Samir Sədaqətoğlu. Həbsxanada Bayram (Pyes)
Yazar: Admin | Bölmə: Proza | Tarix: 19 Ocak, 2010
Bu pyes Azərbaycan ədəbiyyatı üçün “daimi olan bir mövzu”dadır. Kim dəli, kim ağıllı? Kim sağ, kim ölü? Kim pak, kim günahkar? “Obyekti” əlindən alınıraq türməyə atılan biznesmen, yoxsa onu şərləyən polis rəisi? Qarabağda döyüşüb kontuziya almış dəli məhbus, yoxsa onu dostunun üzünə durğuzmaq istəyən müstəntiq?
İştirak edirlər:
1-ci MƏHBUS – 55-60 yaşlarında, astma xəstəliyi var, tez-tez təngnəfəs olur, “Aerozol”dan istifadə edir.
2-ci MƏHBUS – 30-32 yaşlarında, narkoloji xəstədir, həmişə qaşınır, qıvrılır, ağrıdan əzab çəkdiyi hiss olunur.
3-cü MƏHBUS – 33-35 yaşlarında, xarakterik cəhəti çox siqaret çəkməsidir.
DƏLİ – gənc görünsə də, yaşı müəllifə məlum deyil. Vacib cizgiləri tez-tez sifətini əcayib formalara salması, anlaşılmaz əl-qol hərəkətləri etməsidir.
1-ci hissə
Səhnə qaranlıqdır. Radioyla konsert verilir. Diktorun səsi: “Əziz dinləyicilərimiz! Sizi Yeni İl bayramı münasibətilə təbrik edir və bayram konsertimizə başlayırıq. Oxuyur Xalq artisti Alim Qasımov.
Birinci pərdə
Xalq mahnısı “Yaralıyam dəymə””. Musiqinin tempinə uyğun səhnə tədricən işıqlanmağa başlayır. Biz səhnədə həbsxana kamerasını görürük. Kameranın hər iki yan divarı tərəfdə ikimərtəbəli məhbus çarpayıları və yatağı.
Ortalıqda dəmir stol və oturacaqlar var. Səhnənin dərinliyində dəmir qapı və qapının üstündə eni və uzunu eyni olan kiçik barmaqlıq var. Biz qapını yalnız sezə bilirik.
Barmaqlıq isə işıq haləsinə büründüyü üçün aydın şəkildə görünür. 3-cü məhbus ikinci qatdakı çarpayısında əllərini başının altında qoşalayaraq arxası üstə uzanıb.
Onun yatmış yaxud oyaq olduğu bilinmir. 1-ci məhbus yan tərəfdə yerləşən aşağı qatdakı çarpayısında əyləşib asta-asta təsbeh çevirir. 2-ci məhbus səhnə boyu o baş – bu başa addımlayır.
Dəli üzü zala lal-dinməz dayanıb. Arabir nəsə danışırmış kimi əllərilə qəribə hərəkətlər edir. Qəfildən 3-cü məhbus çarpayısından yerə sıçrayır.
3-cü MƏHBUS: Bəsdi! Bəsdi daha! Söndürün bu radionu!
Əsəbi şəkildə stolun üstündəki radionu söndürür.
DƏLİ (Qorxmuş və çaşqın halda): Yox, yox! Vallah, billah, mən eləməmişəm.
Mən heç nə eləməmişəm! Mən yandırmamışam radionu. Öz canımçün, heç qulaq da asmırdım. Nəyimə lazımdı? Nəyimə lazımdı e, mənim? Sakitcə dayanmışam burda. Radio çox lazımdı mənə?
Gələn-gələn mənim üstümə düşür: “Genə nə oyun çıxartmısan, genə nə oyun çıxartmısan?” Bax, deyirəm, mən heç bir oyun-zad çıxartmamışam. Heç bir oyun-zad çı-xart-ma-mı-şam.
1-ci MƏHBUS (təsbehi ucadan şaqqıldadaraq): Vəssalam! İşimiz-gücümüz var da. Bu dəli yenə başladı. Axşamatan baş-qulağımız gedəcək.
DƏLİ: Deyirəm də, niyə inanmırsız? Mən eləməmişəm. Mən heç bir oyun-zad çıxartmamışam!
2-ci MƏHBUS (qəfildən addımlamağını saxlayaraq): Ayə, sənə deyənmi var, nəsə eləmisən. Sus da barı! Nətəhər adamsan sən?
DƏLİ: Adam? Yox, mən adam deyiləm.
3-cü MƏHBUS: Bəs, nəsən sən?
DƏLİ: Mən ? Mən ha? Mən azad insanam. Özüm də heç nə eləməmişəm.
1-ci MƏHBUS (istehzayla): Fikir eləmə, qədeş, görünür elə, bizim içimizdə ən azadı sənsən.
DƏLİ: Bax, əhsən sənə! Bircə sən başa düşdün .
Dəlidən başqa hamısı gülür.
1-ci MƏHBUS (çarpayıdan qalxaraq stolun arxasındakı oturacağa əyləşir): Yaxşı, yaxşı. Gəl otur burada !
DƏLİ (oturacağa sarı addımlaya- addımlaya öz-özünə danışırmış kimi): Deyirəm də, mən eləməmişəm, mən heç nə eləməmişəm. Heç bir oyun-zad çıxartmamışam.
1-ci MƏHBUS: Yaxşı, sizə nə olub? Keçin oturun da. Bu gün bayramdır axı. Bir söhbət eyləyək, görək başımıza nə gəlir.
2-ci MƏHBUS (hələ də o tərəf-bu tərəfə addımlayır): Əşşi, ağsaqqal, sən də qoy görək, mənim canım ağrıyır burda. Az qalır içim- içalatım sıyrılıb çıxa. Bütün damarlarımda qan donub elə bil, hərəkət eləmir. Başım zoq-zoq zoqquldayır, partlayır ağrıdan. Bu da təzə çıxdı, yox bir, bilməmişdik, türmədə də bayram olacaq.
DƏLİ: Nə bilim əə… Mən heç nə deməmişəm.
1-ci MƏHBUS (2-ci MƏHBUSa): Necə yəni, türmədə nə bayram? Bayram elə hər yerdə bayramdı. İstəyirsən həbisxanada ol, istəyirsən azadlıqda – evdə, metroda, təyyarədə, dəxli yoxdu. Bu, Yeni İldi, sən istəsən də, istəməsən də, qarşılasan, qarşılamasan da, həyatına daxil olacaq. Mütləq boyunda-buxnunda, sifətində, saçında, ömründə nəyisə dəyişəcək. Sənin deməyinlə deyil ki.
2-ci MƏHBUS: Nəyi dəyişəcək axı?
1-ci MƏHBUS: Çox şeyi. Bax, sən hal-hazırda həbsxanadasan. Yeni ildə isə azadlığa çıxa bilərsən. Bu, xırda işdir bəyəm?
2-ci MƏHBUS: Ölmə eşşəyim, ölmə, yaz gələr, yonca bitər, hə?
3-cü MƏHBUS (siqaretini söndürərək): Ağsaqqal, sənin dediklərinə heç bir iradım yoxdur. Sən Allah, düz başa düş, intəhası, mənim bu Yeni İldir, ad günüdür, bunlar haqqında öz fikirim var e. Hələ azadlıqda olarkən belə münasibətlərlə hansısa məclisdə yığışardıq. Mənə söz veriləndə, öz tostumda da bu fikirləri deyərdim. Bax, bu Yeni ildir, doğum günüdür, adamlar bunları çox böyük təmtəraqla, xüsusi məclislərlə qeyd edirlər. Kimisi evdə, kimisi restoranda. Baxır da, hərə öz imkanına görə. Yemək-içmək, çal-çağır, şadlıq, şadyanalıq.
1-ci MƏHBUS: Pah, belə də olmalıdır da. Burda pis nə var ki?
3-cü MƏHBUS: Yox ey, ağsaqqal, axı burda bir incə məsələ də var.
Bu zaman 2-ci MƏHBUS da addımlamağını saxlayaraq maraqla qulaq asır.
DƏLİ: Bax, hamınız görürüsüz də, mən heç nə demirəm. Sonra heç kim mənə deməsin ki, genə nə oyun çıxarmısan.
2-ci MƏHBUS: Əşşi, sən də ha… bir sakit ol görək.
DƏLİ: Nə bilim əə…
1-ci MƏHBUS (3-cü MƏHBUSa): Hə, intellegent, sən danış görək, o nə incə məsələdi elə.
3-cü MƏHBUS: Bu gün Yeni İl gəlir, düzdü? Yaxud ad günümüzü qeyd edirik. Lap əla! Amma heç kimin ağlına gəlmir ki, buna kədərlənmək, təəssüflənmək lazımdı.
1-ci MƏHBUS: Kədərlənmək niyə?
3-cü MƏHBUS: Bu dəqiqə izah eləyim. Olub da, yəqin çoxumuzda olub. Bir də görürsən, hardasa, necəsə cibimizdən bir abbası düşüb itib. Oturduğumuz yerdə başlayırıq vurnuxmağa. Ora baxırıq, bura baxırıq, tapa bilmirik. Başlayırıq təəssüflənməyə. Fikirləşirik ki, görəsən harda salıb itirmişik bu andıra qalmışı. Belə baxanda, mahiyyəti nədi ki, bir abbasıdı da. Amma heyifsilənirik, təəssüflənirik. İtkidi axı. İtki pis şeydi. Necə olsa, adama təsir eləyir. İstəyirsən, bir abbası itir, bir milyon itir ya da istəyirsən yaxın bir adamını, əzizini itir. Fərqi yoxdur, itki itkidi. Yandıracaq səni. Elə hey bu barədə düşünəcək, təəssüflənəcəksən. Görəsən, necə oldu, fikrim hardaydı ki, salıb itirdim o bir abbasını. Ancaq hər Yeni İl gələndə, hər təvəllüd gününü qeyd edəndə adamın heç ağlına da gəlmir ki, əslində, o, ən qiymətli bir şeyi itirir. Elə bir şey ki, dünyada heç vəhclə onu qazanmaq, geri qaytarmaq mümkün deyil. Ömrünün daha bir ili. Həyatın bir il azalır, gücün, qüvvən, təravətuin daha bir il müddətinə tükənir. Daha bir il qocalığına, nə bilim, ömrünün sonuna, axırına, ölümünə yaxınlaşırsan. Həyatda o qədər arzuların, ümüdlərin, məqsədlərin var ki, hələ heç yel olub yanından ötməmisən. Amma nə faydası, itirə-itirə gedirsən. Hələ bu azmış kimi, bunu xüsusi bir təmtəraqla, təntənəylə qeyd də eləyirsən. Keyfin ala buludda, sevincinin həddi-hüdudu yox…
1-ci MƏHBUS: Hə, qədeş, ağlabatan söhbətdi, sən düz deyirsən.
