Mehman Qaraxanoğlu. Şeirlər

DƏLİXANA
(4 yanvar)

ikimiz də dəliyik -
bir canda iki dəli…

ağıllı bibilər,
xalalar,
dayılar
nə bilim kimlər,
kimlər…
ağıllı həkimlər,
dəli həkimlər
baxıb-baxıb
köks ötürürlər için-için
can qoyub
baş sındırırlar
bizi
ağıllı çağlara qaytarmaq üçün…

– bunlarçün ağıl nəymiş, ay Allah?
– pul imiş, riya imiş, ay Allah.

ikimiz də xorla dedik:
tüpürək ağlınıza!
ağlınıza bir qoz!

yığışaraq bir yerə
bizə böyük ehtiramla
qoydular diaqnoz:
dəlixanaya!
ağıllıxanadan dəlixanaya!

dəlixanadayıq, sevgilim,
ikimiz də cinniyik.
Tanrıdan sonra
İkinciyik!


QAR FƏRYADI

(6 yanvar)

hər yan qar…
qar…
qar..

bacım sarılıq xəstəliyinə tutulub
uşağımın dərdindən – dedi

bu gün həm də günelin iliydi
rusiyada
parkların birində
buz üstündə sürüşərkən
aldığı beyin zədəsindən öldü

cəmi on  yaşı vardı
kənd qəbristanlığında dəfn olunub
başdaşının arxa tərəfində
şahmat xanalı döşəmə üzərində ayaq üstəki şəkli

zərif ayaqları
şahmat taxtasındakı bir cüt füqur
deyəsən ona şah elan edirlər
o isə sol əliylə güllü donunu bir azca qaldırıb
rəqs edir

bu gün qasım kişinin də üçü idi
qolunun birini ikinci cahan müharibəsində itirmişdi
təkqol qasım deyirdilər

günelin atası da üçdə idi.
başını qaldırıb qara baxmırdı
sanki günahkar idi

düz-dünyanı basan ağappaq qarın önündə
insan günahkarlığı necə də miskin görünür ilahi
bacımın gözlərində sarılığın izləri

dəli kimi içmək istədim
qarın sağlığına qaldırdım ilk badəni
ağappaq qarın
sapsarı qarın


KÖHNƏ TƏZƏ İL

(13 yanvar)

yenə əvvəlkidir payızlar, qışlar,
vurursan, çıxırsan, yenə: heç heçə.
yerdən göyə yağır bu gur yağışlar,
heç nə yeni deyil, köhnəlmir heç nə…

dilinin altında zəhər – əbədi,
çalır rəqəmləri… məzələnir o…
bir köhnə əqrəbdi saat əqrəbi,
elə ki fırlanır, təzələnir o…

elə özü yazan, özü pozandı
dodağım. sinəndə simtək titrəyə.
deyirsən: bu poza təzə pozadı,
yaxşı bax, əzizim, kama-sutraya.

öp məni, öp məni, budur qurtuluş,
dəli qurtuluşlar yenə olacaq!
köhnə doğuluşum təzə doğuluş,
təzə ölümümsə köhnə olacaq!


ÖMRÜN ÜÇ VƏZNİ

(15 yanvar)

bu mənim taleyim… ya əyri, ya düz..
nəyim var, nəyim yox ömür-səbətdə?
adam arasına çıxıram gündüz,
gündüz hecadayam, gecə sərbəstdə.

hey ölçüb biçirəm addımlarımı,
hər heca bir addım… hər heca ümid..
ümidlə gedirəm evimə sarı,
bənd mənim evimdi…
44 saylı ev,

daş kimi atıram qaranlıqlara
sözümü, şeirmi mən öz içimidən.
sərbəst şeirlərim gecətək qara,
qara sərbəst imiş rənglər içində.

əruzda oxunur şeirlər hər an
məni gələcəyə ötürür əruz
zamana daş atıb sındırır məkan
zamanın çatını götürür əruz

elə ki ömür
köhnə bərə kimi
uzaqlaşır zaman-sahildən
bərə ilə sahil arasındakı boşluğu
uzanan saitlər götürür o an…
ayrı düşmüş zamanların üstündən
uzanır saitlər…
uzanır nəfəs…

ŞALVARINDAN ZƏNCİRLİ
SAAT ASILMIŞ QOCA

(24 yanvar)

hamı kimi
qocanı görəndə mən də gülürdüm
düşünürdüm:
bir dəri, bir sümükdü, mənə nə eyləyəcək
zənciri görəndə elə bilirdim
əqrəblər zamanı zəncirləyəcək…

sən demə,
yanılırammış…
belə deyilmiş
özündən, zamandan küsmüşdü qoca.
hayıf çıxmaq üçün vaxtdan, saatdan,
saatı şalvardan asmışdı qoca.

