Adil Mirseyid. Dahinin qulağı… (Van Qoq və Qogen)
Yazar: Admin | Bölmə: Rəssamlıq | Tarix: 20 Şubat, 2010
Hollandiya Avropada zambaqlar ölkəsi kimi məşhurdu.
Mən Hollandiyanı rəssamlar ölkəsi kimi tanıyıram və sevirəm. Rembrandtdan, Van Deykdən üzübəri onlarla Niderland rəssamının əsərləri bu Avropa ölkəsini mənə sevdirib.
Amma təəssüflər olsun ki, bir holland şairin bir misrasını belə xatırlaya bilmərəm. Hollandiya mənə XVIII əsr rəssamlarının mənzərələrini xatırladır: göz işlədikcə uzanıb gedən bərəkətli zəmilər, yaşıl vadilər, böyüklü-kiçikli kanallar və körpülər, damları qırmızı kirəmitli evlər, dar küçələr və kilsələr, bir də yel dəyirmanları, bir də yağış buludları, bir də Rembrandtın, Rubensin, Van Deykin portretlərinə bənzəyən insanlar… Bir də dəniz, mavisi yaşıla çalan şıltaq dəniz, gəmilər, yelkənlər…
Şimali Brabant əyalətinin Qroot Zyundert kəndində 1852-ci il mart ayının 30-da pastor Teodor Van Qoqun ailəsində bir körpə dünyaya gəldi. Bu körpə ailənin ilk övladı idi, xoşbəxt ata oğlanın adını Vinsent qoydu – Vinsent qalib deməkdi. Doğulduqdan bir neçə gün sonra balaca Vinsent ölür. Düz bir ildən sonra, yenə martın 30-da pastor Teodor atanın ailəsində bir oğlan da dünyaya gəldi, bu körpənin də adını Vinsent qoydular. Bu ikinci Vinsent gələcəyin böyük rəssamı olacaqdı.
Taleyi qara yazılmış rəssam Vinsent Van Qoq…
arl günəbəxanlarının
abşeron günəbaxanlarından
abşeron günəbaxanlarının
kioto günəbaxanlarından
fərqi nədir müsyö vinsent
gözlərin çox uzaqdadı
bəlkə bir qədəh absent
mənim ömrüm ömür deyil
mənim ömrüm macəralı qəza-qədərdi
bu gün bizim də fərqimiz
günəbaxanların fərqi qədərdi
kiotoda gün çıxıb
arlda yağış yağır
aynadakı qadının
gözlərindən yaş axır
abşeronda ümidlərin
gözləri kor
qulaqları sağır
nə deyirsən müsyö Vinsent
bəlkə bir qədəh absent
***
Rəssamın ömürlüyünü vərəqləyəndə bəlli olur ki, uşaqlıq illərində o, təsviri sənətə xüsusi maraq göstərməyib. Polşa tədqiqatçısı A.Şimanovskaya yazır ki, Vinsentin on yaşında çəkdiyi bir neçə rəsm qorunub saxlanılır. Balaca Vinsent bu rəsmləri atasına ad günü hədiyyəsi olaraq çəkmişdi. Şimanovskayanın fikrincə, Vinsent bu rəsmləri hansısa bir kitabdan köçürüb.
1869-cu ildə 16 yaşlı Vinsent rəsm əsərlərinin satışı ilə məşğul olan “Qupil” firmasında kiçik satıcı kimi işə başlayır. Zənnimizcə, elə bu zamandan etibarən o, rəssamlıq sənəti ilə daha yaxından ilgilənməyə başlayıb. Sonralar o, “Qupil” firmasının Brüssel, Haaqa, Paris və London filiallarında çalışıb. “Qupil” firmasının şəriklərindən biri onun doğmaca əmisi olub.
1872-ci ildən o, qardaşı Teo ilə məktublaşmağa başlayır, bu zaman Vinsentin 19, Teonun isə 15 yaşı vardı, iki qardaş arasındakı məktublaşma, kiçik fasilələri nəzərə almasaq, bir ömür boyu davam edəcək, rəssamın ölümü ilə sona yetəcək.
