Araz Gündüz. Bir pritça, bir novella

Yazar: Admin | Bölmə: Proza | Tarix: 31 Ocak, 2010

Tanrının ağlamağı (Pritça)

Adam çox oxumuşdu, bilikli idi, beyni türlü “izmlərlə” dolub tıxanmışdı. Ancaq iş elə gətirmişdi ki, Adamyeyənlərin əlinə düşmüşdü. Adamyeyənlərin başçısı deyinir, acıqla onun üstünə çımxırırdı: “Solğun üzlü, ağ adam, baş aça bilmirəm sizin işinizdən, yeməyinizə o qədər duz tökürsünüz, bir də su yerinə qatqılı-boyalı yaxantıları o qədər içirsiniz, ətinizin nə çiyi, nə hisə verilmişi, nə soyutması, nə qızartması dilə vurulası deyil. Canını dişinə tutub, bir təhər yeyirsən, sonradan ya bütün günü ürək bulanması tutur, ya da için-içalatın qarışır, qarınağrısına düşürsən, bütün günü kolluqlarin daldasında çöməlib işdən-gücdən qalırsan. Bax,  günün batmağına az qalır, gün batanacan əlimizə ayrı ov keçməsə qarnımızı səninlə yasdan çıxaracağıq, yox əlimizə bir şey keçsə səni bordağa bağlayıb, bir-iki ay öz yediyimiz yeməklərlə bəsləyəcəyik ki, bəlkə ətin bir az dada gəldi.”  Adamyeyənlər qaçmasın deyə adamı ağaca bağlayıb, ov ovlamağa getdilər.

Adamyeyənlərin sıxma-boğmasından huşunu itirmiş, başı sallanıb köksünə düşmüş adam bir azdan özünə gəlməyə başladı, birinci duyduğu çox pis bir qoxu oldu, gözünü açıb bu pis iyin  bağırsağından püskürüb, şalvarının balaqlarından süzülən qatı mayedən gəldiyini anladı…  “Yüz gün yaraq-bir gün gərək” Atalar Sözünə uyğun, öz  oxuduqları, bildikləri üzrə çıxış yolu axtarmağa başladı. Birinci anladığı o oldu ki, qorxub  özünü batırmaqla, ölümün gözünün içinə dik baxıb, onu alnı açıq, üzü ağ qarşılamağı bacarmadığından, dərindən oxuyub öyrəndiyi etik-estetik “izmləri” yada salmağın yeri deyil. Əski Şumer, Babil, Misir, Hind, Çin, Yunan, Roma v. s.-dən tutmuş, çağdaş  çağacan oxuyub öyrəndiyi bütün “izmləri” beynində töküb-töküşdürdü, sonunda anladı ki, indi bu “izmlərin” heç biri ona çıxış yolu göstərmək, onu düşdüyü dardan qurtarmaq gücündə deyil. Beynində kəsik-qırıq düşüncələr dolaşırdı: “Bu necə olur, bu qədər oxumuş, bilikli olasan, yazı-pozu bilməyən, yerin fırlanmağı bir yana qalsın, heç onun yumru olduğunu anlamayan bu savadsız, vəhşi adamyeyənlərin əlində girinc olub qalasan?”

Əli yerdən-göydən üzülüb, tam sarsıldığı anda sanki birdən beynində ildırım çaxdı: “Bəs Tanrı?! Ona yalvarsam, kömək diləsəm, məni qurtararmı?!”  Adam  yadına düşən ən kəsərli, ən kədərli sözlərlə qışqırıb, çığır-bağır salıb, Tanrını  köməyə çağırmağa başladı…

