Hacı İsmayılov: “Bəxti gətirən aktyoram”

Yazar: Admin | Bölmə: Teatr | Tarix: 31 Ocak, 2010

Teatrda bir çox rollar ifa etsə də hamımızın yaddaşında “Ad günü” və “Həm ziyarət, həm ticarət” filmlərindən Mustafa obrazı ilə qalmış xalq artistimiz Hacı İsmayılovun bu yaxında 66 yaşı tamam oldu. Uğurlu və keşməkeşli yaradıcılıq yolu keçmiş sənətkarımıza daha böyük uğurlar arzu edirik.

- Necə oldu ki, “mən aktyor olmalıyam” qərarına gəldiniz?
- Mən hələ 190 N-li məktəbdə oxuyarkən orada dram dərnəyinin üzvü idim. Rəhbərimiz kinorejissor, xalq artisti Tofiq İsmayılov idi. Elə sənətə ilk addımlarım o dövrdən başladı. Sonra Lütfi Məmmədbəyovun rəhbərliyi altında Xalq teatrına getdim və 1963-cü ildə Mirzağa Əliyev adına Azərbaycan Teatr İnistitutunun kino və dram aktyorluğu fakültəsinə daxil oldum.

- Bu vaxtadək həm kinoda, həm də teatrda bir çox rollar ifa etmisiniz. Kinoda ilk debütünüz olan Mustafa rolu sizə böyük uğur gətirdi. Bu obraz sizə başqa nə verdi?
- O vaxt mən Milli Akademik Dram Teatrının aktyoru idim. Bu illər ərzində C. Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının dublyaj şöbəsinə getmişəm, filmlərin səslənməsi ilə məşğul olmuşam. Elə o vaxt da kinoya çəkilməyə böyük həvəsim var idi, lakin o dövrün filmlərində çəkilən aktyorlarla özümü müqayisə edəndə bir qədər özümü kinoya uyğun görmürdüm. Bir dəfə təsadüfən görkəmli rejissorumuz  Rasim Ocaqov mənə yaxınlaşdı və “Ad günü” filminin sınaq çəkilişlərinə dəvət etdi. Təbii ki, o an çox sevinmişdim. Sınaq çəkilişləri uğurlu olduğu üçün rolum təsdiqləndi. 1976-77-ci illərdə film çəkiləndən sonra mənim şəxsi və aktyor həyatımda böyük dəyişikliklər oldu. Birdən birə tamaşaçı tərəfindən hüsn-rəğbətlə qarşılandım.

-  “Ad günü” filmindən sonra tamaşaçıların küçədə, ictimaiyyət arasında sizə münasibəti necə idi? Populyarlıq sizi sevindirir, yaxud narahat edirdi?
- Əlbəttə ki, bu sənətə gələndə şan-şöhrətə görə gəlməmişəm. Bu sənəti uşaqlıq illərindən sevmişəm. Bizim sənət bir az çətindir. O mənada ki, ola bilər  aktyor bütün ömrünü bu sənətə həsr edib, amma tamaşaçı rəğbətini qazanmayıb. O dövrdə hamı istərdi ki, onu küçədə, nəqliyyatda gedəndə tanısınlar. Amma mən bunu istəsəm də gözləmirdim. “Ad günü” filmində 2 əsas rol var: Mustafa və Əli. Əlini ifa edən gürcü aktyorudur, bəzən tamaşaçılar elə bilirdi ki, gürcü mənəm, azərbaycanlı o.

- Jurnalistlərlə aranız necədi? Sizi olduğunuz kimi ictimaiyyətə təqdim edə biliblərmi?
- Aram yaxşıdı (gülür) Elə “Ad günü” filmindən sonra o qədər müsahibə alıblar ki… Hətta filmin şəkilləri o vaxt məndə elə də çox deyildi. Mənə əziz olan bir neçə şəklim var idi ki, onları da jurnalistlərdən biri qəzet üçün alıb aparmışdı. Sonra məqalə dərc olundu, amma o şəkillər geri qayıtmadı. İndi də o şəkillərin həsrətindəyəm.

- Yeni çəkilən filmlərə dəvət alırsınız?
- Keçən il Maqsud İbrahimbəyovun ssenarisi əsasında, rejissoru Murad İbrahimbəyov olan “Qardaşım əvəzsizdir” filminə dəvət aldım. Bu filmdə baş qəhrəmanın yaxın dostlarından biri olan yaşlı poçt işçisi rolunu ifa edirəm. Maraqlı, yaddaqalan roldur. Film artıq çəkilib, bitmək üzrədir. Yəqin ki, tamaşaçılar filmi bu il izləyə biləcəklər.