1953-cü ildə rəssamın anadan olmasının 100 illiyi münasibəti ilə bu məktublar Hollandiyada dörd cilddə yayınlandı və tez bir zamanda digər Avropa dillərində də işıq üzü gördü. 1966-cı ildə Van Qoqun məktubları Moskvada nəfis şəkildə çap olunub.
Mən zaman-zaman Van Qoqun məktublarını oxumaqdan xüsusi bir zövq alıram.
27 yaşına qədər Van Qoq rəssam deyildi, bu yaşdan özünü rəssamlığa həsr etdi. Onun sənət ömrü cəmi on il sürdü.
***
“Qupil” fimrasının London filialında işləyən Vinsent evində kirayədə yaşadığı xanımın qızına, Ursula Luayeyə dəlicəsinə vurulmuşdu, amma bu məhəbbət kədərli sonluqla bitdi, gənc evlənmək istədiyi qızdan ayrılmalı oldu.
Rəssamın bioqrafları yazırlar ki, guya Ursula Vinsentin məhəbbətini qəti surətdə rədd edib, guya qız bir başqasını sevirmiş, hər halda onlar nişanlanmışdılar. Bəzi bioqrafların fikrinə istinadən deyim ki, bu evlilik Vinsentin atasının tərsliyi üzündən baş tutmayıb. Protestant kilsəsinin pastoru olan Teodor Van Qoq oğlunun katolik qızla evlənməsinə xeyir-dua verməyib, Ursulanın atası katolik rahib idi, atasının təsiri altında olan Vinset ilk məhəbbətini öz ürəyində dəfn etməliydi, bu versiya məncə ağlabatan versiyalardan biridi.
Bu uğursuz məhəbbət macərasından beş-altı il sonra qələmə aldığı bir məktubda Vinsent etiraf edir: “Mən sevdiyim qızdan imtina elədim, o, bir başqasıyla evləndi. Mən onun həyatından çıxıb getdim, amma ruhən həmişə ona sadiq qalmışam”.
Van Qoq maksimalist idi. O, sarsılmışdı…
***
“Qupil” firmasından işindən uzaqlaşdırılan Van Qoq Hollandiyaya dönmək qərarına gəlir, acı xatirələr və ehtiyac onu hər yerdə addım-addım izləyir.
1884-1885-ci illərdə o, 190 tablo işləyib, 240 rəsm çəkib. Məşhur “Kartof yeyənlər” kompozisiyası da bu dövrdə yaradılıb. Bu iki il rəssamın Hollandiya yaradıcılığının zirvəsidir.
Haaqadan qardaşı Teoya ünvanladığı məktublarda Xristina adı çəkilir. Bu bədbəxt qadının iki uşağı vardı, rəssam ikiuşaqlı qadını öz qanadı altına alır. İndi onun ailəsi vardı, amma bu, illüziyadan başqa bir şey deyildi. Teo Xristinadan ayrılmağı üçün əlindən gələni etməyə hazır idi, əlbəttə pastor Van Qoq da bu izdivaca heç cür razı ola bilməzdi. Və gün gəldi, onlar ayrıldılar, sonralar Vinsentin məktublarında Xristinanın adı çəkilmir.
1904-cü ildə Xristina özünü çaya ataraq intihar edir.
Gəlin etiraf edək ki, rəssamın taleyi çox zaman kommersiya zəncirləri ilə buxovlanır, nə qədər bayağı səslənsə də, müvəffəqiyyət bazarla tənzimlənir, yəni bazar zövqü sənət zövqünü üstələyir. Hələ orta əsrlərdən üzübəri sənətkarlar bazarın tələb etdiyi janrlarda, onun zövqünə uyğun manerada işələməyə səy göstərirlər. Hətta gerçək ustadlar, böyük mütəfəkkirlər belə bu çərçivələrə uyğunlaşırdılar. Toplum çərçivələrdən kənara çıxan sənətkarları qəddarcasına cəzalandırırdı. Böyük Rembrandtın taleyi söylədiyimiz fikrin bariz örnəyidir.
