Səlcuq Elçin. Bağdan bağlantı davam edir!

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 27 Ocak, 2010

Atam vəfat etdikdən sonra dövri mətbuatda onun ölümü ilə bağlı bir çox məqalələr dərc olundu. Onların içində “Bağdan bağlantı kəsildi” sərlövhəli bir yazı mənə çox pis təsir etdi. Məqaləni oxuduqdan sonra məndə belə bir fikir yarandı ki, ”Bağdan bağlantı”nı yaşatmaq və davam etdirmək lazımdır.

Hə, hə, davam etdirmək! Niyə də olmasın axı?! Doğrudur, atam səviyyəsində yaza bilməsəm də, – təbii ki, buna zaman, təcrübə lazımdır – onun əqidəsini, yolunu davam etdirmək istərəm. İnşallah bu yükü çiynimdə daşıya bilərəm. Bu işin çox məsuliyyətli, mənimsə yolun başında olduğunu nəzərə alıb, bunu yük adlandırdım, yalnızca buna görə. Vəssalam.

Əvvəldə də dediyim kimi, bu haqda mətbuatda çox saylı köşələr, məqalələr getmişdi və elə mənim də çap olunan ilk yazım bununla bağlı idi. Bunu yazmaqla sizlərə başağrısı vermək istəmirəm. Sadəcə məqaləni yazmaqda bir neçə məramım var. İlk öncə, yuxarıda dediyim kimi, oxuduğum məlum yazının təsiri, ikincisi isə, çap olunan ilk yazımdan sonra atamı və məni tanıyanlardan gələn reaksiyalar, yazıma bildirilən şərhlər oldu. Ən əsası, aşağıda sizlərlə tam səmimi bölüşəcəyim yaddaqalan anılar məni cızma-qara etməyə sürüklədi.

Atamın yoxluğunda onunla yaşadığım xatirələr gözümün önündə canlanır.

Baxçam “Azadlıq” qəzetinin köhnə redaksiyasıyla üzbəüz idi. Hər səhər atamla birlikdə gələrdik. Elə gün olmurdu ki, atam kiminləsə mübahisə etməsin. O, haqsızlığı sevmirdi. Təkcə özünə deyil, kimliyindən asılı olmayaraq hər kəsə haqsızlıq ediləndə yerində dura bilmirdi. Mən həmişə onu qınayardım ki, əşi, sənin nə işinə, gəl gedək yolumuza. O da məni söyərdi ki, sənlik deyil, böyüyəndə başa düşərsən. Dediyi kimi, yavaş-yavaş anlamağa başlayıram. Çox sağ ol, ata!

2002-ci ildə futbol üzrə dünya çempionatı keçirilirdi. Atam kimi mən də futbol xəstəsiyəm. Türkiyəylə Koreya oynayacaqdı. Oyun saat 14:00-da başlayacaqdı. Səhər məni yuxudan tez oyadıb, əlimdən tutub idman mağazasına apardı və mənə Türkiyənin milli formasını aldı. Üzümə də boya ilə türk bayrağını çəkdi. Atamın Türkiyəyə azarkeşlik etdiyini bilirdim, lakin bu qədər canfəşanlıq niyə?

Nə isə. Daha sonra birlikdə doğma qəzetin Sahildəki keçmiş redaksiyasına getdik. İçəri girdik, ordan da redaksiyanın çayçısına. Xeyli adam vardı. Bir neçə cərgə stul düzülmüşdü. Futbola birlikdə baxacaqdıq. Atam bizə ən öndən yer tapdı. Oyun Türkiyənin 3:2 hesablı qələbəsiylə başa çatdı, türklər dünya üçüncüsü oldular. Matç bitdikdən dərhal sonra hamı kimi biz də Türkiyə səfirliyinin qarşısındaydıq və “Türkiyə”, ”Türkiyə”… Həmin gün çox sevincliydim. Minnətdaram sənə! Çox sağ ol, ata!

