Okt
9
Qan Turalı
Amerikada bir adam ildə 34 kitab oxuyur. Türkiyədə isə statistika bundan çox-çox aşağıdır. Sadəcə olaraq 1-ə yaxınlaşır. Yəni heç 1 də deyil.
Türkiyənin məşhur köşə yazarı Fatih Altaylı deyir: “Amerikada soruşurlar ki, indi hansı kitabı oxuyursan? Bizdə isə soruşurlar ki, kitab oxuyursanmı?”. Azərbaycanda isə sualı belə qoyardım: “Ömründə əlinə kitab almısanmı?”. Davamı…
İyn
26
Qan Turalı
Aqil Abbasın dolu romanı haqqında
Aqil Abbasın “Dolu” romanı bir neçə aydır dərc olunub. Bu yaxınlarda isə romanın kitab variantı nəşr edildi. Roman haqqında xeyli məqalə dərc edilsə də, romanın polemika doğurduğunu söyləmək mümkün deyil. Çünki dövri mətbuatda dərc olunan məqalələr birmənalı şəkildə tərif və mədhiyyə xarakteri daşıyır. Amma özü-özlüyündə bu da rezonansdır. Eyni rezonans bir neçə il əvvəl Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı ətrafında yaranmışdı. Amma o zaman “Yarımçıq əlyazma” romanı əleyhinə də məqalələr dərc edilmişdi. İndi isə biz “Dolu” romanı ətrafında məqalə yağışını seyr etməkdəyik. Bu məqalələrin həcmi tezliklə romanın həcmini keçəcək. Bir daha vurğulayırıq, bu məqalələrdə tənqidi təfəkkürün elementlərindən daha çox assosiativ təfəkkürün elementləri çoxdur. Deputat, həm də şair Vaqif Səmədoğlu isə roman münasibət bildirməkdə daha orijinal yol seçib. Belə ki, o romanı APA-ya xüsusi açıqlamasında tərifləyib. Bu fakt bədii əsərə münasibət bildirməyin yeni forması kimi tarixdə qalacaq.
Savaş ədəbiyyatı, ədəbiyyatın savaşı
Azərbaycan nəsrinin cəmi 150 illik tarixi var. Bu tarixdə isə Azərbaycan cəmi üç savaşda iştirak edib. Epizodik planda I Dünya savaşında, arxa cəbhə statusunda Böyük Vətən müharibəsi adlandırılan II Dünya müharibəsində, birbaşa şəkildə isə Qarabağ savaşında. I Dünya savaşında Azərbaycan yalnız xüsusi bir alayla iştirak edib. Bu savaş nəsrimizdə çox epizodik formada işlənilib. Böyük azəri romançısı Yusif Vəzirin “Studentlər” romanında birbaşa müharibə səhnələri olmasa da müharibənin havası oxucunun burnuna dəyir. Bu əsər bəlkə də bədii-estetik səviyyə baxımından Remarkın “Zəfər tağı”, Pasternakın “Doktor Jivaqo” romanından geri qalsa da üslub və metod eynidir. Savaş çox uzaqlarda baş verir, lakin o, insan həyatına təsir edir. İnsanlar onunla yaşayırlar.
II Dünya savaşı isə Azərbaycan ədəbiyyatında yüzlərlə əsərə mövzu olub. Bu əsərlərin əzici çoxluğu bəlkə də hamısı boz maklaturadan ibarətdir. Bunun səbəbləri üzərində geniş şəkildə dayanmağa ehtiyac yoxdur. Anar xatirələrində yazır: “Müharibə başlayan kimi Mir Cəfər Bağırov yazıçıları yanına çağırıb deyir: “Vətən, Vətən deyəndə ağzınıza çullu dovşan sığmır. Yığışıb, gedin İrana, orda qəzet çıxartmağa”. Sovet rejimi üçün bu savaş şəxsi mövcudluq savaşı idi. Nəyin bahasına olursa-olsun bu savaşı udmaq lazım idi. O zamankı savaş ədəbiyyatı “boyevoy listok”dan ibarət idi. Süni savaş pafosu, xalqların faşizmə qarşı birləşməsi, faşizmin ifşası fonunda kommunizmin təntənəsi bu ədəbiyyatın əsas mövzuları sayıla bilərdi. İstisna kimi İsa Hüseynovun arxa cəbhədən bəhs edən, güclü humanist pafosu, əhəmiyyətli reallıq hissi olan “Saz”, “Tütək səsi” povestlərini göstərmək olar. Xüsusi olaraq qeyd etmək lazımdır ki, bu povestlər müharibədən bir neçə onillik sonra yazılıb. Birtərəfli və ideolojik estetika filmlərə də sirayət etmişdi. İsa Hüseynovun adıkeçən povestləri əsasında çəkilmiş “Tütək səsi” filminin ictimai məzmunu, humanist pafosu povestlərin özündən dəfələrlə az idi. Bu günlərdə 80 yaşını qeyd edən böyük yazıçımız İsa Hüseynov şəksiz ki, Azərbaycan nəsrində müharibə nəsrinin ən yaxşı nümunələrini yaradıb və onun qoyduğu yol ondan sonra boş qalıb.