- Səhv etmiriksə bu filmdən öncə də “Mosfilm” və “Tacikfilm”in birgə istehsal etdiyi “Silah” filmində baş rollardan birini yaratmısız. Bu filmin aqibəti necə oldu?
- “Silah” filmində alverçilər silahı sərhəddən keçirməsin deyə kəndin keşikçisi rolunda oynayıram. Film müəyyən qədər uğurlu alındı. Artıq satışda da var, əldə etmək olar.

- Teatr və kino. Bu iki ayrılmaz sənətin həyatınızda tutduğu mövqeyi bir cümlədə necə ifadə edərsiz?
- Teatr mənim canım, kino isə sevgimdir.

- Müsahibələrinizdən birində qeyd etmisiniz ki, aktyor futbolçu kimidir. Bu gün biz topu olub, meydanı olmayan futbolçulara bənzəyirik. İndi hansı fikirdəsiniz?

- (gülür) Teatrımız hal-hazırda möhtərəm prezidentimizin qərarına əsasən təmirdədir. Bu gün müsahibə aldığınız şəraiti də görürsünüz. Belə bir şəraitdə yüksək sənət əsərləri ərsəyə gətirmək son dərəcə çətindir. Çünki teatr başqa aləmdir.
Bu müddət ərzində teatrımızın gördüyü işlər az olmayıb. Uğurlu tamaşalar qoymuşuq. Məsələn, 2009-cu il bizim teatr üçün əlamətdar oldu. Bir neçə xarici ölkələrə səfərə getdik. İki dəfə Türkiyə səfərində mən də iştirak etmişəm. Unudulmaz şairimiz Bəxtiyar Vahabzadənin “Özümüzü kəsən qılınc” əsərində Çin şahzadəsinin elçisi Yanq Çunq rolunu ifa etdim. Bu tamaşayla biz ötən ilin əvvəlində Ankara və Kayseridə, sonra isə yayda Tarsus şəhərində teatr festivalında iştirak etdik. Daha sonra Ceyhan, Mersin və Karaman şəhərlərində bir daha o tamaşanı nümayiş etdirdik. Çox uğurlu səfər oldu.
Daha sonra teatrımız H. Cavidin “Şeyda” əsərini tamaşaya qoydu. Burda da mən alman rəssamı Maks Müller rolunu ifa etmişəm.

- Eşitdiyimizə görə Akademik Milli Dram Teatrında islahatlar keçiriləcək. Buna münasibətiniz. Ümumiyyətlə bu islahatlar nələri əhatə edəcək?
- Düşünürəm ki, bu islahatlar keçirilsə, o qədər də geniş həcmli olmayacaq. Çünki teatrımızın aparıcı qüvvələri əsasən xalq və əməkdar artistlərindən ibarətdir. Onları işdən azad etmək olmaz, onlar əvəzsizdir. Ola bilsin ki, islahatlar yeni tamaşalarla, onların bədii tərtibatı və s. bu kimi hallarla bağlı olsun. Mənə belə gəlir ki, bütün hallarda teatrımızın xeyrinə ola biləcək islahatlar aparılacaq və məncə genişmiqyaslı olmayacaq.

- Nostalgiyaya tez-tez qapılırsınız? Adətən belə hallarda nələr və kimlər haqqında düşünürsünüz?
- Elə vaxt olub ki, hər il filmlərə çəkilmişəm. Sonra müəyyən bir durğunluq dövrü oldu, “Sarı gəlin” filmindən sonra filmlərə çəkilmədim. Arzu edirəm ki, bu il filmlərimizin sayı artsın, çünki tamaşaçı aktyordan yeni rollar gözləyir. Kino sahəsində ötən illərin, keçmiş günlərin yenidən geri qayıtmasını, həmin o aktyorlar, rejissorlarla bir daha yenidən işləməyi çox arzulayıram. Teatrda isə işim həmişə olub, rollar ifa etmişəm. Belə baxandabəxti gətirən aktyoram. Teatrda işim olmayanda kinoda çəkilmişəm. Kinoda olmayanda televiziya tamaşalarında, filmlərin dublajında yaxından iştirak etmişəm. Bu barədə şikayətim yoxdu.

