Tofiq Abdin. Şeirlər.

Yazar: Admin | Bölmə: Poeziya | Tarix: 23 Ocak, 2010

bəlkə… bir daha şeir yazmadım
yazmamağımın min bir nədəni var
bəlkə
min birdən də çox
minindən biri
bu dünyadan gedəndə
onları tapşıra biləcəyim
kimsəm yox!!!!!!!!!

ömrün bu çağına gəlib çıxdım ki
məni ağlayanlar ağlamasınlar
uzanan günlərin içindən çıxıb
açıq gözlərimi bağlamasınlar
allah sevgidənmi yaşatdı məni
yoxsa, bu cəzamı,
dostdan, tanışdan
ayırıb
bir ayrı dünyada oyatdı məni
oyanıb dünyanı yuxulu gördüm
gözümü açmamış
iməkləməmiş
bu qoca dünyanı yıxılı gördüm…
buludundan qorxdum, çayından qorxdum
başımın üstündə fırfır fırlanan
qarğışından qorxdum, vayından qorxdum
məni sevənlərin sayı azaldı
mənə nə oldusa
döz, dur dedilər
sənin alın yazın bütün olanlar…
bu yazı mənimlə ölsəydi barı
rahat yaşayardı mənsiz qalanlar

***

bu dünyanı kim sahmana salacaq
şairlərmi
biri dedi:
“Bu dünyanın qara daşı göyərməz”
Göndərdilər o daşları yığmağa…
biri dedi:
“Allah məni yarı öldür
yarı saxla ağlamağa”
Allah baxdı üzünə
Yavaş-yavaş döndü sözlü yumağa
biri dedi:
“göy üzü daş saxlamaz”
O atdığı daşlar yağdı başımıza
Boyun əydik yaraşmayan yaşımıza.
biri dedi:
Allah bizi qarğıyıb.
Yanındakı qarğıyanı görmədi
Allah düşdü yadına
Qara yaxdı o, Allahın adına
biri dedi:
Allah bizi görmür ki…
Biz onun görürüksə
O bizi hardan görsün
Onda görəcək bizi
Allah özü
Yer üzündə görüksün.

***

nə günəş isidir
nə panel evlər…
ömrümün bu çağını
belə düşünməmişdim
əlimdən tutan əl yox
bakının ən soyuq günündə
belə üşüməmişdim
bu itkilər diksindirmir insanları
bu itkilər insanlarçın itki deyil
bəs nədi
ömrüm daşa, divara yox
bir yad səsin acısına dirəndi
bu yazımı
yoxsa tale
daş bağlanmış ayağımdan çəkir geri
bir yerlərə çıxa bilsəm
unutsam bu günləri
bir daha qayıtmaram
bu günlərə,illərə
ki,
keçim namərd əllərə…

***

bu qorxu o tindəymiş
həmən qarşıma çıxdı
çıxıb bir yad gözündən
həmən içimə axdı
mən necə görməmişəm
mən necə kor olmuşam
bu yaşda bu qorxunu
içimə doldurmuşam
ha çabala, ha vuruş
ata bilmərəm onu
heç belə gözləmirdim
mən ömrümün sonunu
yazıq ömrümə yazıq
məni güdürmüş bu şər
atalar düz deyibmiş
qorxan gözə çöp düşər

***

nəvələrim
sizi sevməyimə
zəhər qatanlar olacaq
düşünürdüm
oldu…
bu zəhər tavandan axırmış,
liftlə qalxırmış
böyrümdə başımda
fırlanırmış
qan təzyiqindən fırlanan həyatım kimi
sizi sevəcəm unudulmayan bayatı kimi
sizi sevəcəm məndən sonra yaşaya biləcək
şeirlərimin həyatı kimi
məhkumam sizi sevməyə
allah, əlini uzat
şəfqət at
içimə…
məni hazırla
içi dolu şəfqətlə ölməyə…

