İmarət. Şeirlər
Yazar: Admin | Bölmə: Poeziya | Tarix: 15 Aralık, 2009Şeir yaz!
kəlmələrdən kəndir hörüb
kədərini dardan as!
Vücüdunu çalxala,
nəyin var, çıxsın üzə
Dönməzliyin,
çox danışan dinməzliyin
çıxsın üzə!
Təmkinini, hövsələni dəstələyib
yiğ köksünə,
kirimişcə bax, kirimişcə gül…
Şeir yaz!
Dərdlərini şeirə düz,
dolaşıq kələfsən sən–
düyünləri şeirlə çöz!..
Yazmaqla pozmaq olurmu?
Düyünlü gəzmək olurmu?
Bəs buna dözmək olurmu?
Olurmu???
İŞIQ
Lap astadan itələdim qapını..
Dar zolaqdan süzülən
nur selinə bələndim.
Heç bilmirəm təşvişə bənzər bir duyğu ilə
qapını özüm örtdümmü,
yoxsa məni bu nurlu halədə görüb
sən örtdün.
Yəqin pəriyə bənzəyirəmmiş,
füsunkar bir pəriyə…
Mən belə deyiləm,
məni bu cür göstərən
o otaqdan düşən işıq idi.
Mən o işıqdan qorxdum, sən də məndən -
qapı örtüldü…
O tərəfdə nələr oldu, bilmədim,
amma bu tərəfdə mən vardım,
özümlə işıq apardım.
Bu işığı üzümdən, gözümdən,
kirpiklərimdən, saçlarımdan,
barmaqlarımdan yığıb ürəyimə topladım,
odlu bir iynə kimi sancdım köksümə,
özümü o işığa sapladım…
Dolaşdım ürəyimin işıginda
ürəyimdən asılı…
Bunu heç kim görmədi,
heç kim duymadı…
Sən də…
SEHİRLİ XALÇA
Haçandır rəng yığiram gözlərimə
bənzərsiz çiçəklərdən,
bənzərsiz otlardan,
səs yığıram köksümə
qulağıma sanki qeybdən gəlirmiş kimi
səslənən notlardan.
Bir xalça toxumaq keçir könlümdən,
Bir nəğmə oxumaq keçir könlümdən.
Saplarım narıncı, qızılı, gümüşü rəngdə,
bir qaraşın gözəlin sevda dolu təbəssümü,
gülüşü rəngdə.
İpək sapı o əsmər gözəl yatarkən gecə
bağlı pəncərəsindən sıyrılıb
bərq vuran saçlarından qopardım gizlicə.
Qızılı rəngi mənə günəş göndərdi
günəbaxanların tacında,
Narıncını qürub çağı mavi dalğaların ovcunda,
İlıq yağışlı bir gündə buludun arxasından boylandı,
baxdı bir qəfil baxışla,
bu qövsi-qüzeh baxışı da yolladı.
Hər rəngin necə çalarını aradım,
ağaclar, çiçəklər,buludlar
ətəyini salladı…
Tək bircə rəngi Ay göndərdi,
gümüşü saçlarını darayıb tökərək
pay göndərdi.
Məxmər bir gecənin içində dolaşıb
yığdım bircə-bircə bu telləri,
doladım barmağıma,
baxan heyran qaldı
gümüşü-parlaq yumağıma.
Könlümün telləri çalın-çarpaz – əriş-arğac,
xanam hazır,
Hər yumaqdan bir sap—
naxış vurur barmaqlarım vərəqlərə,
ilmə düzür,
Ürəyimdən barmağıma,
barmağımdan dodağıma
adladıqca
duyğularım ilmə olur,
ilmə dönür kəlmə olur,
Qovuşur kəlmə kəlməyə,
dönüb qəmli nəğmə olur,
saplarıma hopur nəğmə,
səsimi xalçaya hörürəm,
Naxışlarin, ilmələrin arasından
səsimi apaydın görürəm…
Bu da son ilmə!
xalçanı kəsə bilərsən,
Aparıb hardan istəsən,
asa bilərsən.