XIX əsrdə sənətkar toplumun cızdığı çərçivələrdən çıxdı. Sənətkar individual sənət fəlsəfəsinə, bədii üsluba üstünlük verir, indi o, hər zaman olduğundan daha özgürdür.
Van Qoq şan-şöhrətə, var-dövlətə can atmayıb. O, həyatdan çox az şey istəyirdi, öz evi, öz ocağı, bol rəngi, kətanı, tütünü və şərabı olsun- bu, bir rəssam üçün əlçatmaz bir istəkdirmi?
Van Qoq bütün bunlardan məhrum idi.
Vinsentin həyatında daha bir qadın – Marqo Berqman peyda oldu. Bu kübar və varlı qadın ehtiyacı olan yoxsun adamlara yardım əli uzadardı, o, ağıllı, duyğulu və xəyalpərvər bir xeyirxahlıq mələyi kimi rəssamın qəlbinə hakim oldu, rəssam ciddi-ciddi evlənmək xəyalları qurarkən, xanım Marqonun bacıları bu izdivaca qarşı çıxdılar, bacılarının təzyiqinə dözməyən qız zəhər içdi…
Xoşbəxtlikdən Marqonu xilas etmək mümkün oldu, amma evlilik baş tutmadı.
Ursula Luaye, Kee Fos, Xristina, Marqo Berqman – bunlar Van Qoqun sevdiyi qadınlardı. Və qəribədir ki, rəssam sevdiyi qadınların portretlərini çəkməyib.
1886-cı ilin soyuq bir fevral günü Van Qoq Parisə gəlir. Parisdə o, impressionist rəssamlarla, Tuluz-Lotreklə, Bernara, Sinyakla, Redonla, Rassellə, Qogenlə və başqalarıyla yaxınlaşır. C.Revald “İmpressionizm” adlı kitabında yazır ki, Pisarro Van Qoq haqqında deyib: “Mən əvvəldən bilirdim ki, Vinsent ya dəli olacaq, ya da bizim hamımızı geridə qoyacaq. Amma heç ağlıma gəlməzdi ki, o, bunların hər ikisini edəcək”.
***
Talesiz rəssam Parisdə qərar tuta bilmədi. Parisi tərk edərək Fransanın cənubuna, Arl şəhərinə üz tutdu. Arlda rəssam özü-özünə qovuşdu.
Arldakı evini bəzəmək üçün Van Qoq “Günəbaxanlar” seriyasından olan ilk natürmortlarını çəkir. “Rəssamın evi” tablosunda gördüyümüz ev Vinsentin Arlda kirayələdiyi evdi.
Van Qoqun “Günəbaxanlar”ı haqqında qeyri-dəqiq şayiələrə rast gəlirik. Pol Qogenin sözlərinə görə, Van Qoq bu natürmortu onun təsiri altında işləyib. Qogenin iddiası özünü doğrultmur.
Van Qoq “Günəbaxanlar”ı işləyəndə Qogen hələ Arla gəlməmişdi. Və Van Qoq artıq onlarla şedevr yaratmışdı.
Əvvəlcə Van Qoq Qogeni Arla dəvət etmək fikrindən çox uzaq olub, lakin ehtiyac içində olan xəstə Pol Teodan yardım umurdu.
Yenə Van Qoqun məktublarını vərəqləyək: “İnstiktiv olaraq hiss edirəm ki, Qogen öz xeyrini güdən adamdı”.
Elə həmən günlərdə Qogenin dostu Şuffenkerə yazdığı məktuba nəzər salaq: “Van Qoq (Teo Van Qoq) mənə 300 frank verib. Apreldə Arla gedəcəm, orda uzun müddət qalmaq, pul haqqında düşünmədən işləmək fikrindəyəm”.
