Taleh Şahsuvarlı. Yaraşarmı, xalq yazıçısı?

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 28 Ocak, 2010

GÖRÜNÜR, “Əli və Nino” Nəşriyyat Evinin təsis etdiyi Milli Kitab Mükafatına göz dikən yazarların ən azı iyirmi nəfəri qazan dibi yeyibmiş. Yerdə qalanlar üçünsə bu, bəlkə də dağların etibarsızlığını növbəti dəfə sübut edən adi Azərbaycan mistikası idi. Ya da bütün sahələrdən daha çox çirkaba batmış, virusa yoluxmuş, sözün həqiqi mənasında üfunət mənbəyi olan ədəbiyyatımızın ona ehtiyacı vardı.

Dünən qar yağdı!!!

Orhan Pamukun “Qar” romanını oxuyandan sonra illərcə içimdə gəzdirdiyim yazıçı kimliyi ilə qabaq-qabağa oturub gənəşmişdik. Ən axırda “çünki oldun dəyirmançı, çağır gəlsin dən, Koroğlu” deyib üyütməyə başlamışdım.

Sözün buğda, buğdanın həm bərəkət, həm də suç olduğunu bilə-bilə.

Mən üyütdüm, çax-çax baş ağrıtdı…

Çax-çax baş ağrıtdı, amma dəyirman bildiyini elədi.

Axırda dünən qar yağdı…

Qar yağan gün açıqlandı Milli Kitab Mükafatına təqdim edilən 265 bədii mətndən ən yaxşı iyirmisinin adı.

Nərgiz Cəlilovanın müsbət aurası vardı dünən Axundov kitabxanasının böyük zalında…

Rəşad Məcidin replikaları ilə qırışığı açılırdı zalın.

Müsabiqənin təşəbbüskarı və təşkilatçısı Nigar Köçərli tam bir işgüzar xanım obrazı yaradırdı təbəssümləri, jestləri və mesajları ilə.

Hələ siyahı-filan açıqlanmamışdı, Şərif Ağayarla salamlaşıb, Mövlud Mövludun göstərdiyi stula əyləşib, əlimi qulağıma vermişdim.

Afaq Məsudu Münsiflər Heyətində görüb bir az sevinmişdim – görünür, içimdəki birincilik iddiası toxtamışdı; bir az qanım qaralmışdı – özümdən başqa ən yüksək ödülə daha heç kimi layiq bilmədiyimdən qayğılanmışdım.

Bəli, “daha heç kimi…”

Səmimi və açıq demək gərəkirsə – ki gərəkir – ədəbiyyat anlayışıma, proqnozuma və özümə etirafıma görə bu mükafatın sahibi Afaq Məsud olmalı idi!

Amma onun MKM-nın qalibini seçənlər arasında olduğunu nəzərdən qaçırmışdım bir kərə…

Belə çıxırdı ki, əvvəl-əvvəl müsabiqəyə o qədər ciddi yanaşmadığımdan münsiflərlə də dərindən maraqlanmamışdım.

Halbuki məsələ doğrudan da ciddiymiş və üstəlik, Afaq Məsud özünə doğru qiymət verən xanımmış.

Mövlud Süleymanlıdan və Seyran Səxavətdən fərqli olaraq…

Saqın, kimsə ora-bura yozmasın, o cümlədən Milli Kitab Mükafatçısını seçəcək digər münsiflər də qüsuruma baxmasın, mən o fikirdəyəm ki, müsabiqənin ən böyük əhəmiyyəti AZƏRBAYCANDA BAZARLA ƏDƏBİYYATIN BÜTÜNLƏŞDİRMƏSİDİR. Və prosesdə bazarın əsas nümayəndəsi Nigar Köçərli, ədəbiyyatın başlıca təmsilçisi Afaq Məsuddur.

Odur ki, üzümü bu iki xanıma tuturam: LÜTFƏN, ƏSLA BAZARA VƏ ƏDƏBİYYATA XƏYANƏT ETMƏYİN! Ortadakı gözəl təşəbbüsü kiminsə üzündə, kiminsə bölgəsində, kiminsə şəhərində, kiminsə dostluğunda, kiminsə cibində, kiminsə kabinetində boğmayın. Ədəbiyyata yeni bir pəncərə açmaqda davam edin. Bunu yapacağınıza inanmaq istəyirəm, amma həm də bir az şübhələnirəm ona görə ki:

Dostum və istedadlı həmkarım Şərif Ağayarın “Kərpickəsən kişinin dastanı” hekayəsinin yayılan press-relizdə “ROMAN” kimi göstərilməsi ən yaxşı halda təqdim edilən bədii mətnlərin yarımçıq və tələsik oxunmasına işarədir.

Oysa bu iş daha böyük səbr, daha ciddi yanaşma, daha dərin təhlil və daha obyektiv müzakirə mühiti istəyir.

Mən narazıyammı? Qətiyyən!

“Canlanma” tarixi metaromanım ən yaxşı iyirmi bədii mətn arasındadır, siyahıdakı doqquz romandan biridir və belə bir mötəbər yerə layiq bildiklərinə görə təşkilatçılara səmimiyyətlə təşəkkür edirəm.

Eyni zamanda eyni səmimiyyətlə təşkilatçılıqdakı bəzi qüsurları da indidən deməyi özümə borc bilirəm – ilk olan heç bir addım nöqsanlardan xali deyil, təbii.

