Elnaz Eyvazlı. Şeirlər.
Yazar: Admin | Bölmə: Poeziya | Tarix: 04 Ocak, 2010Fərhad Meteyə
Salam, dostum, necəsən?
Eşitdim mənzilini dəyişmisən gecə sən.
Sən, “bir azdan- deyirdin- ölüm dəyişəcək yerini,
Keçəcək divarın o biri üzünə”.
Amma tez dəyişdi,
Bu nə işdi?
Eşitdim, darıxdım,
pəncərəni açdım laybalay.
Qulağıma səs gəldi,
lay-lay, balam, a lay-lay.
Adını çəkib çığırmaq istədim, çığıra bilmədim.
Sən deyən kimi pıçıldadım ismini.
Quşlar gəldi,
əvvəlcə adının baş hərfini,
sonra qalan hərfləini alıb apardılar.
Necə ki mələklər apardı cismini.
Özünü aldılar əlimizdən,
sözlərini, xatirələrini atdılar üstümüzə.
Yalvardıq-yaxardıq, özünü qaytarın ,
heç nəyini istəmirik deyə.
Baxmadılar üzümüzə.
“Sadəcə gedişin deyil yoxluğun …”
Baxıram pəncərədən,
heç nə yerində deyil.
Hər şey ağ-qara.
Suallar beynimi dəlir,
niyə? nə vaxt? hara?
Həyat dəyişdi yerini,
hər şeydən ölüm qoxusu gəlir…
Sən dönən deyilsən bizə,
biz sənə doğru gəlirik.
Demirəm haçan,
geci-tezi var bir az.
Görüşənədək.
İmza: Elnaz
***
Səndən ötrü darıxmaq deyil bu,
daha acı və dəhşətlidir.
Hər gecə evə gələndə,
əlimi qapının dəstəyinə atanda,
bütün əyləncələri geridə qoyub
xarabama çatanda
duyuram bu acını.
Sən heç vaxt qapını arxadan bağlamazdın.
Qapı həmişə üzümə açıq olardı.
Nəfəsin qapının o üzündən yandırardı məni…
Səndən ötrü darıxmaq deyil bu,
Daha üzücü və dəhşətlidir.
Yuxulu əllərimi balışına
Vətən xainini qəbrə tullayan kimi tullayıram.
Səhərəcən buz kimi yataqda
it kimi ulayıram.
Qonşum deyir ki,
Bu gecə bir köpək bizi yatmağa qoymayıb.
Qayıt, məni saçlarınla yuvama zəncirlə.
Həsrətindən köpək olduğumu
biləcəklərindən qorxmuram.
Bu, gec-tez hamıya çatacaq.
Sahibsiz olduğumu bilsələr,
hərə bir daş atacaq.
***
Üstündə ağlayan olmadı,
hamı asfaltın üstünə yayılmış cəsədinə
iyrənə-iyrənə baxdı.
Ömür boyu etibarını qazanmağa çalışdığın,
gələnini qarşılayıb, gedənini yola saldığın sahibin də
səni yığışdırıb bir yerə gömmədi.
Sənin ona olan sevgini belə
ayaqlar altından süpürmədi.
Yazıq köpək, səni heç kim itirmədi.
***
Mənim o yerlərdə itiyim itib,
sən getsən, tapmazsan, oğul,
gərək özüm axtaram.
İtiyim itib, ay bala,
hələ də göynəyir yaram.
Əgər mənim sağlığımda
alınsa əsir torpaqlar,
dərdim olmaz.
Yox, əgər qismət olmasa,
tapıb mənim itiyimi
basdırarsan torpağa.
Oğul, mənim vəsiyyətim
bəlkə bir az bayağı.
Amma sənə tapşırıram
o kəsilmiş ayağı.
***
Özünü hər şeydən çox sevdiyim torpağa,
pal-paltarını yetim-yesirə verdim,
savabdır deyə.
Sürüyə-sürüyə, birtəhər
böyütdüm balalarını,
yetim demədim.
Heç kimdən ölüsünün paltarını ummadım.
Heç kimin üstünə
bir tikə çörəkdən ötrü cummadım.
Amma bir gün oğlun:
“Evə yaxşı bax,
bəlkə, bir köynəyi qalıb,”- dedi sıxıla-sıxıla.
