Nurəngiz Gün. Şeirlər.

Yazar: Admin | Bölmə: Poeziya | Tarix: 08 Aralık, 2009

1YOL GEDİRƏM

Dodaqlarımda təbəssüm,
Bəbəklərimdə ümid və qürur,
İçimdə ağlamaq ehtiyacı…
Yol gedirəm, yorulanadək.

Saçlarımda rüzgarım,
Ruhumda ana laylası,
Başımda məğlub eşqim
Yol gedirəm, sinəm qaralanadək.

Ovcumda sirr,
Barmaqlarımda qabar,
Ürəyimdir… varım-yoxum
Yol gedirəm, saplağından qırılanadək.

Önümdə silsilə dağlar,
Sərt qayalar, soyuq dəniz
Qərib canla, bu tək cana, qürub çağı
Yol gedirəm, öləziyib saralanadək.

Arxamda sarp enişlər,
Çiynimdə Günəş tayası,
Ağuşumda Jaləm və titrəyişim…
Yol gedirəm, yol olanadək.

FIRLANĞIC

Bu balaca qız,
bu balaca gəlincikli
bu balaca qızcığaz
məndən sonra da
olacaq.
Bu balaca qızın könlünü oxşayanlar da olacaq,
Bu balaca qızın xətrinə dəyənlər də olacaq,
Bu balaca qızı sevib bəyənənlər də olacaq.
Bu balaca qız gəlin olacaq, yep-yekə ana olacaq.
Bu balaca qızın balaca-balaca doğruçu gəlincikləri olacaq.
Evi də olacaq, vargəl edəcək, vaxt tapınca gizlicənə ağlayacaq.
Divarlardan leşgər-leşgər qəm yükü, ayrılıqlar boylanacaq…
Evində, əlləri belində, bir hökmüran ər də dayanacaq,
bu leşgərin üstündən elə hey quylanacaq!
Bu balaca qız, bax beləcə qarıyacaq, nənə olacaq.
Aman Allah! Bağ-bağçası, qönçələri, bütün güllər solacaq!..
Bu balaca qızın toxunmayın qəlbinə!
Bir gün, bir gecə,
ömrün hansısa astanasının
hansısa bir sonuncu pilləsində
Elə
sonuncu dəfə durub dayanacaq.
Astananın başlanğıcında
başqa gəlincikli
başqa balaca qızcığaz
kəpənək donunda
qanad çırpıb fırlanacaq…

BOŞLUQ

Bomboş bir səssizlik,
bomboş…
Boşluqda nə sevgi, nə nifrət, nə səadət, nə hiss, nə səs!
Atlıydım. Bəs hanı? Qamçım vardı, bəs hanı?
Atım sizə qalsın. Qaytarın qamçımı!
Qamçılamaq istəyirəm
bu boşluğu!

AY LOLO

Ay lolo,
bir yağışa bulandım,
Ay lolo,
avara tək dolandım.
Ay lolo,
çək əlini başıma,
Ay lolo,
Heç ağlayıb dolandım?

Ay lolo,
Sevinəndim, güləndim,
Ay lolo,
bir sevgiyə büləndim.
Ay lolo,
Gül bağçamı aldılar,
Ay lolo,
yağış olub çiləndim.

Ay lolo,
Qurutdun bu dəryanı,
Ay lolo,
od hanı, büryan hanı?
Ay lolo,
tutuldu ki gözlərim,
Ay lolo,
İtirmişəm dünyanı.

Ay lolo,
İndi mən hara gedim?
Ay lolo,
haram var, hara gedim?
Ay lolo,
Qəribəm, bir yol göstər,
Ay lolo,
Hansı diyara gedim?

YADDAŞ YAPIŞQANI

Bir bu ağac idi, bir də kölgəsi.
Bir biz idik, bir də sınıq könlümüz.
Ruhumuzda çiçəklərin nəfəsi,
sinəmizdə nəhəng sevgi nəğməsi,
Bir də çörək idi… Gərək ki, bir nəməkdan idi,
bir baş da soğan.
Vəssalam.
…Süfrə diksinmişdi, duz dağılmışdı,
Çörək qupquruydu, soğan da acı.
Nəyimiz yandırdı ki,
Elə bu zaman
Əli baltalı gəldi, kəsdi bizim ağacı?!..

