmemish olmazlar. Az-cox Sizin felsefi dwshwnceleinize beled olduquma gore, derine getmeden Size sebr arzulayir, amma Bashkecidin dediyi ile razilashiram. Eyni zamanda qeyd edim ki, deyesen yazinin obyektini taniyiram. Siz kishilere qarshi bedgwmanliqinizdan el cekin. Belke onda ciddi ittihamlardan uzaq qaldiniz. Bunu Size telebe heyatini eyni illerde kecirmish dost kimi deyirem(bu fikrimde bir qeder zarafat ola biler)/ Size uqurlar/

  10. Mən “Depressiya” adlı hekayəmi yazdıqdan sonra bəzi dostlar “bu qadının sonrakı taleyini də yaz yaza bilərsənsə” dedilər…amma üstündən iki il keçdi və mən Afaq Məsudun “Qəza” hekayəsində öz qəhrəmanımın 5 il sonrakı taleyini gördüm…Zümrüd Yağmurun hekayəsi isə elə həmin qəhrəmanın daha beş il sonrakı həyatıdır ki beləcə bitir azadlıq deyilən illüziyanın qənşərində…
    Biz bir-birimizdən xəbərsiz olaraq eyni bir qadının 15 il ərzindəki yaşantılarını qələmə almışıq…
    Belə…
    Uğurlar, Zümrüd xanım!..

  11. - bu hekayəni və mənə qədər olan hekayyə haqqında yazılarıda oxudum. Əsərlə bağlı bir çox ittihamlar, o cümlədən redakde olasının vacibliyini yazanlar hər halda yanılmırlar və bunları nəzərə alması lazımdır… Mən bunları gözardı edərək hekayyənin mövzusunu, fəlsəfəsini və yazıçı təxəyyülünü dərk etməyə çalışdım… açığı mövzu məni qorxutdu… qadın hislərini anlamaq, onun özgürlüyünü duymaq… yanılmıramsa Zümrüd xanım bunudan bəhs etmək istədi… ama bu yazıların altında bir qadının üsyani, fəryadı var… həyatın bir anını ilə bütün bir həyatı təsvir edib!
    PS: Bir gün psixiyatr dostumun yanına getmişdim. Otağında divardan asılan bir şəkil diqqəyimi çəlb etdi. Bu şəkil söhbət boyu mənin diqqətimi yayındırıdı.
    Dostum bunu fark etdi və mən heç bunu gözləmədən dedi:
    - Nə hiss edirsən o rəsimdən?
    Ürəyimdən oldu bu suall. Hər şeyi buraxıb, bütünlüklə rəsimdə olan dünyaya girməyə çalışdım.. Qarışıq rənglər, anlamsız cizgilər arasında bir bağ qurmağa çalışdım…. doğrusu heçnə alımnırdı. O zanada bir az şəxsi problemlərim var idi…
    Dedim:
    - Xaos və onu içində çırpınan insanların hisləri və fəryadı… buna eşlık edən təbiətin dört rəngi… ama nu nə Dali kimi deyil, çox farklı çəmiyyətin təsviridir
    Dostum ciddi halda söylədi:
    - sənin problemin nə?
    Sonunu yazıram. sən demə bu binanı rəngliyən zamanı hər gün iş bitəndə rəng şotkaları xarab olmasın deyə təmizləmək lazım gəlirmiş. Onlarda hamısı işin sonunda şətkaların hamısını bir şəirdə verirlərmişki təmizləsin. Oda müxtəlif rənglərdə istifadə olunan şotkaları bir taxtaya sürtərək təmizləyirmiş. Mənim haqqında danışdığım o taxta parçası olub.
    PS. Bu hekayyənində elə olasından qörxdum öncə…

    Başarılar

Şərh yazın