- Bu günki gənc aktyorlarına münasibətiniz necədir? Teatrlara göndərilən kadrlar ürək açandırmı?
- Bunun gərək kökünə nəzər salasan. Bayaq da söhbətimizin əvvəlində qeyd etdim ki, mən hələ məktəb vaxtından dram dərnəklərində rollar ifa edirdim. Bu gün isə dərnəklər, xalq teatrları olmadığı üçün cavanlar bu sənətə birbaşa, bir qədər hazırlıqsız gəlir. Yeri gəlmişkən, bu ildən mən artıq Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində pedaqoji fəaliyyətlə məşğulam. Hiss olunur ki, bu günki gənclərin əvvəldən bazaları, bünövrələri qoyulmayıb. Ona görə də daha çox işləməli olursan. Bizim teatra gələn gənc kadrlara da fikir verirəm. Onsuz da teatrımızın gələcəyi onlardır. Bir az əlbəttə ki, onlarda həyat qayğıları daha çoxdur. Hərdən teatrdan kənar işlərə də meyillənirlər. Bu da maddi durğunluqla bağlıdır. Maddi vəziyyət yaxşı olsa, sözsüz ki, onlar teatra daha çox istiqamətlənərlər. Biz özümüz gənc olarkən tərbiyəni özümüzdən əvvəlki aktyorlardan götürmüşük. Gənclərdə ən birinci üstünlük verdiyim məqam nizam-intizamdı. İnsan gərək öz sənətini sevsin, zəhmətkeş olsun ki, məqsədlərinə nail ola bilsin. Gənclərə də bunu tövsiyyə edirəm. Çünki zəhmətsiz heç nə əmələ gəlmir. Hətta universitetdə tələbələrimə də bunu deyirəm ki, sənətin 35%-i intizam, 35%-i zəhmət, qalanı isə istedaddır.

- Teatrlarımızda klassik əsərlər üzərində edilən yeniliklərə münasibətiniz necədi? Alqışa layiqdirmi?
- Sözsüz ki, dövr, zaman dəyişib. İnternet, mobil telefonlar, bir sözlə, texniki tərəqqi dövründə yaşayırıq. Texnika o qədər inkişaf edib ki, bunlar mütləq teatr, tamaşalara da sirayət etməlidir.
Klassik əsərlər teatrın bünövrəsidir, təməl daşıdır. Aktyorların yetişməsi üçün böyük bir məktəbdir. Təbii ki, yazılan əsəri olduğu kimi səhnəyə qoymaq da doğru deyil. Əgər əsəri başqa formada dəyişirlərsə, bu, ifrat dərəcədə olmamalıdır. Elə olmalıdır ki, tamaşaçı o tamaşanı qəbul edə bilsin. Amma bədii təsir qüvvələri sözsüz ki, müxtəlif olmalıdır.

- Səhnədə demək istəyib, lakin hələ də deyə bilmədiyiniz sözlər qalıb?
- Əlbəttə qalıb. Bu sənət elədir ki, insan yaşa dolduqca daha çox geriyə, oynadığı rollara baxıb onları nəzərdən keçirir. Əlbəttə gənclik dövründə rola münasibət ola bilsin ki, o qədər də ciddi olmur, məsuliyyət az olur, amma yaşlandıqca o məsuliyyətin ağırlığını artıq öz çiyinlərində hiss edirsən. Həmişə bir şeyi bilmək lazımdır ki, tamaşaçı səndən də ağıllıdır. O, zaldan hər şeyi hiss edir. Tamaşaçını aldatmaq olmaz. Ona görə də bu məsuliyyəti dərk etmək lazımdır. Çalışıram yaşa dolduqca daha dolğun rollar oynayım. Amma bizim aktyor sənəti də asılı sənətdir. Rol verəcəklərsə ifa edəcəksən, verməyəcəklərsə də gözləyəcəksən.

- 66 yaşına qədəm qoyan Hacı İsmayılovun özünə arzusu…
- Adım da Hacıdı, özüm də Allaha bağlı adamam. Hər bir işimdə birinci Allah yadıma düşür. Bu ömrü verən də odur, alan da. Hərdən bizim o cavan rəhmətə getmiş aktyorları yada salıram, heç onların 40-50 yaşı olmadan bu dünyadan köçüb gediblər. İndi 66 il yaşamışam, istərdim ki, bundan sonra qalan ömrümdə nə yaşayacağamsa televiziyada, teatrda, kinoda elə rollar ifa edim ki, daha çox yaddaşlarda iz sala bilsin. Ən böyük arzum budur. Ömür vəfa etsə, yəqin ki, arzularımız həyata keçər…

Söhbətləşdi: Yeganə CANSAİL

1 səs2 səs3 səs4 səs5 səs (1 səs, hardasa: 5,00 ilə 5 arası)
Loading ... Loading ...

2 Şərh var
Şərh yazın »

  1. 66 yash… Az deyil, amma ne vaxt geldi, ne vaxt kechdi… Insan hech ferqinde de olmur… Haci muellimi men ortabab aktyor kimi taniyiram, bextinin getirmesi ile bagli ozunun etirafi ile de razilashiram… Yene de tebrik eleyirem…

    P.S. Yegane Cansail, bu shablon aztv suallarini yaman ezberlemisen haa, aferin, gorunur, xeyli intervu oxumusan…

  2. Novarg, sherhlerinden hiss olunur ki, butun gunu ans-e baxir ve peshekarliga dogru irelileyirsen, aferin )))))

Şərh yazın