QUŞ, MƏKAN, ŞAİR VƏ VƏTƏNƏ DAİR AYDIN CAVAB

–    Hansı quş daha yaxşı?
–    Qaranquşdan, bayquşdan,
Darğa qarğadan başqa
Hamısı.
Ən sevgilisi –
mənim nəğmələrimi
“bub-bub” səsiylə titrədən
mənim ana məhbubum
fikirli, boynu bükük Şənəbub!..
–    Hansı məkan daha yaxşı?
–    Tikansızsa hisarı…
demək olar hamısı.
Ən dadlısı –
O məkan ki,
azadlıq qoxuyur onun
göylərində ab-havası.
Və Azadlıq havasının… küyü yox,
Özü gəzir təbəssümdə, gözlərdə.
–    Hansı şair daha yaxşı?
–    Şair doğulubsa, hamısı.
Yaltağından, taxtaürək,
saxtasından savayı!
Ən doğması –
ordensiz-medalsız
bizə qədər gəlib çıxan
Gözləri qəm dəryası
Qoca Şərqin
qoca, müdrik
dərdi füzun Füzulisi!
–    Bəs Vətən?
–    Köksümün eşq qübbəsinə,
Yaxasına toxunma! Ay uşaq…
Türkün eli böyükdür.
O Vətən ki,
basılmayır Ulusu!
Və İnsanı.

1 səs2 səs3 səs4 səs5 səs (Səs verilməyib)
Loading ... Loading ...

15 Şərh var
Şərh yazın »

  1. Sonuncu şeirinizdə ürəkaçan deyimlər var. Şəklinizə görə yaşınızın az olmadığı görünür. Bəlkə də, səhv edərəm, 35-40 yaş arasında olar yaşınız. (əgər səhv edirəmsə, dönə-dönə üzr istəyirəm) Bu yaş üçün yazılan şeirlərdisə, çox zəif şeirlərdi. Ancaq yeni addım atan şairə üçün “çox zəif” deməzdim.

    – Hansı şair daha yaxşı?
    – Şair doğulubsa, hamısı. <<<

    Bu misra gözəl cavab idi, davamında, gərək Füzulinin adını yazmayaydınız. Axı-Şair doğulubsa, hamısı-demisiniz. Elə o söz ordenə, medala-hamısına cavab idi… Hər halda, mənim fikrim belədi. İlk şərh yazdığımdan, bir az çətinlik çəkdim, ancaq öz fikrimi bildirdim. Ona görə "çətinlik çəkdim" dedim ki, şeirlərə şərh yazanlar çox istedadlı insanlardı, onların fikrini bilməmiş şərh yazmaq çətin idi.
    Sizə uğurlar! Bundan da gözəl şeirlərinizi oxumaq arzusuyla…
    Elməddin Mətləbov.

  2. salam.oxudum şeirərinizi.normal yazılardı.yaxşı fikirlər var…məsələn…
    Ovcumda sirr…xoşuma gəldi
    bu şeir də mənimdi…

    Baxırsan,baxışın dərin
    Qırışıb əynimdə köynək
    Ütüləyir köynəyimi
    Bir baxışıyla gözlərin…

  3. neden bele gozel sheirler yazan shairemizi az-az goruruk saytda? sehv etmiremse, ilk defedir buralara qonaq gelib…
    ugurlar
    “Yol gedirem” ve “Firlangic” sheirleri cox gozel, “Boshluq” ve “Yaddash yapisqani” – gozeldir )))

    ( hercend “…yep-yekə ana olacaq” ifadesinde ilishib qaldim )))

    http://www.simacan.azeriblog.com

  4. Adını eşidib üzünü(şəklini), görməmişdim. Deyilən qədər gözəlmişsiniz. Fırlanğıc şeiri içdən gəlmiş, gözəl.

  5. Yol

    Mən özümü öyrətdikcə bu sevdanın yollarına,
    Özümə də qəribədir fikrim mənim, arzum mənim.
    Hansı yola üz tutdumsa ya payızdı, ya da ki, qış,
    Gedib baharlı günlərim, dönmür daha yazım mənim…

    Bilirəm ki, uçurumdu,
    Bilirəm ki, addımlarım səhv düşəcək,
    Bilirəm ki, daha məndən üz döndərib qara bəxtim
    Heç üzümə gülməyəcək…
    Bilə-bilə mən bunları,
    O getdiyim uçurumu,
    Atdıgım səhv addımları
    Kiçicik bir ümidimə qurban verib
    Yol gedirəm!
    Bu yolu mən yuvasından ayrı düşmüş körpə quşun
    Gecə vaxtı yuvasına çatmaq uçun uçuşuna bənzədirəm!