***

nəvələrim,
kompüterin masasından baxırsız mənə
gözlərimin havasısız
sözlərimin havasısız
sizsiz mən
bir ölü kainatam havasız
bir kədər var ortada
nə kədər bu, Allahım
içimdən qova bilmirəm
nə zaman içimdə saldı yuva bilmirəm
amma nə danım var
siz yaşa dolduqca inşallah
bu kədər azalar…

***

oğlum,
bu şeiri yazana qədər
deməsəm də sənə
bilirsən
iki babanı itirmişəm
bir nənəni
dözüm verib allah mənə
özü onları apardığı üçün
ölüm yolunda
neyçin belə fikirlisən neyçin
ətrafındı iki gözəl oğul balan
başının üstündə bir bəlan
amma bu bəla oğul balaların deyil
alın yazın
bir gün səni anlayacaqlar
mən olmasam da o gün
ruhum duyacaq…
yenidən başlayacaq ömrüm…
bu yaşda sevmək üçün
havalanmaq gərəkdi
bu yaşda sevmək üçün
sevdalanmaq gərəkdi

***

o da mənim əlimdə
bu da mənim əlimdə
ortada ağlın gücü
adın mənim dilimdə
adına od düşəcək
içimdəki alovdan
üz tutacaqsan mənə
bir gün söküləndə dan
çətin gəlib çıxasan
ayrılığın içindən
durmusan durduğun yerdə,
yad adam var içində…
gəlib çıxa bilməzsən
ayrılıq yaşayırsan
sən elə gəlirsən ki,
gedənə oxşayırsan…

***

bu şəhər əcəb yad oldu mənə
qərib-qərib əsən küləyi də yadlaşdı
başımın üstündən keçən bulutu da
küçədəki polisi də qabalaşdı
hərisi də,bəlisi də
küçələrində böyürə-böyürə kəsilir heyvanlar
bir ur kimi böyüyür eyvanlar
adamları adamlıqdan çıxdı
adamsız oldu bu şəhər
köhnə evlərini alıb altına göydələnlər
ağlada-ağlada yıxdı
dəyişdi yerişimi
anlamsız günə qoydu hər işimi
əlim açıq əl uzadan yox
acından ölənləri aclıqdan tox
rəngini dəyişdi bu şəhərin küçələri
musiqiylə, qorxuyla.
dil tapa bilmədi bu dünyanın çoxuyla
soyundu bu şəhər
soyundu Artyomdan Bayılacan
bu şəhər oldu yarımcan…
ya öləcək, ya dirilicək
bu şəhərdən gedənlər bəxtəvər
bu şəhərə gələnlər bu şəhərdə öləcək…
bu şəhər əcəb yadlaşdı mənə
nə zaman doğma olmuşdu ki…

***

Baxma qəlbin ağrılara hədəfdi,
Harda olsan üzün haqqa tərəfdi.
İstanbulda ölməyin də şərəfdi
İstanbulda yaralanan, Zəlimxan.

Zəlimxan Yaqub

Elə yaşayırsan içim tirtrəyir
Yarpaq tək əsirsən, Zəlimxan Yaqub
Unutma sevdiyin şair nə demiş
Demiş ki:
“Heç yerə, heç yana mən tələsmirəm”
Hara tələsirsən, Zəlimxan Yaqub!

Zamandan nəyisə almaqmı qəsdin
Zamanın özünü yormaqmı qəsdin
Zamanın qəsdinə durmaqmı qəsdin
Ömrünə əsirsən, Zəlimxan Yaqub

Sənə bəxş olunan o qəniməti
O ali hörməti, ali qisməti
Paylasan qurtarmaz, qurtarmaz qəti
Bilinməz bir sirsən, Zəlimxan Yaqub

Allahın sevdiyi bir balasan sən
Sözdən hörgülənmiş bir qalasan sən
Bu elin bəxtində qalacaqsan sən
Nə əsir-yesirsən, Zəlimxan Yaqub

