Tehran Əlişanoğlu. Öz ədəbiyyat bazarımıza hacət var
Yazar: Admin | Bölmə: Ədəbi tənqid | Tarix: 31 Ocak, 2010
Preambula: Bu yazı özlüyündə bir söz demir; çoxusu bizə məlum məsələlərdən danışır. Buna görə oxucudan əvvəlcədən üzrlər diləyirəm. Məsələ burasındadır ki, yazını “Ədalət qəzeti”ndə bir tənqid müstəvisi gəlişdirməkdən ötrü giriş sözü olaraq yazmışdım. Aqil Abbas dedi: bizə niyə yazmırsan, qonorarımız da var. Cavanlıq aldanışı ilə, lap bir zamanlar olduğu tək, həftədə iki dəfə hesabıyla yazmağa qərar verdim. Amma sonra belə məlum oldu ki, mənim yazı tərzim, “dilim qəlizdir”, “Ədalət qəzeti” kimi kütləvi qəzetə uyğun gəlmir. Odur ki, özümü yığışdırdım; yaşımın bu vaxtında durub Ədalətin dilini öyrənəsi deyildim ki… Nə isə, populyarlığına şirnikib (hərçənd ki, qonorarı yoxdur), bu dəfə yazını Kultaz-a təklif elədim; o niyyətlə ki, bəlkə davamını da yazam…
Öz ədəbiyyat bazarımıza hacət var
Ötən ilin lap sonunda (29.12.2009) Azadlıq Radiosunun veb-səhifəsində belə bir yarımbaşlığa rast gəldim: “Azərbaycanda ədəbiyyata sovet baxışı davam edir”. Yada salanda ki, sovetdən qopub, müstəqil Azərbaycanda yaşamağımızın artıq iki onilidir, az qala ittihama çəkir bu başlıq, deyilmi? Amma yox, oxuyanda baxıb gördüm ki, Türkiyədə çalışan iki həmyerlimiz – İstanbuldakı Bilgi və Yedditəpə Universitetlərinin müəllimi, tərcüməçi Arif Acaloğlu və Azadlıq Radiosunun İstanbul müxbiri Mais Əlizadənin günün xoş saatında sadəcə düşüncələri, mülahizələri, gapı-söhbətindən ibarətmiş bu. Həm də çox gərəkli-xeyirli bir məsələ üstündə köklənmiş: “Türkiyədə Azərbaycan yazıçılarını tanıyan varmı?”; bəs Azərbaycan ədəbiyyatı nədən Türkiyəyə, hakəza ondan da o yana çıxa bilməyir, bilməyir… Odur ki, Azərbaycanda ədəbiyyata sovet baxışı davam edir, yoxsa yox? – məsələsini kənara qoyub, elə mən də ucundan tutub, ucuzluğuna getmək həvəsinə düşdüm…
Tələbəlik çağlarımın tanışları-dostlarını salamlamaqla deməliyəm ki, neçə illərdir Türkiyədə səmərəli çalışmaları elə bu söhbətdən də görünür. Arif Acaloğlunun türk oxucusuna çıxardığı Azərbaycan ədəbiyyatı (Anar, Vaqif Səmədoğlu, Kamal Abdulla, Sabir Rüstəmxanlı…) məhz konkret nəticələrə hesablandığındandır ki, pozitiv təcrübəni bölüşməyə də imkan verir. Arif bəyin o fikri ki, sovet möhürünü daşıyan hər hansı əsər, – bizim üçün doğma olanları belə: istər İsa Hüseynovun “Yanar ürəy”i olsun, istərsə də Anarın “Molla Nəsrəddin-66”-sı, – özgə mühitdə oxunmayacaq, maraq doğurmayacaq… – olduqca dəqiqdir; və ümumən özündə lokallıq nişanəsi daşıyan hər bir əsərə, ədəbi məhsula şamil oluna bilər. Amma deyək ki, məsələn, Anarın “Dantenin yubileyi”, Vaqif Səmədoğlunun şeirləri, Kamal Abdullanın “Yarımçıq əlyazma”sı toxunduğu mətləblərin mahiyyəti etibarilə dünyəvidir, bəşəridir, universaldır; deməli, hər hansı mühitdə bazarını təşkil eləmək də asandır…