Günbatan çağı, hər gün olduğu kimi bu gün də yerdən ucalan alqışların, qarğışların, diləklərin Tanrıya çata bilməsi üçün göyün bacası açılmışdı. Tanrının durduğu ucalıqdan Yer yumrusunun işıq düşən yönü əl içi kimi görünürdü. Tanrı bütün gücünü baxışlarında toplayıb, yer üzünə göz gəzdirirdi. Özünün qos-qoca yağısı  Andırın (Filosoflar buna Xaos deyirlər)  Adamların sayğısızlığından, qayğısızlığından barınıb, yer üzündə pozduğu düzənləri, yaratdığı pintiliyi, qarma-qarışqlığı gördükcə, çoxsaylı köməkçilərinə (dini yazılarda bunlara mələk deyirlər) tapşırıq verib, yer üzündə səliqə-sahman yaratmağa, baş verən yanlışlıqları düzəltməyə göndərirdi. İş o qədər çox idi ki, çatdırmaq olmurdu. Sayğısız, qayğısız, anlaqsız Adamların sayının günü-gündən artması, onların düz yoldan sapmaları, azğınlığı,  pozğunluğu, ellikcə daşımalı olduqları yükün altına çiyinlərini vermək istəməməsi Tanrını yormağa, üzməyə başlamışdı.

Tanrının üzündə yaranıb, sonra Adamların Ruhuna çilənən, onları sevindirən Gülüşü sonuncu dəfə nə vaxt gördüklərini Onun köməkçiləri yada sala bilmirdilər.  Adamların işdəklərindən cana doyduğundan, ürəyində onların qarasınca gileylənirdi Tanrı: “Nə vaxta kimi bunlar töküb-dağıdacaqlar, Mən yığıb-yışdıracağam?!”

Çox keçmədi ki, baxışlarından heç nə yayınmayan Tanrının gözü dara düşən Adama sataşdı. Adamların Ruhlarına baxıb istəklərini bilən, diləklərini duyan Tanrı baxışlarını toparlayıb, uzun-uzadı  Adamın Ruhuna baxdı, baxdı… Sonra Tanrı çoxsaylı köməkçilərindən ən yaxında durana üzünü tutub qəmli-qəmli dilləndi: “Bu Adamın boy-buxununu çox aydın görürəm, ancaq bayaqdan ha baxıram, onun Ruhundan baş aça bilmirəm.  Bax, o sürüsünü haylayıb kəndə sarı sürən Çobanın Ruhunu bütün aydınlığı ilə görürəm: sayadır, boyaqsızdır, yoxsuldur Ruhu, ancaq özünündür; Yaxud inəyini itirib, kömək diləyən o yoxsul kişinin Ruhunu necə sevindirməyim yadına düşürmü, onda səni göndərdim, inəyini ürküdüb, onun yoluna çıxardın, inəyinin tapılmağına necə uşaq kimi sevinməyi indiyəcən yadımdan çıxmır. Bu Adamın Ruhu elə bil Andırın anbarıdır, bu qədər gərəksiz-Andıra qalası şeyləri bir yerə toplayıb, Ruhunu onların yükü altında basdırıb görünməz etməyin belə örnəyini çoxdandır ki, görməmişdim; Andır bütün axtardığını onda tapar, Mən isə bayaqdan ha baxıram, Özümə yarayan heç nə tapmıram.”  Tanrı sözünü qurtardı, Adamdan üzünü döndərib kədərli düşüncələrə daldı… Tanrı bərk kövrəlmişdi… Bir azdan yağış yağmağa başladı…

Tanrıdan kömək gəlmədiyini görən Adam acıqla mırıldandı:”Düz deyirlər, suda boğulan saman çöpündən yapışar, nə qədər axmağam ki, olmayan birindən yardım diləyirəm”.

Adamyeyənlər ov tapmadıqlarından, əliboş,  Adamı bağladıqları ağacın yanına qayıdırdılar. Ruhu Tanrıya gərək olmayan Adamın cəmdəyi onlara gərək idi…

İki ələk (Novella)

Azərbaycanda müharibədən sonra başlayan amansız aclıq  XX əsrin 60-cı illərində hələ tamam çəkilib getməmişdi. Çörək qıtlığı, ərzaq kasadlığı sanki adamlara isnişmiş, öyrəşmişdi, onları ölümcül bir istəklə bağrına basıb sıxdıqca sıxır, buraxmaq istəmirdi. Dolanışıq çətinliyi dabanqırma adamların ardınca düşüb gəlir, addımbaşı özünün pis üzünü onlara göstərir, sanki adamlara aşılamaq istəyirdi ki, göydə oturub onlara heç nəylə köməyi dəyməyən gözəgörünməz  Tanrıdan daha güclüdür, həm də adamlara ondan daha yaxındır.