Kənardan baxana ömrün bir saray
Haray bu ellərin dilindən haray
Sən bəstə boyunla yüksələn bir Ay
İşıq səpələrsən, Zəlimxan Yaqub

Səni sözmü yaxdı, Vətənmi yıxdı
Dərdin parça-parça canından çıxdı
Sənin dözümünün adı da yoxdu
Daşsanmı-dəmirsən, Zəlimxan Yaqub

***

hara gedir bu məmləkət görəsən
gedir şellənə-şellənə
qarşıdan bir bəla gəlir
aman yellənə-yellənə
adamları adamlıqdan çıxıbdı
boyunbağı körpüləri taxıbdı
öz əliylə öz evini yıxıbdı
yollarını daş- kəsək yox
sular tutub
sular sellenə-sellənə
sözlərinə heç bir məhəl qoyan yox
təklənibdi bir kimsədən həyan yox
tikənindən dağıdanı daha çox
danışmağa dili də var
eşitmirlər
qalıb dillən-dillənə

yaman uzun sürdü bu alış-veriş
zamana sığmayır bu vaxtsız gərdiş
xeyrə yozulmayır bu gediş-gəliş
bizsə qalmışıq ortada
hələ küllənə-küllənə
küçələri gül-çiçəyə bürünür
adamları yaşamır ki,sürünür
kimsə bilmir sabah necə görünür
gözlər ora millənib
qalıb millənə-millənə…

…və sıralarımızdakıların
ölümü
o ne önde
ne arkada
sırada
sıranızdaydı…
Ve yanındakının kanlı başı
omuzuna egilince
ona sıra gelince
sayısını saydı…
Nazım Nikmet

gedirsiniz…
kiminizi ürək çökdürür
bir arkadaşın düyün sonrası
bu bəlkə alın yazısı
kiminizi
təzə bir ölüm tərcihi
bir polis zopası
gedirsiniz…
bu dünyayla tənha buraxıb məni
gedirsiniz…
sizsiz mənim ölümüm
yaraşıqsız olacaq
sizi araya-araya
qapalı gözlərim açıq qalacaq
inanmıram
birinizi tapa bilim
o dünya məkanında
üzümə açılan qapılar
bağlanacaq
ömrün laməkan qapqara dumanında
yuxuları rahatsız edəcəm
ayılanda
gözlərinizdən
qərib-qərib çəkilib gedəcəm
yenidən yuxulara qayıtmağa
qayıdıramsa
demək ki, varam
bu da bir yalan ki
sağam ona görə uydururam…

atofig@hotmail.com

1 səs2 səs3 səs4 səs5 səs (Səs verilməyib)
Loading ... Loading ...

1 Şərh var
Şərh yazın »

  1. Əzizim Tofiq Abdin! Elə insanlar var ki, yaşa dolduqca içindəki kədər də artır, elələri də var ki, yaş artdıqca içinin kədəri yüngülləşir, bu, insanın yaşadığı ömürdən, bu ömrün mənəvi yükündən asılıdr. Sizin poeziyanızda bir qürbət ağrısı var ki, bu ağrı sizin ədəbi taleyinizə şəxsi həyatınızdan sızıb. Siz elə bir ömür yaşamısınız ki, yaşınız artdıqca kədər arxada qalır, hərdən- hərdən çevrilib bu kədərə sarı boylanmağın da yaradıcılıq baxımından faydası az deyil. Bunu da nəzərə almaq lazımdır. Biz bir zamanlar, havalı vaxtlarımızda sizə baxıb düzlənmişik, necə deyərlər, qəhrəmanlığı sizdən öyrənmişik! Siz həm də biz gənc nəslin çiyindaşı olmağı da bacarmısınız. Biz sizinlə öz tay-tuşumuz kimi davrana bilmişik, bu imkanı bizə siz özünüz yaratmısınız. Gəncliyin əbədi dostu kimi sizi hər zaman çox sevən Kənan Hacı

Şərh yazın