İkinci məqam məhz budur; Arif Acaloğlu professionallıq və zövq məsələsini qabardaraq, bunu konkret oxucu auditoriyası şəklində aktuallaşdırır; Azərbaycan ədəbiyyatının Türkiyəyə çıxması üçün türk oxucusu ilk növbədə özünü, zövqünü, maraqlarını (“identifikasiyasını”) tapmalıdır həmin ədəbiyyatda. Türkiyədə bazar var, burda “hər il 26 min adda kitab çıxır”; bazar qaydalarına (reklam, tanıtma, təqdimat) girməzdən də əvvəl, Arif bəy məhz bu amili vacib sayır; deyək, belə bir maraqlı məqamı vurğulayır ki: “bizim 80 illik nəsrimiz Türkiyə oxucusunun mentalitetinə yaddır”… Qardaş Türkiyəyə çıxmaq həvəsimiz öz yerində, ədəbiyyatda bazar qanunlarını öyrənməyimizə də bir örnəkdir bu misallar; indilikdə bizdə hələ nə ədəbiyyat bazarı formalaşıb, nə də konkret oxucu auditoriyalarına həssaslığımız…
Ən nəhayət, Azadlıq Radiosundan olan müsahiblərimiz çözələyə-çözələyə daha vacib, üçüncü bir məqama gəlib-çıxırlar – yazıçının cəmiyyətdə azad statusu məsələsinə; yazıçı cəmiyyət üçün ən çox o zaman maraqlıdır ki, azad mövqedən azad söz deyə; hər hansı vəzifə, kürsü, post, dolayısı nəzarət qələm sahibinin əl-qolunu bağlamamalıdır; zira “Qərb kriteriyalarına görə, yazıçının çörəyi qeydsiz-şərtsiz onun əsərlərindən çıxmalıdır”…
Həə, burda məsələ bir qədər tuldur. Axx, bu “Qərb kriteriyaları”! Bayaqdan bəri ədəbi-bədii dəyər (professionallıq), bazar tələbləri (oxucu zövqü-marağı) ilə baxtımızı-yolumuzu açmağa çalışan Türkiyədəki qasidlərimiz birdən-birə bu “qeyd-şərtsiz” şərtlə nə yaman çətinə salırlar bizi; bayaqdan bəri çox uzaqlarda olduğumuzu bilmirdikmi, bir daha bütün bunların Azərbaycan ədəbiyyatına uzaqdan bir baxış olduğunu dəbbələməyə nə hacət vardı? Bəli, lap əvvəldən unutmamışdıq: bu bir çərçivə baxışıdır; azad Türk ədəbiyyat mühitindən Azərbaycan ədəbiyyatına pəncərə! Bu yerdə uzaq Türkiyədə çalışan həmkarlarımı bir daha salamlayıb, keçirəm mətləbə…
Gəlin, əvvəlcə təzadlara diqqətli olaq. Türkiyəyə çıxan əsərlərimiz hansılardır?; həmsöhbətlərin professional bədii dəyərlər mövqeyindən təqdir qıldıqları bütün örnəklər Azərbaycanda post, mövqe sahiblərinə (AYB sədri, millət vəkilləri, rektor) məxsusdur; hakəza eyni səbəbdən dəyərləndirmədikləri əsərlər (baş nazirin müavini, Qaz Emalı Zavodunun direktoru, keçmiş “Kommunist” qəzetinin müxbiri). Məgər bu onu təsdiqləmirmi ki, ədəbi-bədii dəyər öz yerində, bizdə “dünyaya çıxmağ”ın yolu hələ ki məhz “post”lardan keçir (əks halda ikincilər olmamalıydı)? Gələk, “Qərb kriteriyası”na; bəllidir ki, uzaq Türkiyədən bizdə “sərbəst yazıçı çörəyi” uğrundakı müşkül prosesləri seyr etmək mümkünsüzdür; oradan bircə “professional nəticələr”i görmək olur ki, hələ ki, “çörəksiz yazarlarımız”ın bu nəticələrə gücü-hünəri çatmayır, çatmayır… Ən nəhayət, bazar məsələsi; aya Azərbaycan nə boyda ölkədir ki, burda cəmiyyət zövq məsələlərini iqtidarsız-gücsüz-himayəsiz-nəzarətsiz hərəkətə gətirə bilə?; “nəzarət” dedim, ay aman, bu da yenə Qərb qaydalarını pozmaq oldu…