Adamlar ağlasığmaz ölçüdə dargöz və kırnıs(xəsis) olmuşdular, sanki hamı ovcunu bərk-bərk sıxıb durmuşdu, yıxılana əl uzatmaq, bir-birinə əl tumaq, əliaçıqlıq, gözütoxluq kimi dəyərlər adamların gündəlik həyatlarından çıxıb, yaddaşlarda qorunan, keçmişin yaxşı günlərinin başagəldilərinə köçmüşdülər. Qardaşın qardaşdan çörək istəməyə üzü gəlmirdi…

Bu aclığın dövlət siyasəti olaraq yürüdüldüyü haqda danışılanlara mən inanıram. Çünki bu aclıq adamları doğma yurd-yuvasını atıb qaçmağa vadar edir, onlar arasında bütün doğmalıq tellərini qırıb tökür, adamlar tapdıqları çörəyə əllərinə düşən sonuncu fürsət kimi baxır, bu çörəyin qonşusuna, doğmasına, öz kəndçisinə yox, onun özünə çatmasından sevinc duyurdular. Üstəlik çörəyin adamlar arasında bölünməsində yaradılan imtiyaz ayrıseçkiliyi də onları biri-birinin yağısına çevirir, daha yağlı tikə ala bilmək üçün başqasının başını batırmaq, evini yıxmaq çabalamasına kimi alçaldırdı. “Çörəyin harda-Yurdun orda” yavalar sözü o çağların dönə-dönə zorlanıb, alçaldılmış və pozğunlaşmış  anlağından  törəmişdi. Bir sözlə yaranmış durum dövlətə gərək olanı-xalqın birliyini pozmaq işini yarıdırdı.

Müharibənin son illərindən  başlayaraq, 60-cı  illərin sonuna kimi davam edən bu amansız durum–adamların aclıq və yoxsulluqla sınağa çəkilib sındırıldığı bir dönəm idi ki, yerini özündən sonra sırası gələn daha alçaq bir siyasi pozğunluğa verib qırağa çəkildi. Verdiyim başağrısına dözüb, hələ də yazımı oxuyursunuzsa, onda qısaca olaraq, sonra gələn həmən siyasi pozğunluğun  bir neçə yönverici  örnəklərindən danışmaq istəyirəm.

Bir. Adamın başına ardıcıl olaraq qapaz vurulursa, onun gözüqıpıq olacağına arxayın ola bilərsiniz.

İki. Adamın başında dönə-dönə qoz sındırılırsa, onun başının çölündə görünən qaraqançırlara, şişlərə, yarılmış yerlərə baxıb halına acıyanda, bir anlıq onun başının içinin nə gündə olduğunu göz önünə gətirin, bir az da buna görə acıyın.
Uç. Adamın başını yarıb, ətəyinə içi puç olan qoz tökürlərsə və buna yüksəliş deyirlərsə, bu nəyin yüksəlişidir?–Adamın verilən qozun dağılmaması üçün qaldırdığı ətəyinin yüksəlişidir, yoxsa başının yarılmasının ağrı-acısından qalxan vay-şivəninin göyə yüksəlməsidir?

Dörd. Aşağıdakı sualların cavabını tapmaq bizim üçün “olum ya ölüm” məsələsidir: 1. Bizim başımızı qozla aldatmaq birinci kimin ağlına gəlib? 2.Nəyə görə qısa bir vaxt bu qozqırların yerini tutan bambılı da ölkənin yüksəlişini qoz ağacları əkməkdə, adamlara qoz yedirtməkdə görürdü? 3.Bizim, “yurdsevərliyi” vulkan kimi püskürən, bundan qabaqkı iqtidarın üstünə xoruzlanmağı sevən “aslan biləkli, qurd ürəkli, dağ kürəkli” siyasətçilərimizi kim və neçəyə(necə yox!) qoz qabığına soxdu?