DƏLİ: Nə bilim əə…
2-ci MƏHBUS: Əşşi, düz də deyib qoydun? Biz bisavad adamlarıq, qandığımız qrafa yox, hardan biləciyik belə-belə şeyləri
3-cü MƏHBUS (siqaret yandırır): Adamlar belədi də, bir abbası itirəndə min yerə vurnuxurlar, ancaq bilə-bilə ki, ömürlərinin daha bir ili əldən çıxdı, veclərinə də olmur. Üstəlik, sevinir, məxsusi qeyd də eləyirlər.
1-ci MƏHBUS (3-cü MƏHBUSun əlindəki siqaretə işarə edərək): Qədeş, sən yaman çox çəkirsən. Canına ziyandı axı. Özü də belə bir yerdə. Havası yox, filanı yox. Nəmişlik, rütubət.
DƏLİ (əllərini qaldırıb göstərir): Bax, görürsüz, mən siqaret-zad çəkmirəm ha… İndidən xəbərdar eləyirəm, sonra mənə heç kim deməsin ki, genə nə oyun çıxartmısan.
3-cü MƏHBUS: Ağsaqqal, bu siqaret olmasa, bağırım çatlayar burda, bir gün də dözə bilmərəm.
1-ci MƏHBUS: Maqadandan beləsinə gəzmişəm. Cavanlığımda mən də sənin kimi fikirləşirdim. Gecə-gündüz: püf-püf, püf-püf. Siqareti-siqaretə calayırdım, paravoz kimi tüstülədirdim. Cavanlıq belədi də, bədən sağlam, orqanizm möhkəm. Heç vecinə də olmur. Amma vaxt ötür, yaş keçir, görürsən ki, yoox, heç də belə deyilmiş. Canın sözünə baxmır, gərək zamanında onu qoruyaydın. Axırı da belə. Bu lənətə gəlmiş astmanı tapmağıma səbəblərdən biri də elə bu soyxaya qalmış siqaret oldu.
DƏLİ: Mənə nə? Heç bir oyun-zad çıxartmamışam ki? Vəssalam, şüttamam!
3-cü MƏHBUS: Bilirsən, ağsaqqal, tutaq ki, sənnən razılaşdım. Hər dəfə deyirsən ki, ömrünün çoxu türmələrdə keçib. Düzdü?
1-ci MƏHBUS: Həri qədeş, həri.
DƏLİ: Özüvüz bilərsiz. Düzdü, əyridi, mənə nə?
2-ci MƏHBUS (hirslə dəliyə): Əşşi, sən də dayan görək, bu intellegent yenə nə deyir də…
3-cü MƏHBUS: Deməli, bizə baxanda həyat təcrübən qat-qat çoxdu. Ona görə də icazə versən, sənə bir sual verərdim.
DƏLİ: Bəri başdan sizə deyirəm, məni bu işə qatmayın. Kim kimə sual verər, cavab verər, mənə nə?
1-ci MƏHBUS: Ona baş qoşma. Sən sualını ver, görüm nə deyirsən.
3-cü MƏHBUS: Söz yox ki, dostu-düşməni bizdən yaxşı tanıyarsan.
1-ci MƏHBUS: Nöşün ki, belə də, özümə görə.
3-cü MƏHBUS: Həyatda heç dostun olubmu?
1-ci MƏHBUS: Harda? İçəridə yoxsa çöldə?
3-cü MƏHBUS: Məsələn, çöldə.
1-ci MƏHBUS: Olub, niyə olmayıb ki.
3-cü MƏHBUS: Aton rəhmətlik.
DƏLİ: Aton rəhmətlik!
3-cü MƏHBUS: İndi, de görüm, neçə illər ki, türmələrdə olmusan, onlardan biri gəlib səni axtarıbmı?
DƏLİ: Aton rəhmətlik!
2-ci MƏHBUS (1-ci MƏHBUSa sevincək halda): Hə, nə dayanmısan, cavab ver də görüm.
PAUZA
1-ci MƏHBUS (xeyli fikirləşir, kədərlə): Yox, gəlmədilər. Namərdlərin heç biri bircə dəfə də olsun gəlib yoxlamadı, axtarmadı məni.
DƏLİ: Nə bilim əəə… Aton rəhmətlik.
3-cü MƏHBUS: Bax görürsən ki. Həə, fikir eləmə, ağsaqqal, dostların hamısı belədi. Hamısı…
PAUZA
DƏLİ (astadan): Hamısı…
QISA PAUZA
3-cü MƏHBUS: Dar günün, çətin günün dostu-filan, bunlar gəlişi gözəl sözlərdir. Başqa heç nə.
1-ci MƏHBUS: Qədeş, doğrusu xoşum gəlir, sən belə yaxşı-yaxşı danışırsan. Amma bir işdə var, axı biz də kiminsə dostuyuq.
3-cü MƏHBUS: Etiraz eləmirəm. Dedim axı, dostların hamısı. Bəzisi demədim ki? Həə, vaxt gəlir, dostların hamısı üz döndərir, adamı atıb gedir. Yalnız birindən başqa. Sən onu atmasan, o, heç zaman səni atmaz.
2-ci MƏHBUS: O, kimdi ki?
DƏLİ: Mənə nə? Aton rəhmətlik!
PAUZA
3-cü MƏHBUS: Həə, o, belə, bir az gülməli çıxmasın, bax, bu siqaretdi (Bir qədər susduqdan sonra qutudan bir siqaret götürərək alışdırır). Yaxşı günündə də, pis günündə də səninlə bir yerdədir. Həmişə. O vaxta qədər ki, sən onu atasan, sən ondan üz döndərəsən (Siqaretdən dərin bir qullab alır, gözləri yol çəkir). Çünki o, cansız əşyadır. Hissiz, duygusuz… Əşya…
2-ci MƏHBUS: Əşşi, afərin sənə! Sən lap filosofmuşsan ki! (Gülərək) Səni elə yaxşı eləyib tutublar. (Siqaret yandıraraq) Lap siqaret çəkməyim gəldi.
DƏLİ: Mən heç nə demirəm. Mənə nə?
1-ci MƏHBUS (2-ci MƏHBUSa): Elə niyə deyirsən?
2-ci MƏHBUS: Əşşi, bu çöldə qalsaydı, bu cür söhbətlərlə çoxunun başını ağrıdardı.
DƏLİ: Nə bilim əə, özüvüz bilərsiz. Mən ancaq oxuya bilirəm.
1-ci MƏHBUS (DƏLİyə işarə edib gülümsəyərək): Öz aramızdı, bu kontuzya da biziynən əməlli-başlı məzələnir ha. Bunun bilmədiyinə qurd düşər.
DƏLİ: Oxumaq istəyirəm e. Oxuyum? Nə olar, qoy oxuyum da.
2-ci MƏHBUS: Əşşi, saxla görüm, nə oxumaq. Canım çıxır burda.
DƏLİ: Nə olar, nə olar e? Cəmi bir ağız. Qoy oxuyum da. İstiyirəm axı.
2-ci MƏHBUS: Bax, xortdanları çağıraram ha! Sakit dur yerində!
DƏLİ yazıq-yazıq, yalvarıcı halda boynunu bükür.
3-cü MƏHBUS: İşiniz olmasın onnan. Qoy oxusun, ürəyini boşaltsın.
DƏLİ: Aton rəhmətlik!
DƏLİ əvvəl muğam oxumağa başlayır. İşıq azalır, alatoranlıq. İşıq şüası dəlinin üstünə düşür. O, Asta-asta ön səhnəyə addımlayır.
DƏLİ: Əziz dostum məndən küsüb incidi,
O gedib özümə gələ bilmirəm.
Elə bil əllərim yox olub mənim,
Gözümün yaşını silə bilmirəm.
Biz DƏLİnin çiyinlərinin tədricən silkələndiyini görürük. Sonda o, hıçqıra-hıçqıra ağlamağa başlayır. Səhnə tam aydınlaşır.
2-ci MƏHBUS: Əşşi, buna görə deyirdim də. Başladı yenə zır-zıra. Zalım oğlunun səsinə söz yox, bir bu ağlamağı olmaya.
1-ci MƏHBUS: Neyləsin, o da belə bədbaxtdı da.
3-cü MƏHBUS (Dəliyə tərəf gedərək onu qucaqlayır, özüylə birgə stola sarı gətirərərək, oturacaqda yanında oturdur): Ağlama, kişisən axı, ağlama. Nə var burda e, ağlamalı? Tezliklə burdan çıxacaqsan, gedəcəksən evinizə. Yaxşı da, ağlama. Səni burda çox saxlaya bilməyəcəklər. Bir səhvdi olub. (İnamsız halda) Mən inanıram ki, bizim hamımız tezliklə azadlığa çıxacağıq. (Şövqlə) Ən birinci də sən! (Tam inamsız halda) Deyirlər bu gün bayram münasibətilə amnistiya veriləcək. Hə, danışdıq? Daha ağlama. Di sakit ol da, kiri, ağlama. (Hiss olunur ki, özü də kövrəlib) Yaxşı da, bəsdi… ağlama…
PAUZA
2-ci MƏHBUS var-gəl edir. Tədricən hərəkətləri daha da becidləşir.
2-ci MƏHBUS: Hə, ağsaqqal, bayaqdan yaman bayram-bayram deyirdin. Nə oldu bəs? Həə? De görüm, nə oldu sənin bayramın? Budu sənin bayramın? De də, de!