Yadıma düşdü ki,
şəhid köynəyidir – deyib,
lovğalanmışdı köynəyini geyən oğlan.
Şəhid oğluyam – deyə özünü öyən oğlan,
Atandan mənə heç nə qalmayıb,
nə paltarı, nə köynəyi.
Qalan bir sənsən,
bir də sinəmi deşən göynəyi.
ANTONİM
Biz əvvəldən bir-birimizin əksiyik.
Əvəzlik kimi – Sən və Mən.
Yaradılmış kimi – kişi və zənən,
mömin və kafir.
Savadımız – kafi və əla.
Birimiz sözə, birimiz şərə mübtəla.
Birimiz mələyin, birimiz şeytasnın dostu.
Hərəsi birimizə verib postu.
Bir sözlə,
birimiz tam, birimiz yarım.
Sən hardan oldun mənim yarım?!
***
Əzizim Rəbiqəyə xitabən
Bütün dul qadınlar
eyni taleyin müxtəlif variantlarını yaşayır.
Eyni yükü, eyni ağrını çəkirlər.
Bu sənin balandı, eləmi?
Bundan biri də məndə var.
Gözləri də eynən belə,
qara və pərişan.
Gözlərinə baxanda ürəyim göynəyir,
olur şan-şan.
…Bütün dul qadınlar
eyni ağrının müxtəlif variantlarını yaşayır.
Başqasının dərdindən təsirlənib,
öz dərdlərinə ağlayırlar.
Arada hamını bəxtlərinə qatıb qarğayırlar.
…Bütün dul qadınlar
həyatı kisə kimi çiyninə atıb sürüyə-sürüyə daşıyır.
Hərəsi bir cür,
hərəsi bir variantda yaşayır.
ÖLÜMDƏN BETƏRDİ…
Ölümdən betərdir –
sürünə-sürünə yaşamaq.
özündən böyük yükü çiynində
qarışqa kimi çək-çəkə daşımaq.
Vay o gündən ki, qolundan tutub qaldıranın,
yükündən alıb yüngülləşdirənin olmasın…
Ölümdən betərdi –
bir damın altında,
bir döşəmənin üstündə ayrı-ayrı yaşamaq.
Bir-birinə ölə-ölə cavab vermək,
özgə kimi yaşamaq.
Duyğyları, hissləri sönə-sönə bir-birinə alışmaq.
Gecələr hərə üzünü bir divara çevirər.
Nəfəsini içinə çəkib susar, yatıb guya.
Sonra gozləri nə vaxt gedib yuxuya
bilmədən
səhərə qədər adam kimi yatarlar…
Ölümdən betərdir –
səhər,
əllərində barmaq, saçlarında əl izlərini,
yanaqlarında nəfəs aramaq.
Və anlamaq ki,
axtardıqlarını yuxuda görmüsən.
O barmaqlar da, nəfəs də
sənə doğma olduğu qədər,
səndən uzaqdır.
Sən də yazıqsan,
o da yazıqdır.
Ölümdən betərdir –
bir dəfə gəldiyin həyatda
yazıq olub yaşamaq.




(3 səs, hardasa: 4,67 ilə 5 arası)

Yüklənir...
Salam Elnaz. Ikinci şeir daha maraqlıdı. Təsirlidi. Sənə uğurlar arzulayıram.
1-ci şeirin 1-ci misrasın oxudum, sonra hövsələm çatmadı oxumağa… Sizə həyat yollarında uğurlar!
Elməddin qardaş, bir axıracan oxu, gör nə var, nə yox da. Nəinki bi misradan, şairi hətta bir neçə şeirdən də tanımaq olmur. Belə d ki, şeirlər siz deyən kimi darıxdırıcı deyil. Mən bu xanımı şəxsən tanımasam da, şeirləri xoşuma gəldi, xüsusən də ikinci şeiri. Uğurlar!
Elnaz xanim cox beyenirem sizin serlerinizi
Bütün oxuculara və şərh yazanlara təşəkkür edirəm. Sağ olun.
Şiirle uğraş vermen çok hoş, hayatınızın gönlünüze göre geçmesi dileklerimle