Hələ Parisdəykən zavallı rəssam qarabasmalardan, kabuslardan əzab çəkirdi, bəzən bayılıb özündən gedirdi. Yenə Vinsentin Teoya məktublarından: “Mənə elə gəlir ki, xəstələnirəm”.
Payızda Qogen Arla gəldi. Pol Qogen Van Qoqdan 5 yaş böyük idi, gəncliyində o, dənizçi olmuşdu, Cənubi Amerikada yaşamışdı, sonralar bank işçisi və kommersant kimi uğur qazanmışdı. 35 yaşında ikən ailəsini və uğurlu karyerasını atıb xəyallarını gerçəkləşdirmək üçün yarısərsəri bir rəssam həyatı yaşadı.
Romantik ruhlu Van Qoqla Qogen tamamilə fərqli bir üslublu sənəkarlardı. Qogen yazır: “Ümumiyyətlə, biz Vinsentlə heç vaxt ümumi dil tapmamışıq”.
Van Qoq isə özündən razı, dikbaş, dözülməz xarakterli dostunun yaradıcılığını həmişə yüksək qiymətləndirib, məktublarında heç vaxt ondan gileylənməyib.
Arl Qogenin xoşuna gəlməmişdi, o, tropik ölkələrə getmək istəyirdi, Parisdə də onu yeni perspektivlər gözləyirdi, artıq səhhəti də öz yerindəydi, o, Vinsentdən gizli planlar qururdu. Artıq iki ay idi ki, Qogen Arldaydı. İki rəssam bir evdə yaşayır, bir evdə işləyir, bir süfrədə çörək yeyirdilər. Əlbəttə, sənət məsələləri haqqında uzun-uzadı mübahisələr edirdilər və bu da çox təbiidi.
Artıq iki aydı ki, Qogen Arldaydı, dekabrın 24-də iki rəssam arasında arzuolunmaz olay yaşanır. Bu olay böyük bir faciənin üverturasıydı…
Qogenin xatirələri 1903-cü ildə “Merkür de Frans”da yayımlanıb. Olay ərəfəsində onlar kafedə oturub şam yeməyi yeyirlər, absent içirlər. Birdən Vinsent stəkanı götürüb Qogenə sarı tolazlayır, o, yana əyilib zərbədən qurtarır, Vinsentin qoluna girib onu evə aparır, yatağa uzanan Van Qoq o saat yuxuya gedir, səhər oyananda isə deyir ki, axşam olanları dumanlı şəkildə xatırlayır. Qogen onu bağışladığını söyləyir. Həmən axşam Qogen gəzintiyə çıxır, küçələrin birində arxadan gələn addım səslərini eşidib geri çevrilir, Van Qoq əlində ülgüc onun üstünə gəlir, onun sərt baxışlarından sarsılan Vinsent qaçıb gedir. Qogen belə yazır. Həmən gecə o, oteldə gecələyir, səhər evə qayıdanda burda bir dəstə adam və polis görür. Polis komissarı ona müraciətlə “Müsyö, yoldaşınıza nə etmisiniz?” – deyir.
- Xəbərim yoxdu.
- O ölüb.
Sarsılmış Qogen polis komisarı ilə birlikdə evə girir. Otaq qan içindəydi, Vinsent yataqda uzanmışdı. Qogen yaxınlaşıb görür ki, o sağdı, nəfəs alır. Qogenin dediyinə görə, evə qayıdan Van Qoq sol qulağını dibindən kəsib.
Qogenin xatirələrində bir sıra məqamlar gerçəklərlə uzlaşmır. Məsələn, Van Qoq sol qulağını dibindən kəsməyib, o, qulağının bir hissəsini kəsib. Sonra o, qulağını səliqə ilə bükərək fahişəxanaya gedib onu Qabi adlı bir qadına bağışlayıb, sonra evə qayıdıb və dərin yuxuya gedib. Həkimlər gələnə qədər rəssam ayılıb və qəlyanını istəyib.
Qogen isə həmişə onun qayğısına qalan bədbəxt dostunu ataraq tələm-tələsik Parisə qaçır.