1-ci MƏHBUS: Sən də yaxşı görək. Nə olub ki, bizim bayramımıza? Ona qəti fikir verməyin, dedim axı, bədbaxtdı da yazıq. (Bir qədər əsəbi) Bayram-zad nə qanır o. Onu tutub bura salanın Allah evini yıxsın. (Öz-özünə danışırmış kimi) Bayram bayramdı da. Hamımızın bayramıdı. Cinayətkarın da, günahsızın da. Ağıllının da, dəlinin də. Hakimin də, müttəhimin də. Nə olsun? Nə olub ki, bizim bayramımıza? (2-ci MƏHBUSa) Gəl, gəl, keç otur burda. Lap ürəyim sıxıldı. Qoy bir azda mən “tasovkalayım”.
2-ci MƏHBUS (gəlib oturur): Əşşi nə bilim e… Mənə nə? (Qəfildən sanki nəsə hiss edib gülür) Deyəsən, mən də yavaş-yavaş ağlımı itirirəm.
1-ci MƏHBUS: Aton rəhmətlik!
2-ci MƏHBUS: Görürsən, deyirəm də, axırda hamımız dəli olacağıq burda
DƏLİ-dən başqa hamısı gülür.
DƏLİ (heyrətlə onlara baxır): Bax, mən heç nə demədim ha. Sonra deməyin, genə nə oyun çıxarmısan.
Əvvəlcə addım səsləri və açar topasının cingiltisi eşidilir. Sonra şaqqa-şaraqla səhnənin dərinliyindəki qapının ortasında yerləşən nəfəslik bayır tərəfdən açılır.
NƏZARƏTÇİNİN SƏSİ: Muştuluğumu kim verəcək? Gəlin görək, evdən sovqat var! Bayram sovqatı!
3-cü MƏHBUS qapıya yaxınlaşır. Əvvəlcə bayırdan ona bir kağız uzadırlar. Sonra o, kağıza baxaraq şeyləri qəbul edir.
NƏZARƏTÇİNİN SƏSİ (şeyləri içəri ötürə-ötürə): Əcəb kefdəsiniz bu gün. Nuş eləyin bu təamlardan, şellənin özünüzçün. Nə qulağınızadı ki, işıq pulu vermirsiz, qaz pulu vermirsiz. Nə uşaqlar əyin-baş istəyir, nə arvad baş-qulağınızı dəng eləyir. Yeyib-içib yatırsız. Necə deyərlər, burda mənəm, bağdadda kor xəlifə.
3-cü MƏHBUS: Burda siqaretdən çatmır axı?
NƏZARƏTÇİNİN SƏSİ: Əşşi, indi nədi, odu da.
3-cü MƏHBUS: Bax, burda qeyd olunub: təndir çörəyi 7 ədəd. Ama ikisi çatmır.
NƏZARƏTÇİNİN SƏSİ: Sən Allah, yaxşı. Bu bayram günündə nə yaman xırdaçılıq eləyirsən.
3-cü MƏHBUS: Xırdaçılıq deyəndə ki…
NƏZARƏTÇİNİN SƏSİ: Səninki iş olmadı ha, yaman uzatdın. Əsas mənim muştuluğumu ver görüm.
3-cü MƏHBUS: Gözlə də bir azca, hövsələn olsun. (Qəbul etdiyi sovqatdan xırda sellofan torbaya siqaret, meyvə, şirniyyat və s. yığaraq bayıra ötürür) Bu da sənin müştuluğun. Bizimkiləri gördünmü? Bir söz demədilər?
NƏZARƏTÇİNİN SƏSİ (bu dəfə əsəbi): Yox, heç kəsi görmədim. Cəld ol, kağızı imzala, qaytar. İşim başımdan aşır.
3-cü MƏHBUS: Bu saat imzalayıram. (Kağızı imzalayır. Nəfəslikdən bayıra boylanır) Dəqiq heç kimi görmədin də?
NƏZARƏTÇİNİN SƏSİ (zəhmli tonla): Dedim axı yox! Bir az əldən iti ol. Tələsirəm!
3-cü MƏHBUS: Al, bu da kağız. Deyirsən heç nə demədilər?
Nəfəslik şappıltıyla bağlanır. Açar şaqqıldayır. Tədricən addım səsləri və açar topasının cingiltisi uzaqlaşır. 3-cü MƏHBUS qapının qarşısında bir qədər lal-dinməz başını əlləri arasına alaraq çömbəlib oturur. Sonra ayağa qalxaraq ləng hərəkətlərlə pay-püşü daşıyıb stolun üstünə yığır. Yenə başı əlləri arasında çarpayılardan birinə əyləşir.
1-ci MƏHBUS: Bu nəzarətçi tayfası min ildi ki, belədir. İstədiklərini alana qədər ilan dili çıxarırlar. Necə ki, istədiklərini əldə elədilər, o dəqiqə dəyişirlər, qarşılarındakını heç adam yerinə belə qoymurlar.
PAUZA
1-ci MƏHBUS: Buqələmün köpəkoğlu!
DƏLİ (stolun üstündəkilərə işarəylə): Bu nədi belə? Yenə bayramdı?
2-ci MƏHBUS: Əşşi, sənə nə var e, gündə sovqat gəlsə, səninçün bayramdı.
DƏLİ: Bax, mən heç nə demədim ha. Özüvüz dediz ki, bayramdı. Mənlik burda heç bir şey yoxdu. (Sevincək halda əllərini bir-birinə çırpır) Urraa, bayramdı!
3-cü MƏHBUS (çarəsiz halda): Lənət olsun belə həyata!
DƏLİ: Aton rəhmətlik.
2-ci MƏHBUS (çımxıraraq): Əşşi, sən də mumla görək.
DƏLİ: Mən heç nə deməmişəm, mənə nə?
2-ci MƏHBUS (ucadan, hirslə): Mumla dedim, axı!
3-cü MƏHBUS (qəzəblə qışqırır): Bəsdirin! (Qalxıb yumruğunu stola çırpır) Bəsdirin dedim sizə!
QISA PAUZA
3-cü MƏHBUS (çarəsiz və kövrəlmiş halda): Xahiş edirəm sizdən, bir hovur sakit durun. Bir azca! Xahiş edirəm…
UZUN PAUZA
DƏLİ (pıçıltıyla): Nə bilim əəə…
PAUZA
1-ci MƏHBUS (addımlamağını saxlayaraq stola yaxınlaşıb saxta sevinclə): Həə, bu lap yaxşı oldu. Bu bayram sovqatı lap yerinə düşdü. Axşama əla bir bayram süfrəsi açacağıq. (Əliylə DƏLİnin kürəyinə şappıldadır) İndisə, sən gəl kömək elə, bunları buradan yığışdıraq. Sən ağıllı balasan axı. Ağıllı bala… (DƏLİ ilə birgə masanın üstündəkiləri bir-bir masanın altına yığırlar). Axşam tərəfi yaxşı bir bayram süfrəsi bəzəyəcəyik. (DƏLİyə) Eləmi, ağıllı bala? Oturarıq, belə yaxşı-yaxşı bayramımızı qeyd eliyərik. Düzdü, hə, ağıllı bala?
DƏLİ: Aton rəhmətlik! Mənə nə?
1-ci MƏHBUS: Necə yəni sənə nə? Bayram hamımızındı da, (bir qədər əsəbi) hamımızın…
PAUZA
DƏLİ: Nə bilim ee…
Musiqi.
1-ci MƏHBUS: Gəlin bir söhbət eləyək də… Mənim əla bir təklifim var. Onsuz da Yeni İlin gəlişinə hələ bir neçə saat qalır. Ona görə də, məsələn, belə bir iş eləyək. Həyatımızı, başımıza gələnləri danışaq. Görək bir kimik, nəçiyik, niyə bura düşmüşük? Həm darıxıb eləmərik, həm də vaxt gəlib keçər.
PAUZA
1-ci MƏHBUS: Hə, nə oldu? Kimdən başlayaq?
DƏLİ: Mənə nə? Sonra deyərsiz ki, genə nə oyun çıxartmısan.
1-ci MƏHBUS (2-ci MƏHBUSa işarə ilə): Məsələn, bəlkə elə səndən başlayaq.
2-ci MƏHBUS: Əşşi, ağsaqqal, qoy oturmuşuq. Nə danışacağam e, mən. Guya bilmirsiz? Narkomanam da.
1-ci MƏHBUS: Yox ey, sən danış görək, necə oldu ki, narkoman oldun? Anadan ki, narkoman doğulmamısan? Səni bu içə nə vadar elədi? Niyə bu yola düşdün axı?
İşıq azalır, səhnə alatoranlaşır. İşıq şüası 2-ci MƏHBUSun üstünə düşür. Artıq o, ön səhnədədir. Digər 3-nün yalnız silueti sezilir və aradabir replikaları eşidilir.
2-ci MƏHBUS (monoloqu boyu arabir o yan-bu yana addımlayır): Mən ata-anamın gözlərinin ağı-qarası yeganə övladlarıydım. Nə bacım var, nə qardaşım. Özüm də valideynlərimin necə illik həsrətindən sonra dünyaya gəlmişəm. Ata-anam məndən ötrü canlarını belə əsirgəməzdilər. Nə arzum, nə istəyim olsa, yerinə yetirərdilər. Atam imknalı adam idi. Pula pul deməzdi. Gecə-gündüz fikri-zikri, ürəyi-göbəyi yanımda idi. Bəlkə də onu həyata bağlayan, yaşadan, ona yaşamağa ruh-güc verən yeganə varlıq mən idim (Əli ilə alnını döyəcləyir, acı-acı gülümsünür). Bəlkə də niyə? Bunun belə olduğu sonradan tam sübuta yetdi. Qərəz, ömrümün ən şirin xatirələri uşaqlığımla bağlıdı. Mən həyatımın ən gözəl günlərini o illərdə yaşadım. Eh, dünyada nə gözəl var imiş… Hər həftənin bazar günü atam məni də özü ilə bərbərxanaya aparardı. Əvvəl-əvvəl bu mənə çox qəribə gəlirdi. Bir həftə ərzində adamın saçı nə qədər arta bilər ki, onu kəsdirməyə ehtiyac da olsun. Bunu anama söyləyəndə, o mənə izah elədi ki, atam iş adamıdı, bütün günü müxtəlif insanların, cəmiyyətin içində olur. Ona görə də o, daima təmiz, səliqəli, gümrah görünməli, davranışı-hərəkətləri ilə başqalarına da nümunıə olmalıdı. Nəsə, sözüm onda deyil. Biz hər dəfə bərbərxanaya daxil olanda oradakılar atamı çox nəzakətlə, hörmətlə qarşılayardılar. Bəziləri o dərəcədə yaltaqlanardı ki, bu hətta mənim də uşaq nəzərlərimdən yayınmazdı. Yalan danışmağın nə mənası. Bütün bunalar mənə ləzzət verərdi. Düşünürdüm ki, mənim atam hamıdan güclü, qüvvətlidi. Hamı ondan çəkinir, hörmət edir, etiram bəsləyir, hətta yeri düşəndə yaltaqlanırlar da. Mən atamla fəxr edirdim… Sonra biz dəlləkxanadan evə qayıdır, birlikdə duş qəbul edirdik. O mənimlə duşun altında oynayır, qucağına alır, qıdıqlayır, min bir oyundan çıxırdı. Görünür, bizim hay-küyümüz, qəh-qəhəmiz hamamdan evə keçirdi ki, anam hamamın qapısını taqqıldadır, “Bəsdirin, nə hay düşüb belə, oralar sürüşkəndi, yıxılarsınız, tez yuyunub çıxın, evdə nə qədər istəsəniz oynayarsız” deyirdi… Eeehhh…
PAUZA
Sonra biz növbənöv mürəbbəylə limonlu çay içərdik…
QISA PAUZA
(Siqaret yandırır) Sonra mən, atam və anam şəhərə çıxardıq. Atamın xidməti maşınında mövsümdən asılı olaraq ya əvvəl dənizkənarı bulvara ya da birbaşa restorana gedərdik. Sanki bütün şəhər atamı tanıyırdı. Görən-görən, tanıdığı hər bir kəs ona hörmət-izzətlə ehtiram göstərirdi. Mən bütün hisssiyatımla duyurdum ki, anam da atamla fəxr edir, qürur duyur.
