II Qismət. “Edison işığı” silsiləsi.

Yazar: Admin | Bölmə: Poeziya | Tarix: 26 Ocak, 2010

1. Nəsə elə…

Kompyuter yanında kaktus kimisənsə
çoxdandı,
Telefonun susursa
Qraham Belin səsiylə,
Teleseriallar ağlada bilmirsə daha
Saatlı bomba ürəyiylə döyünürsə
divar saatında vaxt
darıxma, sıxılma, üzülmə…

nəsə elə, dostum, nəsə elə…

pəncərələri aç məsələn, pəncərələri
burax günəş ayaqqabılı keçsin içəri
paltonu küləyə bağışla
çətirini yağışa…
sərçələrin səsi öpsün divarların dodaqlarını,
uşaqların gülüşü öpsün.

Bugün yeməyi özün qızdır,
Çayı özün dəmlə
Ütünü köynəyin bağrına özün sıx bu dəfə,
səninlə getsin bu dəfə ütü
şalvarın ayağına düşməyə…
Gülümsə hamıya, gülümsə !
Darıxma, sıxılma, üzülmə…

Bir  şeir yaz, əzbərlə,
Dənizə get,
Şeir pıçılda dənizin qulağına,
şeir pıçılda.
Hərəniz bir siqaret yandırın
sən və dəniz.
Sən burnundan burax tüstünü,
dəniz uzaqlardakı gəmilərin borularından.
Işığında şeir yazmağa 1-2 ulduz al gecədən
yarım kilo da ay.
əlini dənizə at sonra
və gecənin ovcuna 5-10 qağayı say.
Bir mahnı saxla həmişə dilinin altında
Zümzümə elə,
Gülünməmiş lətifələr tap dostlarınla gülməyə

Nəsə elə dostum,nəsə elə…
Darıxma, sıxılma, üzülmə…

2. Şükranlıq.
Səlim Babullaoğluna.

əlləri kirli, bulaşıq
şalvarı ləkəli, çəkməsi toz
gecəsi, gündüz bomboz bu şəhərdə
səni anlayan olmasa da
o məlum ünvanda
ventilyatorun yanındakı masada
bir Bakı gecəsində
bir iftar süfrəsində
istiqanlı, ağzıdualı bir stəkan suyu,
qəhvəyi gözlü bir xurmanı,
sarı saçlı, mübarək üzlü bir çörəyi bölmək varsa
günəş varsa, dostlar varsa, gülmək varsa
şükür olsun, şükür olsun, GÜLÜMSƏ !

darıxma ki, qüssələr var,
iztirablar var
axı bu dünyada dostlar var,
kitablar var…
şükür olsun, axı hələ sağlar var,
axı hələ uşaqlar var…
axı hələ qızınmalı  sünbül saçlı günəş,
yazılmalı gözəl, isti şeirlər,
axı hələ  içilməli çay,
bölünməli çörək var.
Axı hələ Sona var, Mübarək var.
Şükür ki, var, şükür ki, var, şükür ki…

Bu dünyada kədər qədər xeyir varsa,
Gözlərində işıq varsa,
ürəyində şeir varsa
sevgi varsa,
axmaqlarla, əclaflarla, avamlarla
küsüşdüyün, barışdığın adamlarla maraqlıdır məncə həyat.
Maraqlıdır, maraqlıdır, maraqlıdır şükür ki …

Hər namazın səcdəsində
yaxınlaşar  alnına nə yazılıbsa pak torpağa
ana torpaq öpər onda bir gün geri qayıdacaq
övladının alnındakı yazılanı…
Namaz bitər
ürəyində bahar olar.
görərsən ki, yanağında güllər açır.
Sən Allaha addım-addım yol gedərsən
görərsən o tərəfdən tənginəfəs kimsə qaçır…
Şükür olsun, şükür olsun, min  şükür !

3. Dekabr səhərində ümid

Çöldə cilvələnirkən dekabr günəşi,
çıxıb getməyə yer varkən,
evdə oturmaq vasvası adamlar kimi
sevgi məcəlləsinə görə cinayət.
Dünya həbsxana zatən
qutu evlər içrə kibrit olmağa nə hacət.
Bu günəşdən od almaq,
yanmaq,
alışmaq,
sevmək …

sev, insanları sev, dostum !