İstəsən, könlünün divarından as,
Üşüyürsə ümidlərin, sevda çiçəklərin,
bük ona, heç soyuq olmaz!
İstəsən, həmişə saxla yanında,
Getdiyin hər yerə apar özünlə,
Bir dəniz sahilində,
bir qaya kölgəsində
başının altına qoy, yat,
dalğaların səsini dinlə,
bəlkə, bir sevimli yavru,
bəlkə, bir saçları ipək qaragilə
çıxıb dənizin içindən
yuxuna gələ…
İstəsən apar, gizlət sandığında,
Hərdən qəriblik çəkəndə,
tənha qaldığında çıxart, dindir,
danışacaq dindirə bilsən,
Ovudacaq, ağrılarına sığal cəkəcək,
hərgah qəlbini açmaq istəsən,
dərdını bildirə bilsən.
Sehirlidirmi? Sehirlidir, amma
danışandır, oxuyandır, uçan deyil,
hər yetən anlamaz sirrini,
hər kəsə sirr açan deyil…
Təkcə soruşma gəl kim istədi,
kimdən ötrüdür—
onsuz da bilmirəm bu xalçanı mən
niyə toxudum,
kiminsə ona çox ehtiyaci var kimi
gəldi mənə deyə toxudum,
Bilmədim nə idi, iltiması oldu,
keçə bilmədim,
sanki Allahın bir əmri,
ruhun bir ricası oldu
keçə bilmədim.






Yüklənir...
Sonuncu seir bir az uzundur.
Zənnimcə, sonuncu şeir deyil, poemadır, özü dəepik-etnoqrafik və s.
Doğrusu, özümü məcbur etsəm də sona qədər oxuya bilmədim.
Məhşur italyan fiziki, Nobel müakafatı almış Enriko Fermi boş vaxtlarında istirahət üçün nağata çalırmış. Dostları səbəbini soruşanda deyirmiş ki, nağara mənə ritmi, ahəngi duymağa kömək edir, axı elm harmoniyadır.
Təəssüf ki, gözəl və nurani sifətli xanımın yazılarında ağıllı, qəşəng sözlər çox olsa da , həmin o ahəng deyilən, sözü poeziyaya çevirən daxili ritm yovdur. Nə əruzdur, nə heacadır, nə də bəyaz yazı.
Heç bir heykəltaraş həlməşikdən fiqur düzəldə bilmədiyi kimi, bu yazılar da müəllifinin səviyyəsindən asılı olmayaraq şeir səviyyəsinə qalxa bilmir.
Hər halda, xanımın şeir yazmaq arzusu gözəl arzudur. Bu şərtlə ki, atalar demişkən, heç olmasa, bir yazanda, iki də oxuyasan.
Maşallah, o qədər gözəl şeir yazan şirlərimiz var ki! Uğurlar!
Sultan Mərzilinin şərhini oxuduqdan sonra və ya şərhin nəzm variantı:
Söz yoğurdum, acımadı, şişmədi,
Yapdım, yaxşı qızarmadı, bişmədi,
Dadanların boğazından keçmədi,
Dedilər ki, çiydir, dadsız loxmadı.
Kəlmələrim durnalar tək düzülə,
Oxuyalar, ürəkləri üzülə,
Şeir gərək könüllərə süzülə,
Ha çevirdim, könül səmtə axmadı.
Hansı yükü çəkdiyinə baxginən,
Yetişmirsə, əkdiyinə baxginən,
İMARƏTİN tikdiyinə baxginən–
Üstü bəzək, altı təzək DAXMADI !!!
“Şeir gərək könüllərə süzülə,” – doğru fikiridri, heyif ki, arzu şəklində qalıb.
Pəhlivanlar badipalar səgridəndə dördnala,
Tifl həm cövlan edər, əmma ağacdan atı vap!
400 ildən artqıdır deyilib, amma zaman çərçivəsinə sığmayan mənaları var.
Bir daha xatırladıram ki, poeziya çox ciddi bir eldir, xanım, onun zahiri asanlığı əslində aldadıcı bir şeydir.