QISA PAUZA
Eeehhh… Nə gözəl günlər idi.
DƏLİNİN SƏSİ: Əşşi nə bilim eee…
QISA PAUZA
2-ci MƏHBUS: Yalnız bir dəfə… (bir əlini sıxıb yumruğunu o biri əlinin içinə vurur) …birçə dəfə… Mən… atamın kimdənsə çəkindiyini, hətta həmin adama yaltaqlandığını gördüm… Biz restorana daxil olduq və salondakı masalardan birinin ətrafına yığışmış o dörd nəfəri gördük. Bir yekəpər, yekəqarın, boynuyoğun kişi, boy-buxunda heç də ondan geri qalmayan dodaqları qıpqırmızı boyalı ənlikli-kirşanlı bir xanım və iki uşaq: bir qız, bir oğlan. Böyüklü-kiçikli dörüdünün də sir-sifətindən harınlıq yağırdı. Atam onları görən kimi sanki bizi unutdu. Tələsik onlara yaxınlaşdı. Əli sinəsində, tez-tez baş əyə-əyə xeyli onlarla söhbətləşdi, danışdı, güldü… Yox, gülmürdü, irişirdi… Hə, hə, irişirdi. Onlarsa atama çox saymazyana yanaşırdı. Atam o iki uşağın üzündən-gözündən öpür, saçlarını sığallayıdı. Buna baxmayaraq, onlar da öz böyükləri kimi atama qarşı biganəydilər. Sanki atamdan çimçəşirdilər. Mənim atamsa, hətta onlara da yaltaqlanır, irişirdi. Uşaqların anası – həmin o ənlikli-kirşanlı xanım qıpqırmızı boyalı dodaqlarını elə büzmüşdü ki, sanki atam insan deyil, nəsə əcayib bir məxluqdu ya da hansısa çarəsi tapılmayan xəstəlik daşıyıcısıdı… İlahi, adam nə qədər özündənrazı, müştəbeh ola bilər… Anam yavaşca mənə söylədi ki, o kişi atamın rəisidir…
QISA PAUZA
O gün getsin, gəlməsin… Yediyim-içdiyim boğazımdan keçmirdi. Özümə də, atama da nifrət eləyirdim. Demək, hamısı yalanmış. Deməli, mən aldanmışam. Heç də atam bu dünyada hamıdan güclü-qüvvətli deyilmiş. O qıpqırmızı boyalı dodaqlar indi də gözlərimin önündədir. Mənə elə gəlir ki, o dodaqların qırmızısı boya deyil, atamın sınmış, məhv edilmiş qürurunun qanıdır.
QISA PAUZA
…Və bir də mən atamı onu saya salmayan, adam yerinə qoymayan o harın uşaqlara o cür irişdiyinə görə günü bu gündə bağışlaya bilmlrəm.
DƏLİNİN SƏSİ: Eeeh, nə bilim əəə…
1-ci MƏHBUSUN SƏSİ: Sonra…
2-ci MƏHBUS: Hm, sonra… Sonra həmişə atamdan güclü, onun qürurunu sındıra biləcək insanlardan intiqam almaq xəyalıyla yaşadım.
QISA PAUZA
14-15 yaşım vardı. Belə xülyalarla yaşadığım günlərin birində məhlə uşaqlarından biri mənə yanaşdı. “Nə yaman fikirlisən?” deyə soruşdu. “Dərdi-qəmi unutmağın, dünyanın bütün keyflərini çəkməyin açarı məndədi” söylədi. Xeyli belə-belə söhbətlər elədi… Və mən ilk dəfə narkotik qəbul etdim. Doğurdan da, bu, əsl həzz idi. Sanki ayaqlarım yerdən üzülmüşdü, göyün yeddinci qatındaydım, elə hey belədən-belə uçur, uçurdum… Hamı, hər şey məndən aşağıda idi… Dünyanın yeğanə sahibi-mütləqi mən idim. Bütün harınlaşmış, müştəbeh rəisləri, onların idbar, dodaqları qıpqırmızı boyalı harın xanımlarını, özündənrazı harın uşaqlarını ürəyimin istəyincə cəzalandırırdım… Mən hamıdan güclüydüm…
PAUZA
Səhərisi gün… o keyfi yenidən yaşamaq istədim. Həmin məhlə uşağına yaxınlaşdım. Bəs, belə-belə dedim. O, iynəni damarıma keçirəndən sonra tədricən, aram-aram ayrı bir aləmə düşdüyümü hiss edirdim. Bu elə bir ləzzət idi ki, adam heç qadınla olanda belə həmin həzzi ala bilmir. Yenə bütün dünya ayaqlarım altında idi. Biz həmin məhlə uşağı ilə bir-birimizə baxır, nəyə güldüyümüzü bilməsək də, elə hey gülür, gülürdük.
PAUZA
Üçünçü gün isə bədənim ağrıdan qıvrılırdı. Sanki orqanizmimdə nəsə çatışmırdı. Ağrıdan qovrula-qovrula yenə həmin oğlanı tapdım. “Bir şey təşkil elə, ölürəm”, dedim. “Hardan təşkil eləyim, – dedi, – pul lazımdı, pul”. Cibimdə nəyim vardı verdim. Necə ki, iynə damarıma keçdi, sanki ağrılarım da qeybə çəkildi, canın sütləşdi, rahatlandı. Belə-belə, oldum narkoman. Əvvəl-əvvəl ağrılardan qurtulmaq üçün gündə bir dəfə, sonralar gündə iki dəfə, bəzən hətta üç dəfə narkotik qəbul edirdim. Daha heç bir həzz filan yox idi. Sadəcə, canımı ağrılardan qurtarmaq istəyirdim. Pul olmayanda evdən nəsə oğurlayırdım. Təki bu lənətə gəlmiş ağrıladan qurtulum… Və günlərin bir günündə də məni həbs elədilər. Həm nakotik istifadəçisi, həm də alqı-satqısı ilə məşğul olan şəxs kimi. Halbuki, mən yalnız narkotik istifadəçisi idim. Xəstə idim. Özümə zorla tapırdım, alqı-satqısı ilə necə məşğul ola bilərdim ki. Amma kimə deyirsən, müstəntiqlərə bunu sübut eləmək mümkündümü? Beləcə, birinci dəfə üç il yarım iş aldım. Cəzamı çəkərkən elə türmədəcə bir mərdiməzarla sözüm çəp gəldi. Vurdum öldürdüm onu. Başqa yolum da yox idi. Əgər mən onu cəhənnəmə valis eləməsəydim, o vurub öldürəcəkdi məni. Cəzamı daha 3 il 6ay artırdılar.
PAUZA
Həbsxanada olanda bir dəfə atam görüşümə gəlmişdi. Az qala tanımayacaqdım öz doğmaca atamı. İlahi, dərd, iztirab, əzab insanı necə də dəyişərmiş. Əvvəlki suxluğundan əsər-əlamət qalmamışdı. Saçları ağappaq ağarmış, gözlərinin altı torbalanmış, beli bükülmüş, qüruru sınmış, miskin bir məxluq. Öz-özümə nifrət edirdim. Sonralar türmədə olduğum 7 il müddətində atam bircə dəfə də görüşümə gəlmədi. Birinci cəza müddətimi başa vurub azadlığa çıxandan sonra məlum oldu ki, atamın bütün bu baş verənlərə ürəyi dözməyib, iki dəfə infarkt keçirərək dünyasını dəyişib. Nə xeyri, soruş bir əməllərimdən əl çəkdimmi? Yenə də köhnə hamam, köhnə tas. Yenə də başladım narkotik qəbul etməyə. Yenə də həbs olundum. Bu dəfə azadlığa çıxanda məlum oldu ki, anam da başına gələnlərə tablamayıb, dünyasını dəyişib.
Bu zaman bir qadın və bir kişi silueti səhnə boyu addımlayaraq çıxıb gedir.
Hər şey əldən çıxdı. O xoşbəxt çağlar, ata-anamla birgə yaşadığımız o bəxtəvər günlər, valideynlərimin illərlə qəpik-qəpik yığdığı bütün var dövlət, hər şey, hər şey əldən çıxdı. Ata-anamın canı da getdi, malı da. Hamısı da mənim ucbatımdan. Mənim də axırım belə. Bu dəfə azadlığa çıxandan sonra özümə söz verdim ki, bir daha narkotikaya yaxın durmayacağam… Ancaq iradəm çatmadı. Verdiyim sözə əməl edə bilmədim. Düşündüm ki, cəmi bircə dəfə, cəmi bircə dəfə qəbul edim, sonra daha bu işlə məşğul olmaram. Fikirləşirdim ki, həmin o bir dəfə ilə yəqin bütün dərs-sərimi unudacaq, daha bir kərə ilk dəfə yaşadığım o hissi duyacağam. O-bu yenə hər şey təkrarlanmağa başladı. Qohum-qardaş da məndən üz döndərdi. Bomj halına düşdüm. İndi yenə burdayam. Mən xəstəyəm, xəstə. Məni həbs etmək yox, müalicə eləmək lazımdı. Hə, yaxşı yadıma düşdü, bu dəfəki müstəntiqim bilirsiz kimdi? Həmin o oğlan. Atamın rəisinin oğlu. Mən onu görən kimi tanıdım. Müştəbeh baxışlarından, dibinə qədər harınlıq hissi işləmiş gözlərindən tanıdım onu.