Siqaretini ver zibil qutuları çəksin,
ayaqqabının öpüşü qalsın
yolların yanağında,
uşaqlardan bir çimdik oğurla,
göz vur bir gözələ dodaqları qaçsın.
dərin bir nəfəs çək !
pıçılda ki, şükür sənə ilahi !
dodaqları qaçan qızın dodaqlarına çatıb
götür dodaqlarını.
qayıdıb de ki,  buyurun dodaqlarınız.
Qıvırcıq saçları altında gizlənən qulağına
nəsə pıçılda…

başlarını ayağına sürtən pişikləri oynat,
tüklərinin
ağlığına,
bozluğuna,
qaralığına,
sənin,
pişiyin,
dekabrın
birgəliyinə ,
o saatın
o anına yaxşı bax !
gözəldi elədirmi ?
sevmək , dostum, sevmək…
Allahı sevmək, Allahı…

1 səs2 səs3 səs4 səs5 səs (3 səs, hardasa: 4,00 ilə 5 arası)
Loading ... Loading ...

22 Şərh var
Şərh yazın »

  1. Sezen Aksuya çox qulaq asdığı bilinir. Birinci şeir aşağıdakı mahnını xatırlatdı, “o zaman şarkı söyle”nin yerinə “nə isə elə, dostum” qoyulub. Bir qızın saçını kəsib, pudrasının, pomadasının rəngini dəyişərək “başqa qız” düzəldiblər.

    “Hayat zorlaşınca
    Çıkmaz sokaklarda soluksuz kalınca
    Azalınca manadan
    Seyyar sevdalarda parçalanınca

    Dil yetmeyince
    Göz görmeyince gönül hissetmeyince
    Kırılınca camdan kalp
    Dönüp yalnızlığa kilitlenince

    O zaman şarkı söylemek lazım avaz avaz …
    O zaman şarkı söylemeli çığlık çığlığa
    O zaman yüreğin yükü hafifler belki biraz
    O zaman şarkı söylemek lazım avaz avaz

    Dert bitmeyince
    Bildiğin çektiğine yetmeyince
    Düşmanın da kendini yakalayınca
    Bi daha kin gütmeyince

    Dil yetmeyince
    Göz görmeyince gönül hissetmeyince
    Kırılınca camdan kalp
    Dönüp yalnızlığa kilitlenince

    O zaman şarkı söylemek lazım avaz avaz…

  2. Birinci şeirdə “Yarım kilo Ay” – isə şair Aqşinin “yarım kilo Allah”ıdır.

  3. Dərd səni sıxanda
    “Bir mahnı saxla həmişə dilinin altında
    Zümzümə elə…”

    Qismət.

    Dərd səni sıxanda
    “Bir şarkı söylə avaz – avaz…”

    Sezen Aksu. O da deyəsən, Birinci Qismətdir.

  4. Bir mahnı saxla həmişə dilinin altında
    Zümzümə elə,
    Nəsə elə dostum,nəsə elə…
    Darıxma, sıxılma, üzülmə…
    sevgi varsa,
    axmaqlarla, əclaflarla, avamlarla
    küsüşdüyün, barışdığın adamlarla maraqlıdır məncə həyat.
    Qıvırcıq saçları altında gizlənən qulağına
    nəsə pıçılda…

  5. Bir şeir yaz, əzbərlə,
    Dənizə get,
    Şeir pıçılda dənizin qulağına,
    şeir pıçılda.
    Hərəniz bir siqaret yandırın
    sən və dəniz.
    Sən burnundan burax tüstünü,
    dəniz uzaqlardakı gəmilərin borularından.

    Buna şərh vermək əbəsdi.

  6. silsilenin evvelini cox pis basladin Qismet. axirina teref artira-artira getdin. qrehem belin ise hec yeri yox idi sene bir qardas kimi meslehet verim yazdigin seirlerde hec vaxt biliyini numayis etdirmeye calisma bax ALLESANDRA LOLİTA OSVALDONUN canina and olsun:::::::))))))))) sene ugurlar yaxsi tapintilarin var daha gozel tapintilar arzusuyla Serraf Yaradıcılıqdan. bir de xahis edirem adininin qarsisindaki o iki qabirga seklini imkan olsa izah ele:::))))) tesekkur

  7. Prosessorun səsini,
    xadimə qadının deyinməsini,
    dizaynerin ucadan oxutduğu
    zəhləmgetmiş repi
    unutduran bütün şeirləri sevirəm…

  8. ÜÇ ŞEİRDƏ BEŞ “GÜNƏŞ” SÖZÜ…

  9. Bu silsilə çox vacib bir vxtda yarandi və missiyasını uğurla davam etdirməkdədir. Yarasalar üçün deyil təbii…
    Xüsusən bu silsilənin ilk şeirini sevirəm…
    Uğurlar, dostum, işığın kəsilməsin heç zaman