Qarabağ mövzulu əsərlərin sayı da kifayət qədərdir. Lakin demək olar ki, bu mövzuda ciddi əsər yoxdur. Qarabağ mövzulu əsərlərdə süni Vətən həsrəti, saxta savaş pafosu, gərəksiz və bayağı nifrət hissi olduqca güclüdür. Aqil Abbasın romanı bu mövzuda yazılan ciddi əsərlərin ilkincisi hesab oluna bilər. Bunun da bir neçə səbəbi var.
Əvvəlinci səbəb budur ki, Qarabağdan yazanların əksəri üçüncü-dördüncü dərəcəli yazarlardır. Adıbəlli yazarların demək olar ki, heç biri bu mövzuya girişmir. Elçin Əfəndiyevin “Bayraqdar” povesti isə nəinki ciddi nəsr tələblərinə cavab vermir, tam əksinə Elçin Əfəndiyevin özünün cüzi səviyyəsinin də altındadır. Anarın Qarabağ savaşının detallarına yer verdiyi “Otel otağında” povestində isə savaşdan çox, savaşdan qaçıb gizlənən “obıvatel”dən, deməli elə Anarın özündən söhbət gedir. Və Aqil Abbasın romanını maraqlı edən əsas cəhət onun real hadisələrin əsasında yazılmasıdır. Bura Aqil Abbasın romanda qələmə aldığı proseslərin bilavasitə şahidi olması, eləcə də yüksək yazı təcrübəsi də daxildir. Lakin bizim “Dolu” romanı haqqındakı mülahizələrimiz daha çox tənqidi xarakter daşıyır. İndi onlara keçək.
Motiv nədir? Ədəbi əsər, yoxsa vətənpərvərlik təbliğatı?
Aqil Abbasın “Dolu” romanında dəfələrlə Sovet zamanının müharibə filmləri lağa qoyulur. Aqil Abbasın qəhrəmanları müharibə kimi özü də ancaq filmlərdə II Dünya savaşını görüblər. Müəllif tez-tez sovet filmlərində almanları aciz, avara, zəif, qorxaq göstərilməsini tənqid edir. Amma onun özü də bu yolu gedir. Romanda bircə dənə olsun müsbət erməni surəti yoxdur. Romanda ümumiyyətlə erməni obrazı yoxdur. Azərbaycan əsgərlərinin rəşadəti fonunda ermənilər aşağılanır. Bu düzgün yol deyil.
Konkret olaraq elə bizim ədəbiyyatda erməni-azəri problemini yüksək humanizm mövqeyindən həll edən ciddi əsərlər var. Mirzə Cəlilin “Kamança” dramını qeyd etmək kifayətdir. Bu kiçik dramda Mirzə Cəlil vuruşan iki qonşu xalqın mədəniyyətlə birləşəcəyini göstərmişdi. Hətta mədəni birliyin simvolunu da tapmışdı. Bu simvol kamança idi. Ya da elə həmin mövzudan bəhs edən başqa bir əsərdən- Cəfər Cabbarlının “1905-ci ildə” dramından bir cümləni xatırlayaq: “Atan kazaklardı”.