Böyük alimər belə çox zaman kiçik şair olmaq iddialarına da çata bilmirlər. Yəni, sizin ola bilsin ki, doğrudan da başqa sahələrdə çox gözəl biliyiniz olsun, ancaq təəssüf ki, şeir məlumat toplusu deyil,
dəlisov köhləndən də betər söz atını ram etməkdir. Hər kişi at çapa bilmədiyi kimi, hər adam da şeir yaza bilmir və burda heçbir eyibli şey də yoxdur.
Şeir yazmaq araba sürməkdən asan sənət də deyil, halbuki, sürücülük vəsiqəsi olmayanları müfəttişlər yola buraxmır. Bu sözlər təkcə sizə aid deyi, hamıya aiddir. Lütfən, şeiri hörmətdən salanlara qoşulmayın.
Yəni olmazmı, fikirlərinizi ardıcıl yazasınız, divar hörgüsünə bənzətməyəsiniz. Axı, sementi-palçığı, şaquli və bağlaması olmayan divar kiminsə başına uçub tökülür, məsələn oxucuların. “Üstü bəzək, altı təzək” zərb məsəldir, təzəkdən yazılan şeir nə dərəcədə “könülə süzülə bilər?!”
Söhbət kiminsə qəlbinə dəyməkdən getmir, amma ədəbiyyatın da bir elm kimi öz qanunları var. Bunu unutsaq, minillik tarixi (əslində daha çox) olan poeziyamızı bərbad hala qoya bilərik, əgər qoymamışıqsa.
Hamıdan şedevr tələb etmək də doğru olmazdı, amma, ən adi, bəsit qaydalarasa da əməl və oxucuya hörmət edib onun olan-qalan zövqünü korlamamağa çalışmalıyıq.
Səviyyəli şeir oxucusu olmaq da yaxşı şeir yazmaqdan asan məsələ deyil!
Bir daha sizə uğurlar.
Salam. Yazdigim parca ik sehinzde yazdiqlarinizla razilasmagimin bir qeser yumorlu terzde ifadesinden basqa bir sey deyil, qardasim! Men iddiali adam deyilem, yazdiqlarima da hec zaman seir dememisem. Sizinle neinki razilasir, hetta sad oluram ki, mueyyen bir fikir soyleyirsiniz. Sehv etmiremse, C.Ruminin sozleridir: Bir bicaq basqa bicaq olmadan oz sapini nece yonar? Mumkun oldugu qeder tenqid ede bilersiniz yazilarimi, inanin, bundan qeti incimrem. Kontakt e-mailim beledir:Imaret2007@rambler.ru. Lazim bilseniz, yazarsinz, fikirlerimizi boluserik, bilmeseniz,yox.Qarsisindakina boyuk hormet duygusu ile yazilmis qeydlerinize gore tesekkur edirem. IMARET CELILQIZI.
Hörmətli İmarət xanım!
Hər bir insanın ağlı verdiyi sualdan, tərbiyəsi isə verdiyi cavabdan bilinir. Sizin bütün cavablarınızda çox səliqəli və diqətli olmağınız, görünür, doğrudan da əsl azərbaycan xanımlarına məxsus gözəl abır-həya sahibi olmağınıza dəlalət edir və məncə bu hər cürə yazılacaq şeir və hekəylərdən daha qiymətlidir.
İkinci tərəfədən, əgər doğrudan da şeir sizin təbiətinizdən gələn, narahat edən bir duyğudursa, onun da texniki tərəflərini mənimsımık vacibdir. Yəni, dədə Koroğlu demişkən, çünki oldun dəyirmançı məsələsidir.