Beş. Dilçilik İnstitutunun görkəmli alimlərini(Görkəm deyəndə onlarin saç-saqqalının və əyin-başlarının yaraşığını göz önünə gətirirəm, başqa şey düşünməsinlər!) saya salmadan, onlara gənəşmədən apardığım araşdırmalarla dilçilik elmimizdə  çevriliş sayıla bilən iki böyük elmi kəşf etmişəm. Sən demə, dilimizə Avropa dillərindən gəldiyini düşündüyümüz “karyera” və “kazino” sözləri bizim öz sözlərimiz imiş! “Karyera”–”qara yer”, “kazino”-”qoz-qoz oynamaq” sözlərinin Avropa dillərinə yanlış tərcüməsindən başqa bir şey deyilmiş! Oysa, çağdaş günümüzdə:”Biri karyera qazandı” yerinə “Biri qara yer qazandı”, yaxud da “Birinin boyunu qara yerə soxdular” demək daha düzgündür.Eləcə də:”Biri öz xalqı ilə qoz-qoz oynayır” və “Biri öz xalqı ilə kazino oynayır” eyni anlamdadır.

Altı. Bir adamın özü və törəməsi 40 ildən çox, Başqa adamın özünün və törəməsinin başına qapaz vurursa, həm də bu başlarda qoz sındırırsa, onda bu başların Dünyanın səkkizinci möcüzəsi olmaq şansı çox böyükdür.

İş elə gətirmişdi ki, mənim uşaqlıq çağlarım həmin 60-cı illərə düşmüşdü. Atam müəllim işlədiyindən, bizim dolanışığımız  başqalarından bir az  yaxşı idi. Buna baxmayaraq, çətinliyin atamızın aradabir üzümüzdə iz qoyan müəllim şapalağından qat-qat sərt olan izi, əyin-başımızda, qarnımızda vaxtaşırı özünü göstərirdi. O çağlar  kiminsə dolanışığının  yaxşı, yaxud pis olması  onun evində neçə ələk olmasından bilinirdi.  Kəndimizdə evlərin çoxunda bir ələk, yanılmıramsa, iki-üç evdə o sıradan  bizdə iki ələk vardı. Soruşa bilərsiniz ki, bir evdə iki ələk nəyə gərək idi və iki ələyin olması yaxşı dolanmağa necə kömək edirdi? Özünüzü darıxdırmayın, indi biləcəksiniz. İş burasında idi ki, bu ələklərdən biri unu ələyəndə una qarışan zir-zibili buraxmır, ancaq unu kəpək qarışıq ələyib tökürdü, belə undan bişən çörək qap-qara olur, bir az boyatlaşan kimi boğazdan keçmirdi. İkinci ələk narın gözlü olduğundan, kəpəyi buraxmırdı və ələnən unun ağappaq, yumşaq çörəyi çıxırdı. Sizə deyim ki, bəzən narın ələyimizin aylarla işsiz-gücsüz , mıxdan asılı qalıb divar yaraşığına döndüyü də olurdu…

Quruyub qalmayın(təəcüblənməyin), desəm ki, yaşadığımız Ömür də bir ələkdir elə. Onunla yaşadığımız illərin  sınaqlarını, oxuduqlarımızı, eşitdiklərimizi, görüb-götürdüklərimizi ələyib, anlağımızı yedirmək üçün hisslərimizin, duyğularımızın odu ilə qızan ağıl təndirində anlam çörəkləri bişiririk.  Arxadaşlar, dediyim sözlər beyninizə batırsa,  sizdən umacağım odur ki, çalışın ələyiniz narın olsun. Yadıma gəlir ki, anam narın ələkdən keçməyən kəpəyi ya isladıb toyuq-cücəyə tökərdi, ya da yoğurub təndirdə itimiz üçün küt  bişirərdi…

Özüm haqda qısa məlumat.

Mən, Rzayev Malik Əsədulla oğlu 28 dekabr 1957-ci ildə Cəlilabad rayonunda doğulmuşam.  1975-ci  ildə orada Orta məktəbi bitirib, Azərbaycan Dövlət Universitetinin Tətbiqi-riyaziyyat fakültəsinə  qəbul  olunmuşam,  1980-ci ildə riyaziyyatçı ixtisası ilə bu Universiteti bitirmişəm. 1980-85-ci illərdə Lənkəran şəhərində, 1985-95-ci illərdə Cəlilabad şəhərində riyaziyyatçı-mühəndis, Cəlilabad Statistika İdarəsinin Baş mühəhdisi, 1992-93-cü illərdə Cəlilabad Rayon İcra hakimiyyəti başçısının Humanitar məsələlər üzrə müavini işləmişəm.  Bu keçən müddətdə müəyyən fasilələrlə Cəlilabadın şəhər məktəblərində riyaziyyat müəllimi də işləmişəm.