QISA PAUZA
Sizə deyim, bütün narkomanların incə və qədim bir siyasəti var. Onlar eşələyir, axtarır, harda ki bir azca imkanlı bir ailənin uşağı var, tapırlar, salırlar onu tora. Belə olur da, birdə görürsən, tərbiyəli, nümunəvi, imkanlı bir ailənin üzvü narkoman olur. Hə, həmin gənci əvvəl şirnikləndirirlər. Bir necə günlük həzdən sonra bədəndə ağrılar başlayır. Və bu vaxt o köhnə narkomanlar başlayırlar tora saldıqları gənci zəli kimi yavaş-yavaş sormağa. Bütün bunların axırıdakı adamı həbsxanaya gətirib çıxarırır.
QISA PAUZA
Kim nə deyir deyisin. Mən bunu tam məsuliyyəti ilə bəyan edirəm: dünyada azadlıq həzzindən böyük, ləzzətli həzz yoxdu.
DƏLİNİN SƏSİ: Nə bilim əə…
Musiqi.
İşıq sönür. Yanır. Səhnə dəyişmir. Bu dəfə 2-ci MƏHBUSun yerində 3-cü MƏHBUSu görürük. Əvvəl o, bir necə dəfə spiçka çəkib siqaret yandırır. İşıq süası sonra onu tam işıqlandırır.
3-cü MƏHBUS: Mənim uşaqlığım olmayıb. Həyatımın ən gözəl çağları, ən şirin, unudulmaz xatirələri gəncliyimlə bağlıdı. Biz çox kasıb olmuşuq. Valideynlərimi çox erkən itirmişəm. Onları itirəndən sonra özümdən kiçik bacı-qardaşlarımın da qayğısını mən çəkməli olmuşam. Mən bilmirəm uşaqlıq nə olan şeydi. Onun sevinci, firavanlığı, xoşbəxtliyi, qayğısızlığı nə olan seydi, mən bilmirəm. Bir əlində valideynlərinin əli, o biri əlində rəngbərəng şarlar tutan, deyən, gülən, şadlanan, qayğısız, hər şeydən arxayın yaşıdlarıma həmişə qibtəylə, həsədlə baxırdım. Mən də uşaq idim. Bəs, mənim bütün bunlara haqqım çatmırdımı? Axı, niyə dünyada bərabərlik yoxdu? Niyə kimsə varlı, kimsə kasıbdı? Niyə biri çox işləyib az qazanır, o birisi isə az işləyib çox qazanır? Niyə biri ağa, biri quldu? Niyə biri qayğısız, rahat, firavan şəkildə ömrünün bütün çağlarının keyfini çəkir, o birinin isə heç yerli dibli uşaqlığı olmur? Niyə? Həə, bütün bunları düşünə-düşünə qarşıma məqsəd qoydum: mən dünyanı dəyişəcəyəm. Bütün haqsızlıqlara qalib gələcəyəm. Çalışdım, vuruşdum, min bir əzaba sinə gərdim. Həm özümdən kiçik bacı-qardaşımı böyütdüm, həm də əlləşib vuruşa-vuruşa, işləyə-işləyə özüm oxudum, ali iqtisadi təhsil aldım. Oxuyub qurtarandan sonra iş tapa bilmədim. Çünki mənim nə arxa-dayağım, nə də pul-param var idi. Yenə usanmadım, məqsədimdən dönmədim. İşlədim, işlədim, özümə kiçik bir biznes qurdum… Ev aldım… Evləndim… Dünyaya bir oğlum gəldi. O oğul bala öz gəlişi ilə hər şeyi – bütün ağrı-açılarımı, dərdi-sərimi unutdurdu. Mən indi sağlam, qayğısız, gənc və xoşbəxt bir ata idim. Artıq mənim həyatımın daha bir böyük, xoş, əvəzsiz mənası vardı: oğlum və ailəm… Deyir, sən saydığını say, gör fələk nə sayır…
PAUZA
(Siqaret yandırır) Yox, mən çox da böyük şirkət sahibi deyildim. Xırda bir ərazidə yerləşn kiçik bir şirkət idi. 25-30 nəfərin iş yeri… Sən demə, mənim bu balaca şirkətimin yerləşdiyi ərazidə çoxlarının gözü var imiş. Əvvəl, necə deyərlər, “elçilər”, vasitəçilər gəldi. Bəs, belə-belə, buranı sat bizə. Satmıram, dedim. Yox, gərək mütləq buranı satasan bizə, söylədilər. Oturduğun yerdə işə düşmək bax budu ha. Bildirdim ki, mənim heç nəyi, heç haranı satmaq fikrim-filanım yoxdu. Axı kim almaq istəyir buranı, soruşdum. Nəyinə lazım, mötəbər bir adamdı, dedilər. Nə isə, birinci cəhdləri alınmadı…
QISA PAUZA
İkinci cəhddə məlum oldu ki, müştəri rayonun polis rəisidir. Sən demə, rəisin oğlu bu ərazidə özüyçün kiçik idman zalı, sauna-filan tikdirmək istəyir. Siz nə danışırsınız, dedim, bura məndən savayı 25-30 nəfərin iş yeridi, 25-30 ailə buradan dolanır. Əl çəkmədilər, nə qədər istəyirsən, haqqını ödəyək, sat buraları, deyib durdular. Mənim də bir tərs damarım var, saldım inadıma, yox ki, yox dedim. Həm də burda bir qurur, ləyaqət məsələsi vardı. Digər tərəfdən isə mən ordakı boş ərazidə imkansız, kasıb, sahibsiz uşaqlar üçün gündə üç vədə yemək-içmək şərtiylə oxumağa, təhsil almağa, yaşamağa qanuni əsaslarla bir xeyriyyə fondu açmaq istəyirdim. Nə isə…
QISA PAUZA
Sonra rəisin adamları başladılar məni hədələməyə. Ay belə vurarıq, belə öldürərik, başına min oyun açarıq. Şikayət etmədiyim, müraciət eləmədiyim yer qalmadı. Nə faydası. Bütün şikayət ərizələrimi araşdırmaq üçün elə həmin rəisin üstünə yollayırdılar. Sonra yerli-yersiz yoxlamalar başladı. Bu gəldi, o getdi, o getdi, bu gəldi. Çox eşələdilər, çox axtardılar, heç bir qanun pozuntusu tapa bilmədilər. Axırı da belə… Bir fahişəni üzümə durğuzdurdular, şərləyib atdılar içəri…
PAUZA
(Siqaret yandırır, hiss olunur ki, əlləri əsir) Uzun illər ərzində min bir əzab-əziyyətlə qəpik-qəpik, kərpic-kərpic yığıb qurduqlarımı bircə günün içərisində yerlə-yeksan elədilər. İt də getdi, ip də getdi. Özüm də həbs olundum, ailəm başsız, yiyəsiz, neçə-neçə ailə isə işsiz, çörəksiz, ümidsiz qaldı…
UZUN PAUZA
(Qabarıq şəkildə siqaretin közərdiyini görürük) Oğlum hər an mənimlədir. Uzanıram, yatıram, dururam, bircə an olun belə onun siması gözlərimin önündən çəkilmir. Onun sevinc dolu, ümid dolu körpə gözlərini heç cür unuda bilmirəm… Mən necə də bəxtiyar idim… İşdən evə qayıdırdım… Xanımım gülər üzlə qapını üzümə açırdı… Oğlumu görən kimi bütün yorğunluğum canımdan çıxırdı… Oynayırdım onunla… atırdım… tuturdum… Sonra anası ilə birlikdə laylay deyib yatızdırırdıq onu…
Səhnənin önündə qucağında körpə olan qadın silueti görünür. Laylay səsi eşidilir.
Laylay dedim yatasan,
Qızılgülə batasan.
Qızılgülün içində
Şirin yuxu tapasan.
Laylay balam, a laylay,
Körpə balam a laylay.
3-cü MƏHBUS: O uzaq illərdə həmişə düşünürdüm ki, əgər Allah qismət eləsə, övladlarım olsa, onları qayğısız, firavan böyüdəcəyəm. Nifrət etdiyim, xatırlamaq belə istəmədiyim uşaqlığımda çəkdiyim əziyyətləri imkan vermərəm ki, onlar da çəksin. Fəqət, hər şey necə də arzularımın ziddinə oldu. Mən atasız böyüdüm, uşaqlığın nə olduğunu bilmədim… Görünür, oğlum da mənim taleyimi yaşayacaq…
Musiqi
Bayırdan mütəhərrik addım səsləri yaxınlaşır. Açar topasının cingiltisi eşidilir. Qapı şaqqıltıyla açılır.
NƏZARƏTÇİNİN SƏSİ (amiranə tonda): Durun! Gəzintiyə! Bir az cəld olun! (Ucadan gülür) Ha-ha-ha… Bayram gəzintisinə!
Pərdə
1-ci hissənin sonu
__________________________________________________________________
2-ci hissə
1-ci hissədəki dekorasiya. Radiodan ətrafa “Qubanın ağ alması” mahnısının sədaları yayılır. DƏLİdən başqa hamı hərəkətdədir. DƏLİ ayaq üstə radionu qulağına dayayıb. Digər üçü stolun üstündə süfrə açırlar. “Onu bəri elə”, “Bax bunu burdan qoysaq yaxşıdır”, “Şirniyyatı ortaya”, “Sokları bura qoy” və s. bu qəbildən replikalar eşidilir. Tədricən radiodakı musiqinin səsi azalır, amma tam kəsilmir.
İkinci pərdə
2-ci MƏHBUS: Bilirsən, nə çatmır, ay ağsaqqal?