bir gün dedi:
vaxtım da şalvarla yeyilib getdi…
gəlib yetişmədi o «son an»ına
işi tərs gətirdi… kimlər ki, getdi
zəncirli saatla qadın yanına…

odur kişi üçün zəncir toxuyan,
köhnəni yenidən başlamır qadın.
qəlbinə, hissinə toxunduğundan
kişidə zənciri xoşlamır qadın…


RAHİB MÜƏLLİMİN ÖLÜMÜ

(29 yanvar)

şərqarışanda öldü Rahib müəllim
sabah dəfn edəcəklər
bir gecə də evdə qalmasını özünə qənimət bildi

ürəktutmadan öldü
haman gün təqaüdünü almışdı,
çayxanada oturub çay içmişdi,
şahmat oynamışdı…
və heç kəsə bir söz demədən
evə tələsmişdi

sanki ölümlə
uşaqlıq illərində olduğu kimi
«kim evə tez çatar» oyununu oynamışdı.

pillələri tez qalxdı
ölüm bir pillə geri qaldı
özünü çarpayıya yetirib:
uddum – dedi

67 illik bir yol gəlmişdi.
67 il  bu qələbəni gözləmişdi
qadını donub qalmışdı
oğlu həkim arxasınca qaçmaq istədi,
qızı su…
işarə verdi ki, qayıdın
çünki qələbəni
ailə üzvləriylə bir yerdə qeyd etmək istəyirdi…

VERSİYA
(6 fevral)

natəvan öldü -
bəyaz gəlin
anası qışqırırdı:
bəyaz gəlinliyin yalan oldu, ay bala!

həkim xəbərdarlıq eləmişdi
dərmanlar çevirər səni
fəqət o:
ana olmaq istəyirəm – demişdi

tabutun üzünə çəkilən qırmızı parçanı da
ayaq tərəfinə qoydular
görqazan ismayıl
qəbri o qədər gözəl qazmışdı ki,
onu torpaqla doldurmağa adamın əli gəlmirdi

cib telefonuna zəng gəldi ismayılın
açıq qəbrə tərəf tutdu telefonu
xəttin o başında
qəbrə tökülən torpağın ən qədim səsi
ağ və qərmızı rəngin yeni versiyasını pıçıldayırdı


ŞÜŞƏTƏMİZLƏYƏN UŞAQ

(11 fevral)

şüşə arxasında
qalan dünyaya
sən öz ovcundakı
əyri-üyrü xətləri
dolaşıq taleyin kimi göstərirsən
sanki şimşək çaxır şüşə-göylərdə

ömrünün yaşılı, sarısı, alı
səni qərq eyləyib… itmisən sanki.
sənin yaşıdların keçir yaşılı,
sənsə qırmızıda bitmisən sanki.

qırmızı gözünə görünən təki
korrida öküzü kimi atılırsan.
səninçün işıqfor üçrəngli deyil.
işıqforun özü azarkeş kimi
göz qoyur o körpə əllərinə

əllərin elə bil silir zamanı
zaman parıldayır
sürücü cibinə əl atır o an
ovcuna basılan təzə dəmir pul
kələ-kötür ovcuna rişxənd edirmiş kimi
irişir üzünə, gülür üzünə…

hər gün özünü yüz dəfə inandırırsan ki,
taksi gözləyirsən başqalarıtək.
onlara maşının qapısı açılır,
sənsə şüşə arxas?ndan baxırsan.

əskiylə rəftarın əladan əla -
gözündə eynidi qarası, ağı..
səninçün əskidi hər enən yarpaq -
ağaclar əyilib silir torpağı…


MƏNƏ QAR HAVASI ÇAL

(13 fevral)

fırlanır göylərdə qar dənəciyi,
ayağım təkərtək batır bu qarda.
bir vaxtlar başıma fırlanan duzun,
qədim təkrarıdı bəlkə bu qar da.

göylərdə rəqs edən əriyir yerdə -
ölmüş gəlinciyin belin bağlaram.
çıxacaq huşumdan rəqs havaları,
mənə qar havası çal – deyib ağlaram.


2008

11 Şərh

  1. Yunus Qulamov diyor ki:

    Mehman Qaraxanoğlu poeziyası zamanla səsləşən, özündə dərin mənalar gizlədən, poetik hisslərlə zəngin dünyadır. Onun dərinliklərinə enmək bəsit insanlar üçün çətindir. Aktual və dərin fəlsəfi məna daşıyan poeziyası onu bütün zamanların şairi adlandırmağa imkan verir. Mehman Qaraxanoğlunun məhəbbətə dair şeirləri sevən insanların hisslərini İfadə edir. Vətənpərvərlik mövzusunda qələmə aldəğı poema respublika müsabiqəsində 1-ci yerə layiq görülmüşdür.Mehman müəllimə bu yolda uğular və yeni-yeni nailiyyətlər arzu edirəm.