1983-1992-ci  illərdə Cəlilabadın və Lənkəranın rayon qəzetlərində müntəzəm olaraq şerlərim və publisistik yazılarım çap olunub.

1980-ci ildən taleyimi Asif Ata Ocağı ilə bağlamışam,1986-92-ci illərdə Ocğın ən aprıcı üzvlərindən biri olmuşam. 1992-ci ildə Asif Ata Ocağını tərk etsəm də mənəvi-ruhani təkamülümdə Ocaq silinməz iz qoymuşdur.

1993-сü ildən bu günə kimi Müsavat partiyasının üzvüyəm.

1997-ci ildə dolanışıq çətinlikləri ucbatından ailəmlə birlikdə Rusiya Federasiyasının İvanovo şəhərinə köçmüşəm, bugünkü günə kimi burada yaşayıram, xırda bizneslə məşğulam.

Evliyəm, iki oğlum var, böyük oğlum Araz İvanovo Dövlət Memarlıq və İnşaat Universitetinin İqtisad fakültəsini bitirib, indi İvanovo Dövlət Universitetinin Hüquq fakültəsində oxuyur, kiçik oğlum Gündüz İvanovo Dövlət Memarlıq və İnşaat Universitetinin Avtomobil Nəqliyyatı fakültəsində axırıncı kursda oxuyur.

Ədəbi ayamam (təxəllüsüm) Araz Gündüzdür.

1 səs2 səs3 səs4 səs5 səs (2 səs, hardasa: 5,00 ilə 5 arası)
Loading ... Loading ...

2 Şərh var
Şərh yazın »

  1. Salam, Malik bəy, necəsiniz? Yəqin ki, məni tanıdınız, köhnədən dost və qonşu olmuşuq, axı. Gör, neçə illərdir görüşmürük. Doğrusu, sağ və salamat olmağına sevindim. Əksin yenidirsə, maşallah, heç dəyişməmisən demək… Ailəni, övladlarını yaxşı xatırlayıram… Övladlarının uğurlarına sevindim.
    Birdən- birə “Kultaz”da görünməyin, doğrusu, məni təəccübləndirdi. “kultaz” in ədəbi aləmdə çox böyük nüfuzu vardır. Orada dəyərli dostlar çalışırlar. Mənim “Dəli Bəybala” hekayəmı də dərc ediblər, 2009- cu ilin mart ayında, arxivdən axtarsan tapa bilərsən.
    Yazdığın yazını hələlik oxumamışam, vaxt tapan kimi oxuyacağam. Mənim elektron poçtum belədir: meyxosh@rambler.ru
    Salamat qal… Meyxoş Abdullah

  2. Salamlar! əgər ruhumuz özümüzə yaramırsa Tanrının nəyinə lazım? biz Vətən dedikdə rayonları,kəndləri,məhəlləni; xalq-millət dedikdə millətçiliyi nəzərdə tuturuq-hansı ki bunu bir ölkədə yaşayan,eyni taleyüklü insanlara münasibətdə irqi ayrı-seçkilik səviyyəsinə endiririk! bu munasibət daha çox intelektual müstəvidə tüstülənir.Azərbaycan müstəvisində hələ ki Azərbaycan deyən yoxdur.fars dedik,rus dedik,indi də türk deyirik və bir-birimizə ikrah hissi ilə baxırıq!
    Yazıları oxudum,ümumən yaxşı… qəbul etmədiyim səmimiyyət qıtlığı var.əğər özünüz mübarizədən vaz keçib vətəndən uzaqda yaşayırsınızsa,mübarizə aparmağı kiməsə məsləhət görməyinizi anlamıram! indi 90-cı illərin küləkləri əsmir.indi bölgəmiz ağappaq qara bürünüb.)
    Malik. bu adı qiyabi olsa da tanıyıram.Sizə yeni yaradıcılıq uğurları…
    Meyxoş müəllim, “dəli bəybala” ilk qələm təcrübənizdir bəlkə də. bu hekayə ilə özünüzü tanıtmağınızı məsləhət bilmirəm.hər halda özünüz bilən məsləhətdir.

Şərh yazın