Elbrus Ərud. Nənəmin Raskolnikovu
Yazar: Admin | Bölmə: Köşələr | Tarix: 17 Şubat, 2010
Babamdan sonra nənəm ömrünü ora-bura vurnuxmaqla keçirməyə başladı. Elə hara çatdı, kişinin onu atıb getdiyini dedi. Bilmirəm nəyə görə nənəm altmış ilə yaxın bir yerdə yaşadıqları, artıq səksəni ötən babamın ölümünü “atıb getmək” kimi qələmə verirdi…
Nənəmin dili ilə desək, babam bizi atıb gedəndən sonra onsuz da, kənddən üzü şəhərə doğru daranmış qohumlarımızı bir məsələ girinc eləmişdi, – nənəmin başını bir yolla qatıb şəhərə aparmaq. Babam sağ olanda kəndin tüpürcəyindən qorxub aradabir yolumuzu kəndə salar, qocalara baş çəkərdik. İndi kişi rəhmətə gedəndən sonra bir yerə toplaşmağa fürsət tapan qohum-əqrəba fikirləşirdi ki, elə gəlmişkən bir yolla arvadı da bu xarabadan götürüb aparmalıyıq.
Nənəni bu yaşda kənddə tək qoymaq olmazdı, yoxsa camaat bizə tüpürərdi. Əslində kənddə bizi qınaya biləcək təkcə iki şey – qocalar və qəbiristanlıq qalmışdı. Qalan hamı bizim kimi, hərə bir yolla aradan çıxıb getmişdi. Əli çatanlar nənəm demiş “urusyətə”, çatmayanlar Bakıya… Artıq heç bir kənd səmimiliyi qalmayan bu obalara kimsə qayıtmaq istəmir, atıb getdikləri qocalar öləndən-ölənə, bir iki saatlıq “üçü”ndə, “yeddi”sində görünüb qayıdırdılar.
Uzun sözün qısası, nənəmi balaca uşaq kimi aldadıb özümüzlə Bakıya gətirdik. Ona bina evində çətin olmasın deyə ötən il qarışqa yuvası kimi uçurulan “Aeroport bazarı”nın yaxınlığında məskunlaşan qohumlarımızdan birinin evində yerləşdirdik. Ondan sonra aradabir nənəmin xətrinə həmin evdə bir yerə toplaşmağa başladıq. Bizim onun başına toplaşmağımız soyuqdan donan adamların ocaq ətrafında bir-birinə qısılıb qızınmasına oxşayırdı. Nənəm bizim isindiyimiz müqəddəs ocağa dönmüşdü…
Kənardan bu mənzərəyə baxanda mən bu “ocağ”ın əbədi məşələ, qədim insanların qaladığı və yüz illər boyunca sönməyə qoymadıqları ocağa dönməsini istəyirdim. Nənəmin başına yığışan qohumlarımız onun yanında “kserokopiya adama” bənzəyirdilər. Doğurdan da indiki adamlar, köhnələrlə müqayisədə sürəti çıxarılmış sənəd kimi bir eydir…
Bu yaxınlarda nənəmin kənddə qalan bacısı da dünyasını dəyişdi. Onun ölümü iş gününə düşdüyündən, hadisədən düz beş gün sonra, bazarda ancaq gedib yas yerinə çıxa bildik. Qohumlarımız nənəmi yasa aparmadılar, dedilər qoca arvaddır, qışın günü gedib yasda ağlayar, baxan olmaz, soyuqlayıb-eləyər, oturduğumuz yerdə işə düşərik… Elə bu səbəbdən də nənəmin bacısı Gülgəzin ölümünü ondan gizlətməyə qərar verdik. Bu minvalla, düz arvadın “qırxı”na kimi dözdük. Başqalarını deyə bilmərəm, şəxsən mən bu müddət ərzində özümü nənəmin yanında Dostoyevskinin “Raskolnikov”u kimi hiss elədim…
O gün növbəti dəfə nənəmin qaladığı “ocağ”ın başına yığışanda isə “cinayət”imizin üstü qəfildən açıldı. Nənəm sual dolu gözlərini qohumlarımızın üzünə zilləyib “az qala qırx gündür Gülgəz yuxumdan çıxmır”-dedi. Özümü saxlaya bilmədim, iztirabdan qurtarmaq üçün nənəmə, özünə bu yer üzündə sonuncu silahdaş bildiyi bacısı Gülgəzin də birdəfəlik çıxıb getdiyini dedim.
Və nənəmin bizdən daha çox doğru çıxan yuxularından utanıb, onu növbəti cümə axşamı Gülgəzin yerinə aparacağıma and içdim…
apa12@mail.ru





Yüklənir...