Günbəgün böyüdükcə atam da məni tez-tez dostları ilə yığışdıqları məclislərə aparırdı. Çoxlu jurnalistlər, müxtəlif yazarlarla tanış olurdum. Sözün doğrusu, belə məclislərdə yaman darıxırdım. Çünki o ki var araq içib ancaq hakimiyyətdən, haqsızlıqlardan, ədəbiyyatdan danışırdılar. O vaxtlar bu söhbətlər mənimçün maraqsız idi və o yaşlarımdakı maraq dairəmə qəti uyğun deyildi. Dodaqlarımı çeynəyə-çeynəyə məclisin nə vaxt qurtaracağını, nə zaman evə gedəcəyimizi düşünürdüm.
Son illərdə münasibətimiz  başqalaşmış, daha da səmimiləşmişdi. Onunla danışanda hədsiz sərbəst olurdum. Elə bil, dostumla, həmyaşıdımla söhbət edirdim. Atama sevdiyim qızdan, universitetdən, küçə davalarımdan, bir sözlə, hər şeydən bəhs edirdim. O da qarşılığında məni diqqətlə dinləyir, yeri düşdükcə cavanlığından, asan keçməyən, amma maraqlı keçən həyatının acı-şirin məqamlarından anladırdı.

Atamın ən son və maraqlı xatiratlarından biri də prorektorumuzun onu universitetə çağırmasıydı. Səbəbkar mən idim, dərsə girməmişdim. O vaxt kişinin oğulları universitetdə reyd keçirmişdilər və məndən başqa daha 74 nəfər bu düşük reydin zibilinə düşmüşdü. Tələbə biletlərimiz alınmışdı. Evə gəlib atama dedim. Deyəsən, tərs damarına düşmüşdüm. Heç nə soruşmadan danlasa da, səbəbi bildikdən sonra mənə haqq qazandırdı. Səbəbsə 85 yaşlı başı gora əsən bir müəllim idi. Onun boş-boş çərənləyəcəyini bildiyimdən dərsdə yuxulamağın əvəzinə bufetdə çay içməyi üstün tutmuşdum.

Atamın prorektorla görüşüsə ömür boyu yadımdan çıxmaz. İclasda ondan savayı bütün valideynlər yanlarında oturan uşaqlarının adından bir daha dərsdən qaçmayacaqlarına dair boyunlarını əyərək, itaətkarcasına söz verirdilər. Valideynlərin altdan-altdan diş qıcamalarından gözlərini qaçırdan eşşək boyda, hətta ondan da böyük əksər gədələr, qızlar evdə onlara dəyəcək ləziz şapalağın cızıltılı, isti ağrısını indidən duyurdular. Atam Elçin Səlcuqsa fərqli mövqe göstərərək, bizim, yəni tələbələrin tərəfini saxladı:

– Düz deyir də uşaqlar, 85 yaşlı müəllimlərin dərs dediyi bir auditoriyada əyləşib onun lazımsız nitqinə, əsgərlik xatirələrinə qulaq asmaqdansa, düşüb aşağıda çay içib, yemək yemək yaxşıdı. Heç olmasa qarınları doyar.

Atamın bu cür cavabını nəinki mən, heç kəs gözləmirdi (kiçik bir haşiyə –həqiqətən də o vaxt atamın belə cavab verəcəyini gözləməmişdim. İndisə atamda belə cavab gözləmədiyimə görə utanıram). Demək, mən onu tam mənasıyla tanımamışdım. Çox heyf! Lakin ən azından indi hər şeyi asta-asta dərk etməkdəyəm, bu da məni çox sevindirir.

Hə, sözüm yarımçıq qaldı axı. Cavabdan hardasa təəccüblənmiş və sanki donmuş prorektor bir müddət üzümə baxdı. İndiyə qədər maraqlıdır ki, niyə atama yox, mənə baxırdı? Tez biletimi tapıb qaytardı. Atamla deyə-gülə, zarafat edə-edə evə qayıtdıq. Çox sağ ol, ata!

Bütün bunlar yaddaşımdan heç bir zaman silinməyəcək, onun adını yaşatmaq üçün var qüvvəmlə çalışıb, Elçin Səlcuqa layiq  Səlcuq Elçin olacağıma inanıram.

Bir də, ata, bilirəm ki, mən hər sənə “çox sağ ol” dedikcə, sən mənə cavab verib, ”dəyməz, bəy” deyirdin… əminəm ki, deyirdin… amma inan ki, dəyər, ata, dəyər, həm də yüz dəfə, min, milyon dəfə. Çox sağ ol, ata, çox sağ ol!

P.S. Bağdan bağlantı davam edir!