1-ci MƏHBUS: Qədeş, mən nə bilim, yenə ürəyindən nə keçir?
2-ci MƏHBUS: Yenə də bax da. Bir yaxşı-yaxşı fikir versən bilərsən.
1-ci MƏHBUS (zəndlə süfrəyə baxır, mənalı şəkildə deyir): Hə, bildim, bildim! Ay səni, xətakar… O soku, dedim axı, burdan qoy.
2-ci MƏHBUS: Deyirəm də, stolun bəzəyi ceyran südüdür. Xüsusilə də Yeni İl süfrəsində, şampan şərabının əvəzi yoxdur. Ala, bu çörəyi də yerləşdir ora.
1-ci MƏHBUS: İnşaallah, gələn il azadlıqda, evində-eşiyində süfrəyə ceyran südü də qoyarsan, şampan da.
2-ci MƏHBUS: Ağsaqqal, söz sözü çəkər, Yeni İl dedin, yadıma düşdü. (3-cü MƏHBUSa) İntellegent, bayaq yaman filosofluq eləyirdin. (Ağzıma bir dilim kolbasa atır) Əla kolbasadır. Hə, deyirdin ki, Yeni İl nə bilim, itkidir-filandır, ömrümüzdən gedir. Biz isə onu təmtəraqla qeyd edirik. Al, bu qatığı da qoy dolmanın yanına. Dolmanı ki isti-isti yemədin, nə ləzzəti. Hə, amma demədin ki, niyə insanlar bu itkini təntənəylə qeyd edirlər. Hər halda bunun da bir səbəbi olmamış olmaz.
1-ci MƏHBUS (əllərini böyürlərinə söykəyib kənardan stolu seyr edir): Hə, əladır. Əsl bayram süfrəsi. Keçin, keçin oturaq. (DƏLİyə) Sən də o radionu qoy bir tərəfə, keç otur.
2-ci MƏHBUS: Ağsaqqal, imkan ver, sualıma cavab versin də.
1-ci MƏHBUS: Nə deyirəm, cavab versin də. Əvvəl bir oturaq, sonra. Ancaq şərtimiz şərtdir, Yeni İl gələnə qədər süfrəyə əl uzatmırıq.
DƏLİ: Aton rəhmətlik! Mənə nə?!
DƏLİ radionu söndürüb çarpayılardan birinin üstünə qoyur. Dördü də stolun ətrafında oturur.
2-ci MƏHBUS: Hə, intellegent, səndən səs çıxmadı. Nədi görəsən bu təntənənin səbəbi?
3-cü MƏHBUS: Hər şeyin səbəbi olduğu kimi, bu təmtərağın da öz səbəbi var. Ona görə biz Yeni İli, doğum gününü xüsusi təntənəylə qeyd edirik ki, hər birimizin içində bir təsəlli, bir ümid var. Təsəllimiz odur ki, guya bütün ağrı-acımız, problemlərimiz arxada qoyduğmuz ildə qalır. Sevinir, şadlanırıq ki, canımız bütün çətinliklərdən qurtulacaq daha.
Ümidimiz isə odur ki, qarşıdan gələn il bizə uğur gətirəcək. Nə qədər yerinə yetməmiş arzumuz, istəyimiz, məqsədimiz varsa, hamısına qarşıdan gələn ildə qovuşacağıq. Bütün ümidlərimiz doğrulacaq, bütün arzularımız həyata keçəcək. Mənasız və mənasız olduğu qədər də ümidverici bir təsəlli. Xam xəyal. Utopiya. Öz-özünü aldatma. Dəhşətli və kədərli bir riyakarlıq.
DƏLİ: Aton rəhmətlik!
3-cü MƏHBUS (siqaret yandırır): Bir də, neyləyəsən axı? Bəyəm başqa bir yol, çarə varmı?
DƏLİ: Nə bilim əə… Mənə nə?! Özüm də heç bir oyun-zad çıxartmamışam.
2-ci MƏHBUS: Əşşi, mən deyirəm də, sözümü qəribçiliyə salırlar. İncimə, intellegent, ata canı, səni düz eləyib tutublar.
1-ci MƏHBUS: Bayaq da sənə dedim, bu əziz gündə belə nöş danışırsan.
2-ci MƏHBUS: Əşşi, bunun bu ağılnan çöldə nə işi ola bilər?
1-ci MƏHBUS: Çöldəkilərin hamısı ağılsızdı bəyəm?
DƏLİ: Aton rəhmətlik!
1-ci MƏHBUS: O ağıllı, bu dəli. Onda bu kontuziyanı bura niyə salıblar?
2-ci MƏHBUS: Ağılları olsa, heç onun kimi oğulu damlıyardılar? Məsələn, mən kiməm ki? Heç kim! Narkomanın biri. Xəstə. O isə niyə o günə düşüb, niyə kontuziya olub? Ona görə ki, döyüşüb, vətəni uğrunda, torpaq uğrunda. Əsgər olub e, əsgər. Yoxsa mən? Kimə lazımam axı?
DƏLİ: Nə bilim əə… Mənə nə?! Mən heç bir söz demirəm. Heç bir oyun-zad da çıxarmamışam.
3-cü MƏHBUS: Yaxşı-yaxşı, qurtarın görək.
PAUZA
1-ci MƏHBUS: Görəsən saat neçədir? Yeni İlə çox var?
2-ci MƏHBUS: Hələ 3-4 saat qalır.
1-ci MƏHBUS: Bəs indi neyniyək? Vaxtımızı necə öldürək?
2-ci MƏHBUS: Necə yəni neyləyək? Bayaqdan bizi danışdırırsan, indi də özün de görək, sən kimsən, nəçisən?
İşıq sönür. Əvvəlcə təsbeh dənələrinin ahəngdar səsi eşidilir. Sonra işıq yanır və biz ön səhnədə 1-ci MƏHBUSu görürük. Daha doğrusu, işıq şüası öncə təsbeh çevirən əli işıqlandırır, bundan sonra 1-ci MƏHBUS görünür.
1-ci MƏHBUS (monoloqu boyu tez-tez təngnəfəs olur, öskürür, “Aeorzol” istifadə edir): Qədeş, mənim nə uşaqlığım olub, nə də gəncliyim. Ömrüm elə həbsxanalarda, türmələrdə keçib. Nə yaşım vardı ki, birinci dəfə cinayət törədəndə. 15 yaşın içindəydim. Beynim qan çanağıydı. Qoşulmuşdum lotu-potuya. Məktəbdən, dərsdən yayınırdım. Qolumun zoru olsa da, bircə qram da olsun ağlım yox idi.
Dünya-aləm vecimə deyildi. Atam türmədən təzəcə çıxmışdı. Məni bu pis-pis yollardan çəkindirməkdənsə, fikrimi-zikrimi məktəbə, dərsə-kitaba yönəltməkdənsə, əksinə, bu şərəşür əməllərimi təqdir edir, yeri gəldi-gəlmədi, elə hey məni tərifləyirdi. Ay özündən deyən oğul belə olar, özünü tanıyan igid elə olar. Filan-peşməkan. Bu cür söhbətlərlə bir az da beynimi qızışdırır, bir qədər də yolumdan sapdırırdı məni.
O lənətə gəlmiş uzaq dövrlərdən yaddaşımda yalnız bircə işıqlı xatirə qalıb. Düzdü, qədeş, belə söhbətləri eləmək bir az yaxşı deyil, amma yeri gəlib, deyirəm. Qonşu məhəllədə bir qız yaşayırdı. İndinin özündə də baş aça bilmirəm, necə olmuşdu ki, mən onu o vaxtacan görməmişdim. Bəlkə də görmüşdüm, fikir verməmişdim. Anlaya bilmirəm, haçan gördüm onu, haçan tanıdım onu, haçan ürəyimə yol tapdı o. Bir də o zaman ayıldım ki, ay dadi-bidad, vurulmuşam bu müxənnət qızına. Əməlli-başlı ağlımı itirmişdim. Yerə-göyə sığmırdım. Dəli-divanə idim. Hətta o qızın xətrinə bir çox əməllərimə də son qoymuşdum.
Düşünürdüm ki, nəsə bir pis iş görsəm, gedib qulağına çatar, yaxşı düşməz. O müxənnət oğlunun qızına görə hər şeyə hazır idim. Öl desə ölərdim, qal desə qalardım. Həə, şair necə deyib: “Məhəbbət bir bəladır ki, giriftar olmayan bilməz…”.
Üstümü unnu görüb, adımı dəyirmançı qoymayın. Mənim də özümə görə belə-belə mətləblərdən bir az başım çıxır. Əlqərəz, günlərin bir günü eşitdim ki, qızın qonşusunda cılız, cürəbbəz, soxulcana oxşayan bir açkarik var. Nəsə bunları tez-tez bir yerdə görürlər. Nə bilim, kitabxanaya gedirik, məktəbdən gəlirik, bir yerdə dərs hazırlayırıq…
Kəsdim bu gədənin qabağını, alə, açkarik, yığışdır özüvü dedim. Adam dilində başa saldım ki, ya bir kərəmlik kitabxanaya-filana getməyi tərgizsin ya da özünə başqa yol yoldaşı tapsın… (Öskürür “Aerozol” qəbul edir) Boğuldum, nəfəsim kəsildi…
Qədeş, denən bu söhbətlərin bir xeyri oldumu?! Yox, Ətağa. Elə bil sözü daşa deyirsən. İkinci dəfə kəsdim bu açkarikin qarşısını.
Ala, maygülü, dedim, mənim qabağımda xod gedirsən? Belə oğlan hələ anasından olmuyub, sən hardan pırtdıyıb çıxmısan? Keçən kərəm sənə adam dilində başa saldım, qandırdım axı, bir də səni o qızın böyründə-başında görmüyüm. Alə, Həmədan eşşəyi, özüvü o yannığa qoyubsan ya məni lox hesab eliyirsən, sözümü saya salmırsan. Pah atonnan, sən bir gədədəki ürəyə bax e… Başdadı üstümə xoruzdanmağa.
İntellegent, sən mənim canım, incimə e mənnən, bu kitab-zad oxuyannar həqiqətən də başdan bir az o söz olur e… Qayıdasan mənə ki, özünüzü yığışdırın, nə bilim, tərbiyəsiz-tərbiyəsiz danışmayın.