  10. Qismət şeirlərini maraqla oxudum, sənin istedadına hər kəs kimi mən də inanıram. Uğurlar

  11. Salam Qismət.Şeirlər münasibəti ilə təbriklər,bu dəfə yazılı və yalnız ona görə yox ki,birini mənə ithaf eləmisiz. Həm də ona görə ki, onlar məhz edison və iliç lampasının işığıyla yox, Alahın qəlbinə doldurduğu işıqla doludu. “Bir şey nəyəsə oxşamırsa o yoxdur” deyə bizim naşı ləpirçilərə məsləhət görərdim ki,adlarını çəkdikləri müğənni və şairlərin kimdən və nə vaxt təsirləndiklərini, deyək ki,elə S.Aksunun fransız estradasından necə bəhrələnidiyini (pisdimi,yaxşıdımı-bunu özləri üçün dəqiqləşdirsinlər) xatırlasınlar,bu haqda fikirləşsinlər. Öz gözlərində tirə baxsınlar. Əsəd, həyatımızın hər işıqlı saniyəsində var olmağı qalsın bir yana, hər gün günəş çıxır və batır deyə məncə 3 şeirdə (=gündə) 6 dəfə günəş sözü olmalıydı, onda necə razı qalardın?
    Ədalətli olun, dostlar.
    Qismət son iki ildə yazdıqlarıyla ən istedadlı və maraqlı şairdi, əminəm, vaxt gələcək onun şeirlərini bəlkə hələ doğulmayan uşaqlar belə böyük sevgiylə oxuyacaqlar.Səlim Babullaoğlu.

  12. Uzun zamandır fikirləşidrim ki sözə basmaq nədir. Axı bu nə sözdür Azərbaycan dilində.
    Çox fikirləşdim, tapa bilmədim. Sonunda ümidim üzüldü.
    Birdən budur, yenə günəş parladı və o sözün mənası çıxdı qarşıma.
    Budur, Səlim Babullaoğlunun yuxarıda yazdığı “Bir şey nəyəsə oxşamırsa o yoxdur” dəlili.
    Qismətin Səlimdən daha yaxşı yazdığına şübhə yoxdur. Ancaq Sezen Aksudan təsirlənmə də göz qarşısındadır.
    Mövzumuz Sezen Aksunun fransız estradasından bəhrələndiyi deyil ki. Əsas odur ki, Qismət fransız estradasından yox, türk estradasından təsirlənib.

    Təkcə Qİsmət deyil, indiki Azərbaycan poeziyasını oxuyanda uşaq da görər ki, hamısında türk mahnılarına qulaq asmağın ləpirləri var. Məni yakan odur ki niyə türk müğənniləri bu mahnıların mətnlərini yazarkən heç özlərinə şair demirlər, anca bizimkilər deyirlər.

  13. Salam..

    Nəhayət.. Eşitmişdik.. Oxuduq..

    2-ci şeir daha çox xoşuma gəldi.. Sadəcə bir misranı daha da qüvvətləndimək lazımdır, elə bilirəm..
    Hesab edirəm ki, uğurlu məqamlar çoxdu..
    Hər şeirin-yazının öz oxucusu var..
    Kimin hardan, nə vaxt və necə təsirlənməsinin bir elə əhəmiyyəti yoxdur, türk estradasından, yaxud Sartrdan, nəticə qənaətbəxşdirsə. Şərq rəvayətlərindən təsirlənməsi Koelyonun dünyaca oxunan yazar olmasına mane olurmu?. Yaxud Mövlananı oxuyanlar ağız büzürmü ki, Şəmsin sayəsində Mövlana olubı?.

    Nə olsun ki, özlərinə şair demirlər. Oxucu oxuduğunu yazanın özünü necə adlandırmasıylamı qiymətləndirir?.
    Burda yadıma iştirakçısı olduğum bir əhvalat düşdü. Dostlarla yığılmışdıq, şeirlərdən-şairlərdən danışır, müzakirə edirdik. Bir şairdən söz düşdü – xalq şairi idi. Dedim ki, anlaya bilmirəm ona hansı meyarı əsas götürüb bu adı veriblər, mənə qalsa heç şair deyil, yazdıqlarında nə var ki onu şair və hələ “xalq şairi” çağırırlar. Dostlar düşdü üstümə ki: Sən nə danışırsan?! Yenə düşünmədən asıb-kəsməyə başlama!. Dedim ki, elə isə Ondan heç olmazsa bir-iki şeir deyə bilərsinizmi?. Təbii ki, deyə bilmədilər – “çoxdan(bildiyimə görə isə heç vaxt) oxumadıqlarına görə xatırlaya bilmədilər”, bir misra belə olsun. Dedim yaxşı, alın bu da kitabları – baxın və xoşunuza gələn şeirləri mənim üçün də ucadan oxuyun. Bir saata yaxın davam edən, arabir mızıldanmaların eşidildiyi sükütdan sonra, allanmış yanaqlarına toxunub keçən çaşqın baxışlarını biri-birinə yönəldib, hamısının az qalsın bir ağızdan səsləndirdiyi: – “Doğrudan, bunları nə deyə yazılıb?” sualı söhbətin yekunu oldu.
    Nə isə..