Burda şeir sənətinin sirr olmayacaq bir cəhətini deməliyəm ki, ən asanı və elə ən çətini də insanın öz qəlbinin səsinə qulaq asmasıdır, onun pıçıltılarını kağıza köçürə bilməsidir. Biz bir yaxşı, gözəl şeir oxuyanda ona görə zövq alırıq ki, o bizim də qəlbimizin hisslərini ifadə edir, həm də onu gözəl bir şəkildə, sənətkarlıqla, məharətlə ifadə edir. Yəni, əslində eyni olan mənalar yüzlərlə şəkildə söylənə bilər, məharət də elə ondadır ki, ən gözəli olsun. Digər çətinlik isə, insanın , yəni şeir yazan adamın nə demək istədiyi heç özünə də məlum olmur, sadəcə məqsədi şeir yazmaq olur. Müəllifin başında dumanlı fikir, oxucunun başında qaranlıq zülmətə çevrilir. Əlifbanı hərf-hərf öyrənmək kimi burda da ardıcıl zəhmət, məqsədli yönüm gərəkdir.
Məsələn sizin ikinci yazınızda xana işlətdiyiniz söz mənaca hana şəklində olmalı idi. Ana dilimizdə isə xana – fars dilindən kəlmə ev, otaq mənası daşıyır. Məs. Evləri var, xana-xana….., Ey xanəxarab və s.
Həmin o ikinci yazınızda zənnimcə maraqlı yer var, şair görümü var, xüsusən rənglərin mənalandırılmasında, baxmayaraq ki R.Rzanın “Rənglər” ssilsiləsi dünyada bəllidir.
Qızılı rəngi mənə günəş göndərdi
günəbaxanların tacında,
Burda fikir poetikdir, forma isə axsayır , niyə? Birinci misra 4:4:3=11, bölgüsündə, yaxud da 6:5 =11 olmaqla bölgülərdə oxuna bilər. İkincidə isə, 6:3=9 uyuşmur, adi hesab əməliyytı kimi baxdıqda belə, qayda görünmür. Əslində Təbiətin bütün sirrləri harmoniyada, qaydada, nizamdadır. Görkəmli alim, rəhmətlik Xudu Məmmədov da “Qoşa qanad” əsərində elmlə sənəti qarşı qoyaraq bu məsələlərə də toxunmuşdu.
Qaydasızlıq olan yerdə gözəllik, gözəllik olmayan yerdə isə sənət olmur. Bunu təbii olaraq qadınlar kişilərdən daha yaxşı dərk etməlidirlər, çünki səliqə-sahman olmayan ən bahalı ev də qiymətli əşyalar anbarıdır, ev deyil əslində.
Yaxud, variant kimi: Ay gümüşü rəng göndərdi, saçlarından saçlarıma və s.
İmarət Cəlil qızi adı da gözəl səslənir, çünki Cəlil Allahın gözəl adlarından biridir. Nə yaxşı ki, siz yanlış dəbə uyub İmarət Cəlil yazmırsınız.
Vallah, M.İbad demişkən, indi kişi ilə qadını da elə bir də belə səbədən seçmək çox müşküldü.
Sizə bir daha uğurlar!
Hər vaxtınız xeyir. Əvvəlcə yazımdakı səhvlərə görə üzr istəyirəm, onu günorta nasaz və Azərbaycan əlifbası olmayan bir kompüterdə tələsik yazmışdım.
Yazınızdakı xoş sözlərə və tövsiyələrinizə görə təşəkkür edirəm.
“Xana” sözü ilə baglı yazdıqlarınıza gəlincə isə deməliyəm ki, dilimizdə bu sözün hər iki variantı işlənir ( “Azərbaycan dilinin izahlı lüğəti” ,Bakı 2006, 2-ci cild, səh.329 və 421), bizdə də bu söz “xana” şəklində işləndiyinə gorə mən elə yazmışam.
Sizin “ev”, “otaq” mənasında dediyiniz söz isə “xana”yox, “xanə” şəklindədir və qeyd etdiyiniz kimi, fars dilindən keçib dilimizə.
Azərb.dilinin orfoqrafiya lüğətində hər iki söz ayrılıqda verilib( Bakı 2004, səh.279), bu, o deməkdir ki. onlar fərqli leksik mənalara malikdir.
Bunları özümə haqq qazandırmaq və ya sizinlə mübahisə etmək üçün yox, dəqiqlik xatirinə yazdim.