1 səs2 səs3 səs4 səs5 səs (4 səs, hardasa: 4,25 ilə 5 arası)
Loading ... Loading ...

10 Şərh var
Şərh yazın »

  1. Allah senin atana rehmet elesin qebri nurla dolsun .senin de qelemin iti olsun gozel dusun gozel yaz ugurlar imza SİRADAN BİRİSİ

  2. Elçin Səlcuq aramızdan getdi. Nə yaxşı ki, yerini buraxmağa adam qoyub getdi. Aramızdan ayrıldı, Tanrı o dünyasını versin. Elçin Səlcuq getdi, yerində Səlcuq Elçin qaldı. Həyat davam edir demək!

  3. Səlcuq, həmişə belə davam et. Atana layiqli evlad ol.

  4. SÖZLƏRİ ƏHMƏD CAVADA, MUSİQİSİ ÜZEYİR HACIBƏYLİYƏ AİD OLAN DÖVLƏT HİMNİMİZİ YENİ MÜSTƏQİLLİK DÖVRÜNDƏ QƏBUL ETMƏK İSTƏMƏYƏNDƏ (SƏMƏD VURĞUNUN “AZƏRBAYCAN” ŞEİRİNİ QƏBUL ETMƏK İSTƏYİRDİLƏR) VAQİF BAYATLIYLA ELÇİN SƏLCUQ SƏSİNİ QALDIRIB BUNA YOL VERMƏDİLƏR. ELÇİN O VAXT ÇOXLU YAZILAR YAZIB “SƏMƏDSEVERLƏRİ” SUSDURMUŞDU…
    ƏLBƏTTƏ, SƏLCUQUN DA ƏSAS İŞİ ELÇİNƏ LAYİQLİ ÖVLAD VƏ DAVAMÇI OLMAQDI… ŞƏXSƏN MƏN BUNA İNANIRAM… UĞURLAR…

  5. Qardasim Selcuq. Yazini cox beyendim, xususile Unverstetde bas veren hadiseden sohbet acmaqin daha maraqli oldu.:-) Sen yolun baslanqicindasan, ve inanki uqurlada addimlayirsan. ALLAH atava rehmet etsin. Indi ELCIN SELCUQdan bize qalan SELCUQ ELCINDI. Umud ediremki, atavin yolunu layiqince qoruyub ve davam etdireceksen. UQURLAR……

  6. CAN SELCUQ EN ONCE ATANIN RUHU WAD OLSUN DAHA SONRA FEXR ETSINKI SENIN KIMI OGUL QOYUB GEDIB.MEN EMINEM KI SEN ATANIN YOLUNU LAYIQINCE DAVAM ETDIRECEYSEN.GELECEYDE COXLU UGURLAR.

  7. Salam Selcuq! sen yazsan bil ki atan olmeyib. sadece onun mubarizesini sen davam etdirirsen. ugurlar… Qelemin super olacaq

  8. Səlcuq bəy, salam! Sənin ilk yazıların məni həyəcanlandırır. Hiss olunur ki, sən bu yolda çox qətiyyətlisən, ama amandır, içgidən uzaq ol! Uzaq ol bu zəhrimardan!.. Mən sənin gələcəyinə- qələminə inanıram və güvənirəm.

  9. ƏZİZİM SELCUQ !sənin ilk yazıların mənim fikrimcə çox uğurludur,çünki fikirlərin,həyata baxış aspektin insanı cəlb edir ki,sənin yazılarıvı oxusun….bir şeyi bilki atan ölməyib sadecə cisimən bizdən ayrılıb….o,səni görür, duyur, hiss edir…..ən əsası səni izləyir və qürur hissi duyur ki,bu dünyada sənin kimi bir oğul qoyub gedib……..mənim zənimcə sənin bu ilk yazıların ilk addım üçün yetəri qədər uğurludur…..hər zaman ona layiq olmağa çalış və bir şeyi ömrü boyu unutma ki,sən qələmi iti olan jurnalist ELÇİN SELÇUQUN davamçısısan……onun yarım qalan işlərini tamamlamaq sənin borcundur.mən inanıram ki,sən gələcəyin qələmi ilə öz sözünü deyən yazarlarından biri olacaqsan….sənə uğurlar ……..

  10. ah selcuq//////////////

Şərh yazın