    Qismətə uğurlar!..
    Qalan hər şey haqda, qismət olsa, görüşsək, özü ilə müzakirə edərik..

  14. AmonRa, dostlarınız sizi yaxşı tanıyır, burada da yenidən asıb-kəsməyə başladınız, bax.
    Təsirlənmək olar, amma
    böylə olunca “Bir şarkı söylə avaz-avaz” misrasını
    böylə olunca “Bir mahnı saxla həmişə dilinin altında, Zümzümə elə” etmək – təsir deyil, təqsirdir.
    Qismətin başqa bir şerini oxumuşdum, çox əla şer idi. Burdakı yox, başqası.

  15. Islam, əminəm öz adınızla yazmırsız, növbəti və müvəqqəti “adınızdı”…Qismətin məndən yaxşı yazmasına, yəni nəticədə yaxşı şeirin yazılmasına ancaq sevinmək olar,sizi bilmirəm,mən bütün yaxşı şeirlərə sevinirəm…Qaldı, sözə basmağa, onun daha maraqlı versiyası var və mən sizin sözlərinizdən onun qoxusunu hiss elədim. Mənim dəlilimə gəlincə, dırnağa aldığım və müəllifi mən olmadığım bu fikir haqqında bir az fikirləşın…Səlim Babullaoğlu

  16. Belke Sezen Aksu Qismetin bu sheirlerini oxuyaraq tesirlenib ve hemen o mahnini yazib? Hmmm, belke ele olub?!

  17. Qismət, əzizim, səni şeirlərin münasibətilə təbrik edirəm! Şərh yazanlar bilmirəm nəyə görəsə cani-dildən sənin türk müğənnnilərindən təsirləndiyini isbat etmək istəyirlər, bağqa iş-gücləri yoxdur yəqin. Səlim Babullaoğlunun şərhini oxudum, insanın gərək qəlbi işıqla dolu olsun, Səlim də, sən də belə işıqlı insanlardansınız. Səlimə çox- çox təşəkkür edirəm, yazdığı şərhlərə görə. Sənin də şeirlərin çox gözəldi, oxudum və kimdən və necə təsirləndiyin də umurumda deyil, əsas odur ki, yazdıqların Şeirdir! Mən sənin şeirlərini xoşlayıram. Uğurlar arzulayıram!

  18. Heqiqeten esl odur ki, nese elemek istedim………………..UGURLAR…………………………..

  19. ‘Her yeni yaxshi, her kohne pis deyil” pasajiyla yanashsaq yaxshidir. Amma namazla bagli yerler sheri lokallashdirir.
    “o anına yaxşı bax !
    gözəldi elədirmi ?
    sevmək , dostum, sevmək…
    Allahı sevmək, Allahı…”
    Son misra bir qeder sixicidir. bunu dememek de olardi. fikir yuku kohnedir. Qoy her kes oz payini gotusun.
    Size derin minnetdarligimi bildirirem! Chox sagh olun! Yeqin ki, gelecekde Sizin daha yaxshi eserlerinizle bash-basha qalacayiq! Ugurlar !!

  20. Yazardan basqa her kes onu mudafie edir. Men demirem ki, burda agiz dalasina cixmaq lazimdir, amma en azindan bir-iki cumle ile yazar ozu munasibet bildirseydi tenqidlere, mesele bu qeder boyumezdi.
    Diger terefden hec kimi mudafie etmek fikrinde deyilem. Sadece bu mesele ile elaqedar deyilmis bele bir soz yadima dusur – “Tesirlenmelisen ki, tesirlendiresen”..
    Her kese ugurlar..

  21. Sabaha kadar ezizlerim seni,
    Sabaha kadar severim.
    Sabah olunca ishe geder,
    Axsham düsher, eve dönerim
    Yeniden
    Sabaha kadar ezizlerim seni,
    Sabaha kadar severim.
    Bunu öylesine yaparim ki,
    Menden kenarda
    Gerçek bir sevgilin olduqundan duyuq dushmem bele
    Böyle bir ömür sürürsek habersiz biri birimizden
    Ve siir olaraq saxlarsaq sonuna kadar
    Kim deyer mutlu bir ömür yashamadım ben?
    Kim deyer mutlu bir ömür yashamadın sen ?

  22. Uğurlu şeirlərdir.bu şeirlərdə işıq var, həyat var.
    Ən əsası budur ki, Qismət istedadlıdıvə onun kiçicik də olsa
    öz yolu, öz cığırı var.
    Mən Qismətin nə vaxtsa uğurlu nəsr əsərləri yazacağına da inanıram.
    Təbriklər və uğurlar…

Şərh yazın