Zənnimcə, müsabiqənin təşkilində əsas problem hədəf qrupun düzgün müəyyənləşdirilməməsindən qaynaqlanır. Müsabiqədə dil, yaş, ölkə və ədəbi növlə bağlı məhdudiyyətlərin olmaması birinci mərhələdə iddiaçıların çoxluğuna şərait yaradıbsa, ikinci mərhələdə fəsadlar törədəcək. Odur ki, bu mükafatı AZƏRBAYCAN ƏDƏBİYYATI ADINA PRESTİJƏ çevirmək üçün hazırkı mərhələdə həm təşkilatçıların, həm də iştirakçıların situasiyanı yenidən və birgə dəyərləndirməsi vacibdir.

Mən ilk növbədə Əli və Nino” Nəşriyyat Evinin rəhbəri Nigar Köçərliyə müraciət edir, ondan münsiflərin, sponsorların, digər dəstəkçilərin və “uzun siyahı”ya düşmüş müəlliflərin iştirakı ilə müzakirə keçirməyi təklif edirəm.

* Ya bu müsabiqə bu il üçün yalnız romanları əhatə eləsin və hekayə təqdim edən müəlliflər könüllü şəkildə kənarlaşsınlar; ya da hekayə müsabiqəsi olsun, romançılar iddialarından geri dursunlar;

* Yaxud sponsorlar – xüsusulə də “Azərcell”, “Azərsun” kimi şirkətlər, APA, “1news” sayaq nüfuzlu media quruluşları əlavə mükafatlar üçün vəsait ayırsınlar, uzun siyahıdakı hekayələrə, romanlara, o cümlədən rus dilindəki mətnlərə ayrı-ayrı nominasiyalar kimi baxılsın.

Əks halda, kimin qalib seçilib-seçilməməsindən asılı olmayaraq, müsabiqədə üç roman haqqını almayacaq.

Məqsədim qalib olmaq deyil! – onluqda təmsil olunacağıma ümid etsəm də, birinci olacağımı gözləmirəm, “uzun siyahı”nın konyunkturası buna əl vermir.

Bununla belə, hər birinin professionallığına, çağdaş ədəbiyyatın romançılığın çiynində var olduğunu yaxşı bildiklərinə, Milli Kitab Mükafatının Azərbaycan ədəbiyyatı adına yaratdığı imkanların yazıçılarımızın hamısı üçün faydalılığının fərqində olmalarına inansam da, Fəxri Uğurlu, Məqsəd Nur, Şərif Ağayar, Rafiq Tağı, Əjdər Ol (həm də mükafatın maliyyəsinə ehtiyacı olmadığına görə), Yusif Şükürlü, Kamran Nəsirli kimi çox dəyərli hekayə müəlliflərinə “müsabiqədən könüllü kənarlaşın” deyə bilmirəm.

Amma adı “uzun siyahı”da yer alan iki görkəmli yazıçı var ki, onların belə bir müsabiqədə özlərini sınaması qəbuledilməzdir.

Xalq yazıçısı, 1943-cü il doğumlu Mövlud Süleymanlının və məşhur nasir, 1946-cı il təvəllüdlü Seyran Səxavətin hərbi xidmətdə olan Qaraqanla eyni ödülə iddia etməsi, sadəcə, adlarına yaraşmayan işdir. Yaxşı olardı ki, adaylıqdan çəkilib heç kimi pis vəziyyətdə qoymasınlar. Nə özlərini, nə təşkilatçıları, nə də bizi.

LENT.AZ

1 səs2 səs3 səs4 səs5 səs (2 səs, hardasa: 3,00 ilə 5 arası)
Loading ... Loading ...

8 Şərh var
Şərh yazın »

  1. Siz bu musabiqenin qalibi olmaga tam layiqsiniz Taleh bey!

  2. Başlayan kimi kinayəli yazı adamda laqeydlik yaratdı. Bu nəyə, kimə lazım idi? Kim uzaqlaşacaq, kim qalacaq onu zaman göstərəcək. Taleh bəy, məncə , bu yazıya ehtiyac yox idi. Layiqsinizsə, birinci olacaqsınız, layiq deyilsinizsə, sonuncudan birinci.
    Namizədlərin hər birinə uğurlar! Birinci olan kəs gözümüzün işığıdır! Kimliyindən asılı olmayaraq…

  3. Məncə Taleh hələ çox cır yazardır…. Bundan sonra nə yazacaq bilmirəm, amma hələ abıra çıxartmalı bir şey yoxdur ortalıqda…

  4. Görəsən Talehin qabağına öz adı və arqumentlər ilə çıxan bir kişi tapılacaq?

  5. General olmagi arzulamayan esger esger deyil. (Amma gerek esger de esger ola)

  6. Çinsiz, rütbəsiz də batmayaq yasa,
    Əsgər şərəfilə yaşayaq da bir.
    Hamı döyüşlərdə General olsa,
    Daha generallıq kimə gərəkdir…

  7. Höemətli Taleh bəy! Həyat və ədəbiyyat arasındakı körpü sizin kimi yaradıcıların çiynində durduğu üçün, ümüdvericidir.

  8. Taleh əfəndi, gözəl bir taktiki hücum edirsiniz. Məqsədiniz ilk onluqdanda o yanadlr….Narahat olma. Bu müsabiqə bizdə nəsrin nə gündə olduğunu üzə çıxaracaq. Bu baxımdan layihəni uğurlu sayıram. İyirmiliydə mövcud siyahı AYO vəAYB -nin üstəgəl ortada fırlanan yazarların balaslaşma siyasəti ilə qurulub. Təqdim olunan əsərlərin əksəriyyəti heç vaxt cəmiyyətdə səs salmayıb.Həmidin romançası nədirsə Mövludun yazısı odur. İstəyirsən onluğun və hətta qaliblərin adını müəyyənləşdirək. Tam səmimi deyirəm, bu müsabiqənin qalibi təkcə sən olmalısan. Bu çox gözəl sonluq və ədəbiyyatımız üçün bir əcəl səngi olardı

Şərh yazın