Bir qədər əvvəl “Azərbaycan” jurnalının 11-ci nömrəsini vərəqləyirdim, İslam Sadığın şeirlərini oxudum, yaxşıdır. Bir şeirinin son sətirlərləri belədir:
“Gözümü dikmişəm ovcumu açıb,
Qırx ildi bulağın gözü durulmur.”
Bəyəndim bu sətirləri. Yeri gəlmişkən, “Xəstəliyin sonu” hekayənizi oxumuşam, girişini lap bəyəndim, cox təbii yazilib, dərmanlarla baglı hissə xüsusilə! “Gizlintili” sozü diqqətimi çəkdi, yəqin şivənizdə var belə söz.
Bir neçə il əvvəl bu mövzuda, daha doğrusu, Xocalı ilə bağlı yazmışdım, lit.azda derc olunub, maraqlansanız, baxıb “cərrahiyyə əməliyyatı”na götürə bilərsiniz, sevinərəm!
Sağlıqla qalın.
Hər vaxtınız xeyir, İmarət xanım!
Cavablarınızda dəqiqliyə can atmanız və sorğu kitablarınızın olması çox gözəl! Bu ziyalı olmağın elmenytar tələblərindən biridir. Yadıma düşdü ki, 90-cı illərdə yolum “Yazıçı” nəşriyyatına ( o vaxt indiki Nİzami adına k/t-ın yanında yerləşirdi) düşmüşdü. Bir sözün necə yazılmalı olduğu aydınlaşdırılmalı idi. Mənim dediyim variantla bərabər, “Azərbaycan dilinin orfoqrafiya lüğəti”nə baxmağı təklif etdim. O boyda nəşriyyatda bir dənə də tapılmadı… Necə deyərlər, hamaçının tası yox… Bir müddət müəllim işləyərkən də belə hallara rast gəlmişəm. Rus, ingilis və s. dərs aparan müəllimlərin heç birinin lüğəti də olmurdu. Kaş ki, indi elə olmaya…
Sizin səriştənizi nəzərə alaraq qeyd edirəm ki, allah bizə göstərdiyi lütfünü heç də hamıya verməyib. Fars dilində “Ə” səsi yoxdur, onu “E” əvəz edir. Deməli, bizdə xanə, olanda, onlarda xane-dir.
O biri tərəfdən də, kitab+xana, bərbər+xana, lap olsun heyvan+xana!, şəklində yazılır. Niyə?! Çünki, ana dilimizin (türk dillərinin) ahəng qanunu kimi möhtəşəm bir qanunu var, və o qanun hər cürə hörmətli akademiklərin düşündyündən daha vacibdir, müstəsna hallardan başqa.
Orası da doğrudur ki, “xana”, “xanə” məna çalarına görə fərqlənir. Birincidən dedim, ikinci də nərd, şahmat və s.
daşın, yaxud fiqurun qoyulduğu yer, yuva kimi başa düşülür.
“Gizlintili” sözü bizim ləhcəmizdə işlənməsə də, mən onu hekayənin o yerində uyarlı bilib işlətmişəm. Belə ki, dilimizin ahənginə də, qaydalarına da zidd deyil. Bu da sizin diqqətcil olmağınızı göstərir. Xoş sözləriniz üçün sizə də təşəkkürlər.
Hər bir ziyalının ortaya çıxardığı kiçik də olsa uğuru, əslində xalqın malı olur, ondan hamıya pay düşür.
Qəlbi genişlərə fərəh payı, qəlbi darlara isə həsəd payı!
İslam Sadıq nəinki təcrübəli bir şait, həm də tədqiqatçı alimdir. Mənim zənnimcə, Azərbaycanda ən yaraşıqlı və milli formalı bığ sahibi də odur! Heyif ki, bizdə belə şeylərin baxışı keçirilmir.
Sağ olun, siz də sağlıqla qalın!
Yazınızı da mütləq oxuyaram.