  2. Xezer Masalli diyor ki:

    Bunlar mene bir wey oyretdi.”SUSARAQ DANIWMAGI”.Werh etmeye gucum catmir.Bezen ele sozler var ki,onlari ‘sozle’ ifade etmek olmur.Mes:teze kohne il

  3. Samir Kimyager diyor ki:

    Dogurdanda Mehman muellimin sherleri hemishe aktual olub ve hemishe sevilib. Mehman muellimi alimlik derecesi filologiya uzre felsefe dokturo adini aldigina gore tebrik edirem ona gelecek fealiyyetinde yeni-yeni ugurlar arzulayiram.

  4. Ağamir Cavad diyor ki:

    Mehman Qaraxanoğlunun bütün həyat hadisələrinə özünəməxsus, orijinal baxışı var. Bu,həyatın,dünyanın sirlərindən “doğru xəbər verən dəli” baxışı- əsl şair baxışıdır.Onun şeirləri yaşadığımız qəmli-sevincli,fani-əbədi dünyanın sözün sehrli naxışları ilə cilalanmış poetik həqiqətidir.Ona yeni yaradıcılıq uğurları arzulayıram.

  5. Elmira Aliyeva diyor ki:

    Kovrek hissler shairi.She”rlerinde kovrek duygularini ifade eden ve bununla da milyonlarla oxucu regbetini qazanan xalqimizin gorkemli shairi Mehman Qaraxanoglu dogrudan da fexr edilmeye layiq bir insandir.Eminem ki sheirlerini oxuyan her bir oxucu ,hetta sheir,senet aleminden xeberdar olmayan biri olsa bele onun sheirlerini oxusa hisslerine qapanib duygulanar ve hetta ozunu onun yazdigi she”rlerin setirlerinde tapa biler.

  6. Tural Seferov diyor ki:

    Eziz Mehman muellim sizin weirlerinizi oxuyanda insanin heyata baxisi bir az da deyisir.Sanki insan butun heyatini derk edir ve daha mubariz olur.biz taliwlar fexr edirik ki, bizin sizin kimi gozel insan ve gozel wairimiz var!

  7. Ad...Qedir Mirzeyev. diyor ki:

    Deyirler sairin dúnyaya gelisi teze bir mahninin yaranmasina benzer.Mehman Qaraxanoglununda dúnyaya gelmesiyle poezya dúnyasina yeni mahni yeni neqarat yeni ses getirdi. serlerinde insanda heyacan oyadan qelbleri titreden bir sehir var, bir hiss var.sairin poezya dúnyasinin derinliklerine enmek úcún evvelce deniz sahilinde gezmek gerek. Mehman Qaraxanoglu dúnya ve heyata öz gözlerile baxir ve sadece tebessumúyle onlari cezalandirir. Gözel saire gelecek yaradiciliq islerinde ugurlar arzulayiram.

  8. baloglan celil diyor ki:

    Mehman əsl poeziya mehi kimi bu gərib diyarda ruhumu təzələdi.Ona – Azərbayjan şairinə təsəkkür və uqurlar.

  9. Şahid diyor ki:

    Əzizim Mehman, bir vaxtlar sənə bəlirlədiyim “Allahın dəfn edildiyi məzarlıqlardan biri də İctimai Rəydir” Kainatına gəlişin xoş! Və Burada görəcəksən ki,hər yerdən, hər kəsdən, hər şeydən – dağdan, çınqıldan, sərçədən, buluddan, məndən, kamançadan Sənə baxan, sənə dillənən elə SƏNSƏN. “Hara belə, qərib bala?” Səfərin xeyirli olar!

  10. Esedova Terane diyor ki:

    Sevimli Mehman muellim,vetenden uzaqda veten oglunun $eirlere cevrilmi$ du$uncelerile tani$ olduqda insani gozel bir hiss buruyur ki,onu da qeleme almaq mumkun deyil,cunki hissleri qeleme almaq her kesin seneti deyil(sizden ferqli olaraq).Xususile eziz muellimimiz (rehmetlik)Rahib muellimin xatiresine yazilmi$ $eir meni cox kovreltdi.Tanri omrunuzu uzun ve menali,qeleminizi guclu ve keserli etsin.Amin!

  11. Mehman Qaraxanoğlu öz şeirləri ilə poeziyaya yeni nəfəs,yeni hərarət gətirmişdir.Bu poeziya fəlsəfi düşüncələrlə bağlı düşündürən poeziyadır.Maqnit cazibəsi kimi bu şeirlərin təsirindən qurtarmaq olmur.Şairi bizə sevdirən də budur.Alman tənqidçisi J.P.Rixterə görə şeir bir lövhəyə bənzəyir,həm də bu lövhədə başlıca şey mənzərə deyil,onun insanda buraxdığı təsirdir.

Şərh Lövhəsi

Macar rejissorundan Bakıda “master klass”FOTOLAR  
Dünya şöhrətli azərbaycanlı fotoqrafdan yeni sərgiFOTOLAR  

XƏBƏR LENTİ

Abunə

Buraya e-mailinizi qeyd edərək, saytımızda olan yeniliklərdən məlumat əldə edə bilərsiniz!

Son şərhlər

Sayğac

Copyright © 2012 Kultaz.Com