Qogen öz xatirələrini bu faciədən uzun müddət keçəndən sonra qələmə alıb, o, hadisənin detallarını unuda bilərdi. Amma Van Qoq qaranlıq küçədə doğrudanmı ona hücum edib?
Qogen Parisə qayıdan kimi onunla görüşən rəssam Emil Bernar yazır ki, Qogenin sözlərinə görə, Van Qoq evə gəlib, ülgüc götürüb qulağını kəsib. O isti-isti söhbətdə Qogen belə deyib, o söhbətdə Van Qoqun ülgüclə Qogenə hücum çəkməsindən söz getmir. Dostunu ağır vəziyyətdə namərdcəsinə atıb qaçmış Qogen bu əfsanəni sonradan uydurub.
Van Qoq başqalarına qarşı heç vaxt aqressiv olmayıb. Rəssamı müalicə edən doktor Rey də bunu təsdiqləyir, o, yalnız özünə ziyan vura bilərdi.
Yanvarın 7-də o, artıq xəstəxanadan çıxmışdı. Rəssam iki avtoportret üzərində işləyir, avtoportretlərdən biri “Qəlyan çəkən adam” mübahisəsiz sənət incisidir. Bu avtoportert taleyin üzünə dimdik baxmağı bacaran bir adamın obrazıdır.
Elə bu arada o “Doktor Reyin portreti”ni işləyir.
Van Qoq ömrünün ən ağır günlərində ona xəyanət etmiş dostunu həmişə sayğı ilə, hətta bir qədər yumorla xatırlayırdı. O, ziddiyyətli Qogeni olduğu kimi qəbul edirdi.
Pol Qogensə dostunun xatirəsinə xəyanət elədi…
Adil Mirseyid



(5 səs, hardasa: 4,80 ilə 5 arası)

Yüklənir...
Renglerde sozler yatir,
baxsan gore bilersen.
danishmaq istemirem,
istesen eshide bilersen,
bashqalari bilmesin…
Guller daha sunidi,
ele gunlerimiz de
Guller kimi solmushlar.
su bassa da dunyani…
guller daha kusmushler,
sulardan el uzmushler…
Salam Ezizizm Adi muellim. Choxdandi Sizden xeber yoxdu. Cuib telefonunuz da baqlidir. Eger deyishmishsinizse lutfen mene yazin. Sizi yeniden gormekdem memnun oldum. Sayqilarla…
Salam, Adil. Mənə yaz, əlaqələri bərpa edək.
Bir il olar ki, Van Qoq haqda İrvinq Stounun “Yaşamaq yanğısı” əsərini oxumuşdum. Ordakı məlumatlar bir daha sizin yazınızda təsdiqləndi. Ancaq o kitabda həyatındakı qadınların son taleyi yer tapmamışdı. Onu da burdan öyrəndim. Təşəkkürlər və uğurlar.
ADIL muallim cox minnataram bu malumatlara gora… Oxudum boyuk zovq aldim. Dogurdanda xayanat bir insani mahv edacak qadar guclu bir hisssdir! Insanda bela bir varliqdi hisslar zadalananda xasiyyat korlanir… Dahi rassam Vanqoq maksimalist idi buda duygulu insanlar ucun daha agirdir… Bela bir misal var duygulu insanlar hamisa kayb edirlar… Vanqoqun hayati ugurlu kecmasada manca o cox guclu va mudrik insan idi… O, xayanat etmis dostuna bela pis munasibat baslamirdi… Allah sizi kimi gozal, inca, duygulu insanlari bizim sanatimizdan uzaqlasdirmasin…. TANRI SIZI QORUSUN….
Bəs Teo?
Adil müəllim Teonu niyə xatırlamadınız…
O Teo ki,bütün ömrü böyu işləyərək Vinsenti heç vaxt özünün qazana bilmədini madii rifahla təminedib…
Van Qoqun “kartofyeyənlərinin” də, “günəbaxalar”ının da əsl yaradıcısıməncə TEOdur…