Hər vaxtınız xeyir. Cavabınıza görə təşəkkür edirəm. Dilimizlə bağlı söhbətlər, məqalələr, verilişlər…həmişə maraqlı olub mənim üçün. Azərbaycanın müxtəlif radio və televiziya kanalları ilə verilən xəbər proqramlarını dinlədikcə coxlu nöqsanlara rast gəlirəm. Bu halı başqa proqramlara, bəlkə də, bağışlamaq olar,amma xəbərlər hazır mətn şəklində olduğuna gorə qüsurlarla heç cür barışmaq olmur. Niyə bu mətnləri redaktə etmirlər, anlamıram. Mən daha cox İctimai radionu dinləyirəm, hələ elə bir xəbər buraxılışı olmayib ki, orada 3-cü növ təyini söz birləşmələri düzgun qurulsun.Məsələn, belə bir cümləyə diqqət edək(belə nümunələrdən məndə coxdur, eşidən kimi əlimə keçən qəzetin kənarına, salfetkaya, ərzaq qutusunun üstünə… yazmışam):” Parkdakı Heydər Əliyevin(?) abidəsi üzərinə tər çiçəklər düzmüşlər”. Əslində cümlə belə qurulmalıdır:”Heydər Əlliyevin parkdakı abidəsi üzərinə tər çiçəklər düzmüşlər”.Axı söhbət parkdakı HEYDƏR ƏLİYEVDƏN yox, ABİDƏDƏN gedir! “Bakıya gələn ATƏT-in Minsk qrupu…” yox, ATƏT-in Bakıya gələn Minsk qrupu.Əgər bu, səhv deyilsə, onda “quşun sınmış qanadı” əvəzinə, “sınmış quşun qanadı” demək də səhv deyil, “Dostumun xörək bişirən arvadı” əvəzinə,”xörək bişirən dostumun arvadı” demək də səhv deyil.Belə misallardan xeyli göstərə bilərəm. Bu mövzuya köklənib dinləsəniz, siz də aşkar edəcəksiniz belə qüsurları.
Ahəng qanunu barədə dediklərinizə qoşuluram, bu gün ikinci dəfədir bu qanunun mükəmməlliyi haqqında söhbətin istirakçısı oluram.
Bilirsinizmi niyə”gizlintili” sözü diqqətimi çəkdi və onun şivənizə xas dialekt söz olduğunu güman etdim? Ona görə ki, ədəbi dilin qaydalarına uyğun deyil bu söz: “gizlin” sifəti+ -ti şəkilçisi+ -li şəkilçisi—-bu, morfoloji normaya ziddir, çünki -tı şəkilçisi feldən isim düzəldir(çığırtı, hönkürtü və s.),onu sifətə artırmaq olmaz.Dialektlərdə bu cür norma pozulmasına rast gəlinir deyə soruşdum.
Bəlkə də, cansıxıcı olan bu söhbəti yekunlaşdırıram.
Radioda aparıcılarin etdiyi kimi mən də mövzu təklif edirəm:
Qədir Rüstəmovun “Sona bülbüllər”ini lap diqqətlə dinləmək və bundan sonrası. (Bundan və ümumiyyətlə, bütün mövzulardan tamamilə imtina etməyinizi normal qəbul edəcəyimə əmin olun).
Sağlıqla qalın.
İmarət xanımın şeirləri (əsasən qafiyə janrında yazdığı) sonacan oxumağa vadar eləyir:
Kürəyimə yük düşür,
Ömrün qışı bərk düşür,
Ha atırsan,yek düşür,
Bəs bu zərdə şeş hanı?
Yaxud:
Duyğular var,yaşadıqca əriyirsən gilə-gilə,
Fəlaket var, üzərinə yeriyirsən güle-güle,
Zəhər var ki, təşnəsisən, içirsen siləbəsilə,
Şərbət var ki, mecbur eylə, başın kəs də—
içmək olmur…
Yuxarıdakı şeirlərdə isə “Çox danışan dinməzliyin” deyimi daha çox xoşuma gəldi.
Uğurlar sizə! Yeni şeirlərinizi gözləyirik!
Şeir yazmaq istəyi və cəhdi — artıq … gözəlliyin iki təzahürüdür.Onun haqqında ciddi və obyektiv ədəbi mülahizələrə ehtiyacı olan bir gözəlliyin .
Gözəl və dəyərli şeirə görə təşəkkür