Odur ki, əziz dostlar, Qərb Qərbliyində, Türkiyə də – uzaqda; görün, mən nə deyirəm: gəlin, “Qərb, Qərb!” deyib Qərb standartlarına çox da aludə olmayaq; bizim bataqlıqda boğulmamaqdan ötəri özü öz saçından tutub cismini sudan çıxaran Baron Münhauzendən nəyimiz əskikdir (çox sevdiyim bu misalı mən illərdir təkrarlayıram)…
- Demirikmi, yazıçı oxucu auditoriyasına köklənməlidir; şükür allaha, potensialımız böyükdür, indi bizdə hər cür standartlara uyğun yazarlar var, klassik zövqlərdən tutmuş bulvar romanlarınacan, kim də istəyir lap Amerikadakı son dəblərə köklənsin (aya görək yeriyəcəkmi)…
- Kütləvilik deyirsiz – Azərbaycan cəmiyyətinin hüdudları indi bizim balaca coğrafi Azərbaycanımızdan çox-çox böyükdür, “şou-biznes” deyə şəbədə elədiklərimiz çıxmadılarmı dünya azərbaycanlılarına, nədən ədəbiyyatımızı da eyni yolla çəkib-daşımayaq dünya məkanına (artıq mövcud faktlarımı sadalayım; gedib də qayıdıb yerli auditoriyaları fəth edənlərimi deyim)…
- Hə, səviyyə, zövq söhbəti var ortada – deyəcəksiz; professionallığı kim qorumalıdır ki; ilk növbədə professionalların özləri, daha sonra onların xidmət etdikləri (eyni zamanda yaratdıqları) zövq auditoriyaları; bizdə varsa, varsa, ən böyük problem burdadır. Bəli, professionallar, ciddi ədəbiyyat tərəfdarları bir araya gəlməyi, bir-birinə dəstək olmağı bacarmalı, dəyərə dəyərsizdir deməməli, ona hər vəchlə yol açmalıdırlar! Hərçənd Dəyər elə bir şeydir ki, ona dəyərsiz deyən professionalın özü şübhə altına düşə bilər…
- Ən nəhayət, oxucu var, əsər varsa, nə çatışmır? – bütün bu məqamları bir yerə yığası, idarə edəsi mexanizm, bazar məsələsi. Bu məsələdə də gəlin bütün illüziyaları kənara atıb, sözü bir yerə gətirək və Azərbaycanda kitab bazarı, Dəyər mübadiləsi, əsl rəqabət mühiti yaratmaqdan ötrü Dövlətimizdən dəstək istəyək. Məgər deyək ki, kənd təsərrüfatını qaldırmaqdan ötrü Dövlətimiz fermer təsərrüfatlarına yardım etmirmi (bu ki, kolxozlara qayıdış olmur)?; müqayisəm nə qədər qaba görünsə belə, eləcə də Ədəbiyyatı feodal təsəvvürlərdən, ayrı-ayrı ambisiyalara xidmət edən mülk-malikanə münasibətlərindən qurtarıb, azad inkişaf sahəsinə çevirməkdən ötrü, mənə elə gəlir, Dövlət yardımı olmadan keçinə bilməyəsiyik…
- Bu yardım necə olmalıdır ki, səmərəli ola; həm oxucuların, həm professionalların marağı qoruna; cəmiyyət, dövlət, çağdaş Azərbaycan xalqı da bundan yalnız qazana… – bax bu barədə ikibir, üçbir, lap yığcam dəyirmi masalarla ədəbiyyatdan-sənətdən və bazardan baş açanlar oturub fikir mübadiləsi aparmalı, cəmiyyətə real təkliflər verməlidirlər…
Necə ki, Arif Acaloğlu ilə Mais Əlizadənin səmərəli söhbəti Türkiyədəki kitab bazarının sirlərinə xeyli dərəcədə bələd olmağımıza kömək edir, eləcə öz “Ədəbiyyat bazarımız” barədə konkret müzakirələrə çox-çox hacətimiz var…
21.01.2010
P.S. “Əli və Nino” Nəşriyyat Evinin təsis etdiyi Milli Kitab Mükafatı müsabiqəsinin ilkin nəticələri də yazıda haqqında söhbət gedən prosesin başlandığını təsdiq edir. Başlıcası buna ictimai və Dövlət dəstəyinin olduğunu görürük. Ardınca bu prosesin analizi, təhlili, müzakirəsi gəlməlidir. Deməli, qələm işlətməyə dəyər.