Bu mənim şəxsi işimdir, özüm bilərəm, kimnən kitabxanaya gedərəm, kimnən məktəbdən gələrəm. Bir də ki, o qız sizin tayınız deyil, biz çoxdan sözləşmişik, məktəbi bitirəndən sonra evlənəcəyik. Nə bilim, filan-peşməkan.
Cin vurmadı təpəmə. Oduye, yapışdım bunu yaxasından, sən mənnən qoz-qoz oynayırsan, dedim. Alə, fisgirinkə, mənim bir sözümü iki eliyirsən? Nətəhər ilişdirdimsə ənginə, gördüm eynəyi, qoltuğundakı kitablar düşdü səpildi yerə.
Eynəyi yerə düşəndən sonra elə bir az gicəldi bu gədə. Çəkdim bunu məhşər ayağına, başladım üstünə çığırmağa. Alə, sən mənim qabağımnan su götürmək istəyirsən, sən kim olmusan belə ki, burnuvu mənim qabıma soxasan? Necə yəni özüm bilərəm, nətəhər yanı söz kəsmişik, evlənəciyik? Heç bilirsən sənin dilivi kəsib harava soxaram?
Gördüm yox e, müsəlman ki, müsəlman, tutduğunu buraxmaq istəmir. Qanmır ki, qanmır, mırıldanır elə özüyçün: sovet gəncinə xas olmayan bu hərəkətlər sizə baha başa gələr, siz çox tərbiyəsizsiniz, nə bilim, səviyyəsizsiniz, nəsiniz.
QISA PAUZA
Elə bil əcəl girrəmişdi zalım oğlunu. Qan vurub beynimə, hirsimdən boğuluram, az qalır nəfəsim kəsilə, yerə-göyə sığmıram, bütün bunlar azmış kimi, gədə bülbül kimi ötür mənimçün. Alə, oğraş, nə moizə oxuyursan, dedim. Nə sovet gənci, nə sovet əxlaqı, nə filan. Tüpürüm sənə də, sənin sovetinə də. Dərs keçirsən mənə, ağıl qoyursan başıma? Bura məktəb-zaddı bəgəm səninçün? Get-gedə coşurdum elə bil. Axır ki, səbrim tükəndi, dözmədim, saxlıya bilmədim özümü. Əl atdım cibimə, çıxartdım şoşkanı, nə təhər yeritdimsə bunun ürəyinin başına, bircə “Ayy ma-ma!” deyə bildi…
UZUN PAUZA
Zalım oğlu, əcəliynən çilingağac oynuyurdu elə bil. Dil boğaza qoymurdu. Barı bircə an sussaydı, bircə an… İndi hər şey ayrı cür olardı… Özünü də bədbaxt elədi, məni də…
PAUZA
Qədeş, hərdənbir, bilirsən, yadıma nə düşür? Mübahisə elədiyimiz vaxt mən ki onun yaxasından yapışmışdım e, bu zaman eynəyi düşmüşdü axı yerə. Bax, o səhnə tez-tez gözlərimin qabağına gəlir. Deməli eynək düşdü yerə, daşa ya nəyə çırpıldı bilmirəm, bir gözünün şüşəsi çilik-çilik oldu, o biri gözünün şüşəsinə çat düşdü. Bilmirəm nə sirdisə, o eynək həmin o vəziyyətdə heç olmasa, ayda bir dəfə yuxuma da girir…
PAUZA
(Gözləri yol çəkir) Sonra içəridə də birini öldürdüm… Sonra birini də…
PAUZA
Düz 20 ildən sonra bayıra çıxdım… Hər şey dəyişmişdi, hər şey… Şəhər də, məhəlləmiz də, adamlar da, evlər də, hətta ağaclar da… Mən bu azadlıqda özümü qərib, yad kimi hiss eləyirdim. Alışa bilmirdim, öyrəşə bilmirdim gördüklərimə… Təzə binalar tikilmişdi, yeni-yeni uşaqlar doğulub yekə kişi olmuşdu, tanıdıqlarımın bəzisi qocalmışdı, bəzisi dünyasını dəyişmişdi…
Bu mühitdə mən yad, qərib bir adam idim. Sanki tanımadığım bir şəhərə, ölkəyə düşmüşdüm. Bəzən türmə üçün elə darıxırdım ki…
Qarşıma ən dadlı, ən ləzzətli yeməkləri qoysalar da, nəfsim çəkmirdi, ürəyim istəmirdi. Burnumun ucu göynəyirdi türmə yeməyi üçün – balanda üçün. Vaxt olurdu, guya balanda hazırlayıram deyə, əlimə nə keçdi – kələm yarpağı, yerkökü qırığı, yarıçürümüş kartof, bir ovuc düyü, bir-iki ədəd makaronu bir qazana atır, yağsız, duzsuz qaynadır, sonra oturub ləzzətlə yeyirdim…
PAUZA
Cəmi iki ay idi ki, azadlıqda idim. Bilmirəm, türmə üçün darıxdığımdanmı, yoxsa həqiqətən o bir kəlmə “oğraş” sözünə gərəmi birini də o dünyalıq elədim… Nə az, nə çox, 15 il iş verdilər…
PAUZA
Düz 15 ilin tamamında çıxdım azadlığa. Gördüm, daha yaş da o yaş deyil. Cavanlığın, dəlisovluğun yeri deyil daha. Ömür keçib gedib. Mənimsə bu dünyada heç nəyim yoxdu. Nə ailə, nə uşaq. Yaxşı, tutaq ki, sabah başımı qoydum yerə, məndən sonraya bəs nə qalacaq? Axı, məndən də bir iz qalmalıdı bu dünyada ya yox? Belə qərara gəldim ki, nə olubsa, olub keçib, keçmişnən qurtarmaq lazımdı…
PAUZA
Bir qadın vardı, 40-45 yaşlarında. Tanış-biliş məsləhət gördü ki, onunla evlənim. Dedilər həyalı, ismətli zənəndi, əvvəlki əri əyyaşın biri olub, ona görə də ayrılıblar. Məxləs, evləndim bu qadınla.
QISA PAUZA
İlk vaxtlar hər şey qaydasındaydı. Aramızda heç bir söz-söhbət, narazılıq-filan yox idi. Sonra elə bil hardansa şübhə toxumu düşdü ürəyimə. Başladı qurd kimi içimi gəmirməyə.
Mənə elə gəlirdi ki, bu qadın yolunu azıb, xəyanət eləyir mənə. Düzdü, əlimdə heç bir dəlil-sübutum yox idi, amma nəyə görəsə elə hey fikirləşirdim ki, o məni aldadır. Siz də məni bağışlayın, qədeş, demək bir az yaxşı düşmür, hər necə olsa da, bu mənim halal-ümmət arvadım idi, bağlanmışdım ona…
Min cür kələk, pusqu qurdum. Ki bəlkə iş başında yaxalayam onu. Heç bir nəticə hasil olmasa da, ürəyimdəki şübhə toxumu yox olmaqdansa, günü-gündən daha da böyüdü. Belə-belə məsələ lap qəlizləşdi. Gündə-gündə mübahisə, dava, dalaş. Bir sözlə, mərəkə. Əlqərəz, axır ki, dözmədim, boğub öldürdüm onu.
PAUZA
Bu, beşincisiydi. Öldürdüyüm beşinci adam. Düz beş həyatın üstündən xətt çəkmişəm mən.
Bu zaman 5 adamın silueti səhnə boyu gəlib keçir.
Yadımda isə yalnız bir şüşəsi çiliklənmiş, digər şüşəsi isə çat vermiş bir eynək qalıb. Vəssəlam.
PAUZA
Belə-belə işlər… Görünür, mənim alnıma da kimsəsiz, həyansız bir şəkildə türmədə ölmək yazılıb. Bu dünyada heç bir nişanə qoymadan, izsiz-filansız ölmək…
Musiqi.
İşıq sönür.
Pərdə
Üçüncü pərdə
İşıq yanır. İştirakçıların dördü də stolun ətrafında əyləşib.
3-cü MƏHBUS: Fikir eləmə, ay ağsaqqal, hərənin bir cür taleyi var.
PAUZA
2-ci MƏHBUS (zarıyır): Canım ağrıyır. Ölürəm daha, ölürəm.
PAUZA
1-ci MƏHBUS: Nə isə… Saat neçə oldu görəsən… Yeni İlin gəlişinə nə qədər qalıb?
3-cü MƏHBUS: Hələ hardasa 2 saata yaxın vaxt var.
1-ci MƏHBUS: Neyləyək, bəlkə uzanaq bir az?
DƏLİ: Nə bilim əə…
2-ci MƏHBUS (zarıya-zarıya): Düz deyirsən, uzanaq bir az. Tablaya bilmirəm daha bu ağrılara.
DƏLİdən başqa üçüdə çarpayısına uzanır. Səhnə tədricən alaqaranlıqlaşır. İşıq şüası DƏLİnin üstünə düşür. O, ətrafına boylana-boylana, ayaqlarının ucunda asta-asta addımlayaraq ön səhnəyə gəlir.
DƏLİ (pıçıltıyla): Nə bilim əəə…
PAUZA
(Arxaya boylanaraq) Yatdılar görəsən?
QISA PAUZA
Yanlarında bir kəlmə söz də demək olmur. O dəqiqə düşürlər adamın üstünə: genə nə oyun çıxartmısan? Nə bilim ə, guya mən nə oyun çıxardasıyam ki? Heç nə vecimə deyil. Mənə nə!
Elə bil hamı bir-birinin ağzına tüpürüb. Hamı eyni sözü təkrarlayır. Vallah, millətin başına hava gəlib. Dəlidi e, ipləmədi hamısı. O gün müstəntiq məndən nə soruşsa yaxşıdı? (Yamsılayır) “Hə, de görüm, nə oyun çıxartmısan?”
Nə bilim ə, dedim. Mənə nə, heç zad eləməmişəm dedim. Nə oyun, nə filan… Bu oyundu bəyəm, 10-15 düşmən əsgəri öldürmüşəm. Pah, bilməmişdik, guya çox böyük iş görmüşəm? Bu oyun-zad deyil e, deyirəm müstəntiqə, bu, müharibədi. Müharibəni ki, mən ha özümdən çıxartmamışam? Düşməndi, öldürmüşəm, əcəb eləmişəm!
