Xuraman Hüseynzadə. Şeirlər.

Yazar: Admin | Bölmə: Poeziya | Tarix: 19 Aralık, 2009

1Mamed

Kənddə suçu işləyirdi Mamed,
Onu yoldan çıxartdılar-
kənd yolundan…
Şəhərə gedən yola çıxdı Mamed,
Şəhər onu çəkdi özünə…
Çiçək bal arısını özünə çəkən kimi.
«Şəhər» deyibən kənddən çıxdı Mamed.
…Fəhlə işlədiyi göydələndə
başına yekə bir daş düşdü
Suçu Mamed…
Heç bir suçu olmayan Mamed…
Yazıq Mamed…
Qara tabutda qara taleli bir
Qara fəhlə döndü kəndə…
Ruhunu
göydələnin son qatında
göylərə əmanət edib.

Bulvarda

Quzum, heç nə istəmə sən,
Bax dənizə, doyunca bax.
«Bulvar» adlı bu aləmdən
Yadında tək o qalacaq.

Ona pay ver göz yaşından…
Bir az hava alaq, gedək.
Gəl, dənizin yaddaşında
Biz də belə qalaq, gedək.

Bu da dənizin qırığı…
Eləcə bax, ötüb keçək.
İstədiyin oyuncağı
Sənə leylək gətirəcək.

Ləngər vurur, yuxuludur,
Gəmi suda batar birdən.
Karusellər qorxuludur,
Tut əlimi, gedək burdan.

Yesən, boğazın ağrıyar,
Dondurmadan gözünü çək.
20-cə qəpik pulum var,
Onunla da evə gedək.

Möhbalı

Xoşbəxtliyin arxasınca sürünüb…
Doğulandan qara gəlib yığvalı.
Bu həyatın sərt üzünə bürünüb,
Səkilərdə gecələyir Möhbalı.

Dərd tökülür, kədər yağır üzündən,
Küçələrdə taleyini yaşayır.
Nizaminin, Füzulinin gözündən
iraq olsun, lap Məcnuna oxşayır.

Təbiəti öz anası sanır o-
Layla deyir Möhbalıya küçələr.
Gündə yanır, qar altında donur o,
Keşik çəkir Möhbalıya gecələr.

O zamanın, zaman onun günündə,
Qəhrəmandı qəhrəmanlar içində.
Polislərin gözlərinin önündə
Üsyan edir taleyinə küçədə.

Gecə

Tənhalığın qorxusundan,
Yatan bəxtin yuxusundan,
məhəbbətdən,
həsrətdən,
müqəddəs bir məqamda edilən niyyətdən
doğulan Gecə…
Oğlan-Gecə…
Gözlərim həsrət qalsın
sənin işıqlı gündüzlərinə.
Qara tellərinə,
aypara qaşlarına,
ulduz gözlərinə
yenə şeir yazmaq istəyirəm…
Sən də müvəqqətisən mənim həyatımda.
Səhər açılan kimi  çıxıb gedəcəksən…


***

Dostum, bir tək
sən anlayırsan məni…
Bu, şərab deyil, dostum,
Bir daş ürəyin yaraladığı sevgimin
al qanıdır,
çəkdiyim isə tənhalığın nazıdır.
Bu dumanı da dağlar göndərib mənə.
Özləri gələ bilməyən dağlar
arxa-dayağımdı, dostum-
onlara söykənib ayrılığa dözəcəyəm.
Bir azdan dumanları dağlara qovacam
başımdan,
Bir az da göylərə
verəcəm göz yaşımdan
Yenə başıma düşən,
sümüyümə düşməyən bu sevda havasına
oynamaq çətin, dostum.
Bilirəm,
sonu yoxdu bu məhəbbətin, dostum…

Bir qədəh soyuq gecə

Bütün sədlər ilk misraya qədərdir,
bütün sədləri keçək, dostum,
Gəl içək, dostum!
Bir qədəh soyuq gecə içək
bir bənd təzə şeirin üstündən.
İçək
bizi ilk misrayadək qovan
ilk məhəbbətimizin sağlığına!
Bir sağlıq da qafiyələrdə gizlənpaç oynadığımız
sevgilərə deyək.
Doyunca içək, dostum!
Unudaq bu dünyanı
içə-içə,
yaza-yaza.
…Bir azdan yenə bizi
son misradan
sürüyə-sürüyə aparacaqlar
xarabamıza…

***

Yenə hamımız bir aradayıq-
oktyabr ayı,
Fausto Papettinin «Emmanuel»i,
yağış, mən və…
Yenə bir cüt gözdən sevgi oxunur,
Yenə saçlarıma bir əl toxunur,
yenə üşüdüyüm zaman
sevən bir ürəyin hərarəti bəs edir mənə…
Həzin bir musiqi nəyisə xatırlatmır,
əksinə…
Yenə mən, yenə oktyabr ayı,
yenə «Emmanuel»,
yenə yağış və…
İllər səndən başqa heç nəyi
dəyişdirmədi…

1 səs2 səs3 səs4 səs5 səs (Səs verilməyib)
Loading ... Loading ...

8 Şərh var
Şərh yazın »

  1. Kənddə suçu işləyirdi Mamed,
    Onu yoldan çıxartdılar-
    kənd yolundan…

    SUPER!

  2. 1-ci yazı şeir deyil. Qalanları isə pis yazılmayıb. Ən azından qaydalara riayət edilib. Həm də üslub ürəyəyatımlıdır. Bircə sualım var: Möhbalı kimdi?
    Sizə yeni-yeni uğurlar!

  3. Ruhunu
    göydələnin son qatında
    göylərə əmanət edib.
    Bizim şeirlərə xas olmayacaq dərəcədə kədərlidir. Saf, gözəl şeirlərdir. “Bulvarda” daha cox xoşuma gəldi. Bircə sonuncu bənddə ifadə çılpaqdır, əvvəlki bəndlərdə sətrlərin arasından boy verən poetik düşüncə və mənanı tamamlamaq, dərinləşdirmək əvəzinə, dayazlaşdırır. Birdə sonuncu bənddə şeir “Emmanuel”ə köklənmir, yağışla, oltyabırla, o hisslərlə uyuşmur. Uğurlar!

  4. Yenə saçlarıma bir əl toxunur,
    Poetik misradır, heyif ki, davamı tapılmayıb.

  5. Salam. Burada olanlar çox gözəl, çox təbii yazmızınız. Çap etməyə kömək edə bilərəm.

  6. Xuraman xanim mamedler mohbelini hele tanimirlar?

  7. Xuraman xanim salam. Sizin yazilarinizi hemishe ailevi izleyirik. Ve cox beyenirik. Size bu yolda ugurlar arzulayirig.
    Allah size can sagligi versin.
    Novbeti kitabinizi gozleyirik.

    p.s Irkutskdan Sizi Seven Oxucular.

  8. birde, dyz deyirsiniz, Yazig sucu Mamedin, dogrudan ne idi sucu?)))

    SUPER))

Şərh yazın