Yüklənir...
Əvvəla, təşəbbüsünüzü alqışlayıram, Tehran bəy! Aqil bəyi də qınamalı deyil. Bu, bilirsiniz nəyə oxşayır? Bəzi tənqidçilərimizin və gənclərimizin birtərəfli tənqid və tələbinə: filan cür yazmalısınız, yaxud filan cür yazanlar yazıçı deyil… İkincisi, kultaz-dan geniş auditoriya çətin ki, tapasınız. Hərçənd, özünüz dediyiniz kimi, qonorarı yoxdu. Bu da mənə elə gəlir ki, bizlər üçün o qədər də dəhşətli problem deyil. Onsuz da bizdə indi əksəriyyət qonorarsız yazıb-pozur, kitablarını buraxdırır və çox vaxt onun müftə-müsəlləh belə oxucusunu tapmır. Qoy bu sahədə səriştəsi, təcrübəsi olanlar irəli dursunlar, təkliflərini versinlər, fikirlərini bildirsinlər. Çətini hərəkətə gəlmək, başlamaqdı… Uğurlar!
Bax, bu dövlətdən dəstək istəmək məsələsi??????????????????????????????????????????????????????????
Kömək inanmıram gəlsin. AYB-yə əlindən gələn köməyi edir də dövlət. Adama deyərlər daha nə istəyirsiniz?
Tehran bey,salam.Men sizin bu yazinizi da diger yazilariniz kimi diqqetle oxudum.Qeyd etdiyiniz musahibeni de oxuyub dusunmusdum.Eslinde bu sual meni coxdan narahat edir-Azerbaycan edebiyyati dunya edebiyyatinda olan movqeyini niye tesdiqlemir?Ya da,kobudcasina desek-umumiyyetle bizim edebiyyatin movqeyi varmi?
Biz bir esrin evvelinde,bir de sonunda dunya edebiyyatina bir yazar ya vererik ya da ki,saxlariq gelen esre.Bizi anlamazlar,, deyerik,qinayariq ozgeleri,ancaq ozumuzu hec gormerik.Cunki ozumuzun basimizi meddahliq,yaltaqliq,sohretpereslik ele qatib ki,
Yazarlarimiz ozleri ozlerinin yox ozgelerinin xosuna gelmek isteyir.Ya da meqsedle yazirlar.-Cap olunmaq,qonorar,sohret.Olmazmi sadece olaraq yazaq,ozumuzu,duygumuzu,dusuncemizi yazaq.Dusunmeden yazaq…
Beli, agziniz yaxshi me”nada shirin olsun bu aci ve real “Azerbaycan edebiyyati” haqqinda heqiqetleri dediyinize gøre, elelxsus da o Azerbaycanda olmayan milli azeri kitab bazari dediyiniz. Men bilmirem ne vaxt shuurlu edebiyyatcilar yaranacaq ki, orda bir inkishafin rusheymi yarana bilsin!
Yeni aciq azad fikirli søzlerin yaradacagi azad azeri insaninin bu bedbext varliginin nece xoshbextliye getme yollarini ne zaman agzimiza getirib kishi kimi øz vetenimizda hech kimden cekinmeyerek yashamaga bashlayacagiq gøresen? Menim øz cavabim var ki, shuurlar yaranmalidir ki, o azaddir ilk nøvbede hansi ki, indiki insanlarda o yoxdur ve 2-cisi de azad ruhlu adamlarin yaranmasidir ki, her bir adam ali adam seviyyesinde ali yashayib yaratsin ve qursun. Hele ki men qemgin ve xeyli misginem!
Tehran bəy salam!
Məqalənizi oxudum və qoyduğunuz vacib ədəbi məsələlər maraq doğurdu. Bu da hər şeydən əvvəl peşəkarlığınızdan irəli gəlir. Ədəbiyatımızın “post”lardan dünyaya boylanması, dünyada hansı mövqeləri necə tuta bilmək məsələsi də, zənnimcə qeyd etdiyiniz kimi çox vacibdir.
Əslində, ədəbiyyat da məhsuldur, adi gündəlik təlabat mallarından fərqli olaraq mənəvi qida məhsulu kimi.