Neyləyəydim, öldürməyəydim? Vuruşmayaydım? Gəlib bütün elimizi-obamızı zəbt edəydilər, viran qoyaydılar? Qızlarımızı-gəlinlərimizi əsir götürüb başlarına min cür oyun açaydılar? Sən nə danışırsan, ə, dedim müstəntiqə, başına hava gəlib sənin? Həyasızlığa bax e, sən adamda: mən bir saatdı buna bir kitablıq söz deyirəm, bu da arsız-arsız üzümə hırıldayır.
Nəyə hırıldayırsan, ə, deyirəm, teatr çıxardıram burda mən? Bunun nəyi oyun-zaddı, müharibədi e, bu, düşməndi, belə əlimin içindən gəlib, əcəb eləyib vurub öldürmüşəm. Bəs onlar mənim döyüşçü yoldaşlarımı öldürəndə yaxşı idi? Təsəvvür eləyirsiz bu zaman müstəntiq mənə nə dedi? (Bir qədər susur) Mənə nə?
PAUZA
Düz deyir də, ona nə…
QISA PAUZA
Hə də, Allah tərəfi baxanda, ona nə… Onun ki, yoldaşlarını, dostlarını qanına qəltan eləməyiblər. Onun ki, ən əziz sirdaşları yarasının qanı axa-axa qollarının arasında can verməyib. (Çəmkirir) Nə bilir ə, müharibə nədi, o! (Astaca) Elə yaxşı ki, müstəntiq olub, yaxşı ki, əsgər olmayıb o. Yoxsa, hamını meydanda atıb gedərdi. Allah özü çox əla bilir, kim müstəntiq olmalıdı, kim əsgər. Danışığına bax bir bunun! Düdük!
Güllə səsləri eşidilir. Sanki hansısa qızğın döyüşdə atışma gedir. Bir qədər sonra tədricən səslər səngiyib bitir.
Biz nə qədər itki verdik o döyüşlərdə. Dostlarımın yarıdan çoxu həlak oldu. Kim öldü, kim qaldı, heç bilirəm ki. O son döyüşdən cəmi 5-6-mız sağ çıxdı. Nə olsun ki, sağ çıxdıq?
Hansımız salamatıq ki, guya. Birimiz qolunu, birimiz ayağını, birimiz ağlını itirdi. Kaş hamımız öləydik orda. Belə yaşamağın nə mənası var indi? Həm dostlarımızı itirdik, həm özümüz şikəst olduq. Indi bizi insan belə saymır, lağa qoyub dolayırlar… (Bir qədər susur) Eeehhh…
Nə bilim əəə, nə bilim… Ciyərim yanır, elə oxumaq istəyirəm ki… İstəyirəm elə bir zəngulə vuram ki, bütün dünya silkələnsin…
PAUZA
Ama (arxadakılara işarə ilə) bunlar mənə deyir ki, müstəntiqin yanında oxuyub eləmə. Başını dik tut, o sənin heç atdığın dırnağa da dəyməz. əvvəl bunların sözünə çox da fikir vermirdim.
Mənə nə var. Keyfim harda istədi, orda da əlimi qoyub qulağımın dibinə oxuyasıyam. Şuşalı olasan, səsin olmasın? Ömür-billah belə iş ola bilməz. Sonra fikir verib gördüm bunlar pis adam deyillər, düz deyirlər. Mənim ki bu müstəntiqim var, hırnan-zırı ayıra bilmir. Beləsi nə bilir ki, muğam nədi, qəzəl nədi? Düdəmə!
QISA PAUZA
Görən, bu müstəntiq nə tayfasıdı belə? Görəsən, bütün müstəntiqlər, hakimlər bunun kimidi? Sən bir bunun danışdığı sözə bax! Mənə deyir ki, sənin döyüşdüyün taqım qanunsuz silahlı dəstə olub. Ə, deyirəm, müharibə qanunidi məyər? Nə qanunsuz dəstə, nə filan. Hardaydı deyirəm, düşmən üstümüzə gələndə sizin qanuni dəstələriniz?
Neyləyəydik, oturub gözləyəydik ki, gəlib qanımıza qəltan eləsinlər, nəslimizi kəssinlər? Necə ki, Xocalıda elədilər. Anlamır, qanmır e, it oglu it! Sonra başlayır məni dilə tutmağa. Səni həbsdən azad eləyərik, deyir, müalicə elətdirərik. Kontuziya-filan, bunlar boş şeylərdi, deyir.
Dünya o qədər inkişaf eləyib ki, hər cür xəstəliyə çarə var. Gəl, deyir, komandirinin üzünə dur. Yaz bura ki, o sizi tovlayaraq qanunsuz silahlı dəstə yaradıb, sonra da ermənilərlə işbirliyinə girib, satıb bütün torpaqları. Nə danışırsan, ə, deyirəm, ağlın yerindədi sənin? Birincisi, o mənim komandirim yox, döyüşçü dostum olub. İkincisi, hansı torpağı satıb, ə, o?
Kimdi ki o, torpaq sata bilə? O vuruşub, müharibədə canını qoyub. Torpağı satanlar çöldə-bayırdadı e, deyirəm, eyş-işrət içində yaşayırlar. Belə yaxşı oğulsan, get onların yaxasından yapış da!.. Kimə deyirsən, görür bir şey çıxmır, başlayır məni hədələməyə. Deyir, yazmasan, xortdanları çağıraram.
QISA PAUZA
(Ətrafa boylanır) Pah, guya qorxan var bunun xortdanlarından. (Bir qədər ehtiyatla) Çağırır çağırsın da…
PAUZA
(Qətiyyətlə) Onsuz da yalandan heç nə yazan deyiləm… Ondansa ölüm yaxşıdı! (Yenə də ehtiyatla) Bircə xortdanları çağırmasaydı… (Bir müddət susur) Nə bilim əəə…
Ətrafa boylanır. Bir qədər dinləyir. Sonra əlini qulağına dirəyib əvvəl muğam üstə Nəsiminin “Görmədim” rədifli qəzəlini, sonra isə “Qarabağ” mahnısını oxuyur. Sonda hiss olunur ki, ağlayır. Hıçqıra-hıçqıra işıq zolağının müşaiyətilə asta-asta, səntirləyə-səntirləyə addımlayaraq çarpayısına uzanır.
Musiqi.
İşıq sönür.
Pərdə
Dördüncü pərdə
Həzin musiqi sədaları eşidilir. Səhnədəki kamerada hər dörd məhbusun çarpayılarında uzanıb yatdığını görürük.
1-ci MƏHBUS (oyanır, çarpayısında oturur, əsnəyir, gərnəşir): Bu nədi, hamı yatıb ki? Saat neçədi? Görəsən, Yeni İlin gəlişinə nə qədər qalıb?
Ayağa qalxıb radionu yandırır. Radiodan diktorun səsi eşidilir: “Hörmətli dinləyicilər! Bir daha sizləri Yehi İl münasibətilə təbrik edir, uzun ömür, can sağlığı, bol-bol sevinc arzulayırıq. İndi isə səhər konsertimizə başlayırıq. Oxuyur Xalq artisti Qədir Rüstəmov…”
1-ci MƏHBUS: Necə, səhər konserti? Səhər açılıb məyər? (Stolun üstündə açılmış süfrəyə baxır) Bəs biz Yeni İli qarşılaya bilmədik? (Yoldaşlarını səsləyir) Ayə, qədeş, durun e, durun! Səhər açılıb e, oyanın! Yeni İl gəlib keçib, hamımız yatıb qalmışıq. Ayə, qalxın da, eşitmirsiz? Siznənəm e, oyanın!
2-ci və 3-cü MƏHBUS oyanırlar. Bir müddət key-key 1-ci MƏHBUSa baxırlar. Sonra hər üçü stolun ətrafına yığışır.
1-ci MƏHBUS (təəssüflə): İşə bax ey, necə hamımız yatıb qalmışıq! Birimiz də oyanmayıb e. Gör necə Yeni İlin gəlişini qaçırmışıq. Heç birimiz də oyanmayıb e? Bir gör, süfrə necə sahibsiz-yiyəsiz qalıb ortada? Hayıf, çox hayıf…
2-ci MƏHBUS: Yaman bayram-bayram deyirdin. Gördün, bu da sənin bayramın!
1-ci MƏHBUS: Nə gördün-gördün salmısan? Yatıb qalmayaydın da.
3-cü MƏHBUS: Yaxşı, yaxşı, kiriyin görək, səhər-səhər qanınızı qaraltmayın.
Hiss olunur ki, üçünün də ovqatı təlxdir.
1-ci MƏHBUS: Bu dəliyə bax e, belə də səhərəcən yuxu nədi bilmirdi. Bu xanəxərabın oğlu da yatıb qalıb e. Bir fikir ver, oyanmaq da istəmir.
DƏLİyə sarı gedərək əvvəl onu dümsükləyir, sonra isə silkələməyə başlayır.
1-ci MƏHBUS: Dur, dur görüm! Ayrı vaxt heç yatmırsan. Dur, sənnənəm! (Üzü üstə uzanmış DƏLİni arxası üstə çevirir) Dur görüm! (Dəhşət içində) Bu nədi, buna nə olub belə? (Qəfildən qapıya sarı qaçaraq bağıra-bağıra yumruqlarıyla qapını döyəcləyir) Açın, açın, tez olun, qapını açın! Köməyə gəlin! Köməyə gəlin! Dəli ölüb! Ölüb!!! Ölüb… (Ağlayaraq qapının önündə diz üstə çökür).
İşıq sönür. Radiodan bayram haqqında veriliş verildiyini eşidirik. Tədricən radionun səsi uzaqlaşaraq eşidilməz olur.
Pərdə
S O N
28 mart – 08 aprel, 2009-cu il
______________
Azadlıq Radiosu





Yüklənir...
Təbrik edirəm, Samir! Oxudum və.. çox kədərləndim. Müasir cəmiyyətimizin modelini yaratmısan. Tezliklə bu əsəri səhnədə görmək istərdim. Burda bəlkə də hamıdan ağıllı elə o Dəlidir… Bu cəmiyyət bineyi-qədimdən öz ağıllısını dəli kimi görüb. Sənə yaradıcılıq uğurları arzulayıram və yeni əsərlərini gözləyirəm!