    Hara gedir görən bu yol?
    Məni sənə çatdırarmı?
    Qurban verdim ümidimə mən hər şeyi…
    Görən, mənlə qovuşmaga səndə necə,
    Ümid varmı?
    -”Yox”-deyirsən…
    Onu bil ki, qəlbi təmiz, fikri təmiz olan bir kəs
    Butun dunya alt-üst olar, o heç zaman dara düşməz!
    Canlı-cansız hər nə varsa lap ömrü azalsa belə,
    Dünyanın dagılmagına azca ümid varsa belə,
    Gördüyümüz gül-çiçəyin hamısı da solsa belə,
    Saf sevgiyle sevən ürək-cənnət ətri verə bilən bir çiçəkdir,
    Bərabəri ola bilməz!
    Başqa qüvvə baxır ona, o heç zaman sola bilməz!
    Bax, bunlara inamımdı atdıgım o addımlara təkan verən…

    Yol gedirəm,
    Öz arzuma çatmaq üçün,
    Yol gedirəm,
    Günü günə satmaq üçün…
    Bilirəm ki vaxt gələcək, sözlərimi anlayıb sən,
    Bir gün geri dönəcəksən!
    Səni məndən alan yollar səni geri qaytaracaq.
    Məni sənə aparırdı həmin yollar,
    Səni mənə aparacaq!
    Oxuyacam üzündəki mənaları-qayıtmısan.
    Ovda heç nə ovlamayıb geri dönən ovçu kimi.
    Onda sənə-”Yox!”-deyəndə, sən özün də deyəcəksən:
    -”Yol gedirəm, məqsədsiz bir yolçu kimi!”

  6. Müəllifə uğurlar arzulayıram! Ancaq şeirlər xoşuma gəlmədi. (Demirəm ki, pisdi. Ola bilsin mən dərk eləmirəm)

  7. Əzizi Nurəngiz xanım.Sizi qəribə xarakterinizə, rəngarəng duyğularınıza , gözəl, mənalı şerlərinizə görə xöşlayıram.Mən sizi qiyabi tanıyırdım.AYB-75 -ci ildönümünə həsr olunmuş Gənc Tamaşaçılar Teatrında olan mərasimdə daha yaxından tanıdım.Siz çılğlın, ürəyi həyat eşqi ilə dolu bir insansınız. Sizə uğurlar arzu edirəm

  8. Nurəngizin “yol gedirəm ” şeiri sanki yazı qoruğundan əsən külək kimi oxucunun üzünə çırpılır. Qəlbini nəğməli duyğularla dolurur. Ən tələbkar tənqidçi də bu misraların şeir olduğunu, müəllifinin söz deyimi, şeir duyumu olduğunu görür. Şeirin daxili ritmi əslində qafiyə ehtiyacl da duymur. Amma heyif ki, xanım gözəl şeirə nimdaş qafiyələr qoşmaqla onun bədii dəyərini xeyli azaldıb.
    Məsələn: yorulanadək, qaralanadək, qırılanadək, saralanadək., yol olanadək. – nə dəcə o cür gözəl şeirə yaraşır?! Hələ biz, “sinəm qaralanadək” ifadəsini bir kənara qoyaq. Sinə qaralmaz, əlbəttə, əgər söhbət zəncidən getmirsə, göz qaralar. Bu cür fikir tutumu da olmayan qafiyələr atılsa, son bəndin son misrası şeiri bütövlükdə tamalaya bilər: Yol gedirəm, yol olanadək!
    başqa bir qüsuruna da müəllifin diqqətini çəkmək istərdim: Boşluqda nə sevgi, nə nifrət, nə səadət, nə hiss, nə səs!
    Birinci şeirindən gördüyümüz lakonik yazmağı bacaran müəllif nədənsə misranı çox uzadıb, ikincisi isə ” nə hiss, nə səs” yazarkən əgər daxili qafiyə yaratmaq istəyirdisə, “nə həvəs, nə səs” olmalı idi, çünki, misranın əvvəlində yazdığı “sevgi və nifrət ” elə hisslərdir. Deməli , özü də bilmədən məntiqsizlik yaradır .
    Elməddin bəy, centlmen kişilər qadınların yaşını soruşmaz, qadınlar həmişə cavan və gözəl olurlar, ikincisi isə, şairin yaşı şeirlərin yaşı qədərdir. Şeirin ruhu cavandırsa, müəllifi də cavandır, qocadırsa qocadır!
    nurəngiz xanımın “Günəş tayası” ifadəsi həm dəşeir üçün maraqlı kitab adı ola bilərdi.
    Uğur torbanız dolu, qəm torbanız boş olsun!

  9. Hörmətli Sultan Mərzili, Nurəngiz xanımın yaşını soruşduğum cümləni yaza bilərsinizmi? Centlmen kişilər, əslində, səhv anladığı söz haqda qərar çıxarmırlar. Mən heç bir qadında eybəcərlik görməmişəm. Gözəl şairimiz Famil Mehdi bunu daha gözəl deyib:

    Gözəl olmayan qız varmı bir nəfər?
    Baxın,
    bir də baxın yaxına, yada.
    Vallah, gözəlliyi görməyən gözlər,
    Duymayan ürəklər var bu dünyada.