İkincisi də beynəlxalq standartlara uyğun olmayan, sertifikatları olmayan heç bir məhsulu dünya bazarına çıxarmaq olmadığı halda, ədəbiyyatda hər cürə zir-zibili bazara töküb oxucu zövqünü nəinki korlamaq, hıətta məhv etnək olar. Çünki, sənətin həm də müəyyən mənada şərtilik olduğunu desəm, amerikanı yenidən kəşf etmiş olmaram.
Məsələn, baletyin ilkin şərti barmaq ucunda yerimək olduğu kimi.
Mən bir- iki şərhlərimdə heç olmasa adi idman növlərindəkilərə bənzər şəkildə ədəbi meyar yaratmaq təklifləri etmişdim. Heç bir reaksiya görmədim. Görünür, çoxumuza sərf etmir, ya da əhəmiyyətsiz hesab olundu. Amma bu 40 ildən çox peşəkər ədəbiyyatçılıq edən bir adamın təklifi idi.
Bütün idman növlərində dərəcələr, bütün dövlət məmurliuğunda dərəcələr, bütün istehsal olunan məhsullarda keyfiyyət ölçüləri var, hətta arağın da təmizlənmə dərəcəsindən asılı olaraq çox böyük qiymət və keyfiyyət fərqləri olur.
Amma ədəbiyyatda ilk cızma-qara edənlər də, qafiyə ilə qafilənin fərqini, üslub ilə usdufun fərqini bilməyənıər başından və bədənindən böyük kitablar nəşr etdirməklə özünü “ədib” hesab edir. Qəzet və jurnal səhifələrini qarmalayır, mükafat və titul bostanına basqın edib yəğmalayır.
Hər bir adamın şübhəsiz ki, yaradıcılıqla məşğul olmaq hüququ da olmalıdır, amma dərəbəylik və hərc-mərclik olmamalı.
Yazıçılar birliyinin başçısı, universitet rektoru və s. və i. yaxşı memencer ola bilər, amma şübhəsiz ki bu adamların keyfiyyətli bədi iəsər, yaxud elmi əsər yaratmağa fiziki cəhətdən nə vaxtı, nə də intellektual hazırlıq baxımından imkanı olmaz. Çünki bir əldə iki və daha artıq qarpız tutmaq mümükün deyil, əks halda qarpızlar çox balaca olacaq.
Bunun da günahınını çox hissəsi, ədəbi tənqidlə birlikdə, zənnimcə elə bütün ədəbiyyat adamlarının üstünə düşür. Meyar, miqyas olmayan yerdə, “yaxşı”,” pis”, “gözəl”, “eybəcər”, mənalı və mənasıq anlayışı da ola bilməz!
Zənnimcə belə bir ədəbi-tənqidi qiymətləndirmə sistemi işləyib hazırlamağın vaxtı çatıb.
Əslində tarixən belə bir dərəcələnmə şkalası həmişə olmuşdur. İstər saray şairləri, istər alimləri, istərsə tacirləri arasında. Bu işləri dövlət səlahiyətində olan məsələlər deyil, onu ədəbiyyatın öz nüfuzlu adamları işləyib hazırlamalıdırlar.Əlbəttə, hər bir həvəskarın da təkliflərinə qulaq asmaqla.
Ədəbiyyata dövlət himayəsi də çox vacibdir. axı, ədəbiyyat həm də ideoloji məsələdir. Dövlətin də öz marağını vacib tutaraq ədəbiyata da, ədəbi proselərə də təsir etmək imkanları var, həm maddi, həm də mənəvi təsir.
Ədəbi tənqiddə cəfakeşliyiniz üçün sizə təşəkkürlər etməklə,
Sultan Mərzili, Moskva.
yazıya baxanları və reaksiya verənləri salamlayıram.
peşəkarlıq, azad ruh, sənətdə təmənnasızlıq… – yazaqmı, yazaq!
amma, sevinc xanım, fikrimdə qalıram: kitab işinə, heç olmasa mexanizmin hərəkətinə dövlət yardımı olmasa, inanmıram bu balaca ölkədə yazılan yazıların bazarı ola. məsələn, sizin ilk kitabınızı r.qaracanın gənclər nazirliyi xəttilə hazırladığı seriyadan oxumuşam; pisdirmi? həmin seriya çox gərəkli oldu.
ayb söhbəti boyat söhbətdir, onu da daş kimi hər başlanğıcın qabağına diyirlətmək zamanı tükənir artıq…