    Nurəngiz xanımın yaşını əsla soruşmamışam. Necə ki, şərhim göz qabağında. Sadəcə, yeni addımlar üçün yaxşı, köhnə addımlar üçün zəif şeirlər olduğunu demişəm. Əgər hansısa sözüm Nurəngiz xanımın xətrinə DƏYİBSƏ, üzr istəyə bilərəm…

  10. Elməddin bəy, qarşınızdakı kim olur-olsun, heç zaman onunla nəinki onlarla adamın daxil ola bildiyi bu geniş məkanda, hətta tək ikiniz olanda belə, o adam haqsız olarsa belə, bu tərzdə danışmamağa çalışın! Kiminsə fikri ilə razılaşmamaq və ya onun sənə qarşı hansısa mövqedə səhv etdiyini aşkarcasına görmək o demək deyil ki, tələsib dərhal cavab verəsən ona! Həmin şəxs yanıla bilər, bəlkə, səhv etdiyini etiraf da edə bilər…Ən doğrusu heç cavab verməməkdir.Hər xırda şeydən otrü səbirsizlik edib münasibət korlama və gücünü xərcləmə, oğlum, xeyli əvvəl də bunu tövsiyə etmişdim. İndi gəncsiniz,vaxt gələcək, necə haqlı olduğumu dərk edəcəksiniz, mütləq!

  11. Quzeyli! Siz haqlısınız. Mənim Sultan müəllimə böyük hörmətim var. Həm də yaşımız müqayisədə çox fərqlidi. Mən mübahisə də yaratmaq fikrində deyiləm. Nə isə… Olanlara görə oxuculardan üzr istəyirəm! Bura ədəbiyyat öyrənməyə gəlirik, mübahisə etməyə yox.

  12. Belə bir cavabı mənim oğlum yazmış olsaydı, sevinc və minnətdarlığımı yalnız bu sözlərlə ifadə edərdim: “Mənim ağıllı balam !..”

  13. “Şəklinizə görə yaşınızın az olmadığı görünür. Bəlkə də, səhv edərəm, 35-40 yaş arasında olar yaşınız.” !?
    Elməddin bəy, bu sizin yazıdan sitatdır, yaxud iqtibas, …
    Poetik söz, yəni şeir şəklində yazılmış söz və şərh kimi yazılmış söz ayrı-ayrı məna yükü daşıyır,
    bunu da yaddaşınızda saxlasanız faydasız olmaz.
    Mübahisə etmək eyb deyil, bu şərtlə ki, arqumentlərin olsun, yəni müsahibini hər vəchlə məölub etmək deyil, həqiqəti aşkara çıxarmaq naminə olmalıdır. Bu da mənim kəşfim deyil, min illərin həqiqətidir.
    Quzeylinin sözlərində güney baxçasınını meyvəsi kimi şirin dad var, ağıl və mərifət üçün əlbəttə.

  14. Sultan müəllim, mən öz şərhimdə sual cümləsi işlətməmişəm. Sitat gətirdiyiniz cümlədə yaş soruşmaq haqda nə isə var?
    Mənim fikrimcə, şeir üçün müəyyən dövr var; yaşın erkən çağlarında yazılmış, üstəlik də öz aləmində güclü sayılan bir yazı, sonralar müəllifə gülünc görünür. Ancaq hər yaşın tələb etdiyi yazılar başqa-başqadı. 50 yaşında yazılmış şeiri 20 yaşında yazmaq qeyri-mümkündü. Bəzən istedadı olub, ancaq ona xəyanət edib yazmayanlara da rast gəlmişəm. Sonradan yazmaq fikrinə düşəndə yaşın tələbi rol oynamır. Püxtələşməmiş yazılar alınır… Mən də bu nöqteyi nəzərdən yaşı ortaya atdım, ancaq sual vermədim.

  15. Cox sag olun Nurengiz xanim. Coxdandir, lap coxdan sizin şerlərinizə rast gəlmirdim. mən sizi 80-ci illərdən izləyirəm. “Azərbaycan” jurmalında bir şeriniz cap olunmuşdur
    … Pəncərəmdə tut agacı catlıyır
    Qəlbimdə düşüncələr,
    bagrım catlıyır.
    İcəridə tütün ətri,
    uzun ayrılıq.
    Düşünürəm bir az da səni,
    səsini , nəfəsini.
    Amma daha sevmirəm,
    sevmirəm nə səni,
    nə bir özgəsini.
    Bu ayaqdan ucub gedir xəyallar,
    yüyənsiz və yəhərsiz,
    Dünya məndən,
    mən dünyadan,
    sən də məndən xəbərsiz.

    O vaxtdan mən Sizə və Sizin sənətinizə hörmət edirəm və həmişə sizin şerlərinizi axtarıram.
    Allah sizi qorusun və Siz də yeni şerlərinizlə bizləri sevindirəsiniz.
    Bir daha şerlərinizə görə Sizə təşəkkür edirəm NURƏNGİZ xanim

Şərh yazın