Xalqlar müharibəyə qarşıdır. Bu sözü keçmiş sovet ideoloqları da çox deyiblər. Çox sadə, hətta bayağı görünsə də bu, doğrudan da belədir. Yazıçıdan tələb olunan isə vətənpərvərlik təbliğatı aparmaq əvəzinə müharibənin ortaya çıxardığı ziddiyyətləri aşkarlamaq və savaşa qarşı çıxmaqdır. Aqil Abbas isə belə etmir, tam əksinə, “boyevoy listok” yazır. Söz yox ki, Aqil Abbas azəri və erməni xalqlarını birləşdirən nəsnələrdən yazıb, antimilitarist bir əsər də ortaya qoya bilərdi. Buna onun həm fakturası, həm də yazı imkanları əsas verirdi. Lakin o, savaşın acılarını görmüş bir qarabağlı kimi yazır. “Dolu” romanı yazıçı Aqil Abbasdan çox, qarabağlı Aqil Abbasın romanıdır.
Dövlətlər savaşır, digər dövlətlər isə geopolitik, siyasi və ya iqtisadi maraqları əldə rəhbər tutaraq savaşan dövlətlərdən birinə dəstək verirlər. Məlum məsələdir ki, müharibənin əziyyətləri isə savaşan xalqların üzərində olur. Azəri xalqı da çox əziyyət çəkib, erməni xalqı da. Onların hər ikisini bu savaşa sürükləyən isə vecsiz siyasi hakimiyyətlər olublar. Və yazıçı belə bir böhranlı şəraitdə nə beyni hakimiyyət sevdasında olan iqtidarın, nə də iqtidarın savaş təbliğatı ilə beyni dolmuş xalqın yox, məhz həqiqətin yanında olmalıdır. Qar kimi soyuq həqiqət isə Qarabağ savaşının əzab, işgəncə və məhrumiyyətlərdən, qandan və ölümdən başqa bir şey olmadığını bizə deyir.
Avropa Şurası “günah keçisi” obrazında
Aqil Abbasın romanında siyasi motivlər də üstünlük təşkil edir. Belə ki, möcvud iqtidar- Mütəllibovun iqtidarı satqın, cəbhəçilər isə mağmun və aciz göstərilir. Və sonra proses bitir. Elə bil onlardan sonra heç nə olmadı, barış sazişi imzalanmadı, hər il “gələn Yeni ili öz torpaqlarınızda qeyd edəcəksiniz” vədləri verilmədi. Aqil Abbasın Avropa Şurasına qarşı ironiyası da çox təəsüf ki, hökumətin mövqeyindən fərqlənmir. Misal üçün, Aqil Abbas ötəri olsa da yazır ki, Avropa Şurası jurnalistlərin həbsinə reaksiya verir, amma Qarabağa yox. Hərçənd elə deyil, Avropa Şurası istər Ermənistan, istərsə də Azərbaycan qarşısında münaqişənin sülh yolu ilə həll ediləcəyi şərtini qoyub. Bir sözlə, Qarabağı verməyimizin də, indiyənə kimi ala bilməməyimizin də milli hökumətin olmamağıdır. Bu, ot qədər adi və sadə həqiqətdir. Aqil Abbasın bu günkü siyasi fəaliyyəti ilə bir işimiz yoxdur, lakin məsələ bundadır ki, torpaqları ala bilmədiyimizə görə Avropa Şurasını qınamaq mənim yadıma “günah keçisi” ifadəsini salır. Yəni illah ki, bir günahkar tapmalıyıq. Qoy onda bu günahkar Avropa Şurası olsun. Herkel və Jivkova Aqil Abbasın romanını oxumayacaqlarına görə bu, nisbətən təsirsiz yoldur. Müharbənin gerçək səbəbləri barədə yuxarıda yazmışıq, bu səbəblərdən yayınan adam mütləq özü üçün bəhanə və sığorta xarakterli başqa səbəblər tapmalıdır və Aqil Abbas bu yöndəki seçimini Avropa Şurasından yana edib. Məncə 6 rayonu vermiş adamlar haqqında bəlağətlə danışmağın axırı da günahı Avropa Şurasında tapmaq olacaqdı.
***
Aqil Abbas “Dolu” romanı ilə keçən onillikdə baş vermiş və bitib-bitməməsi hələ də bəlli olmayan bir savaş barədə yazmışdır. Biz bu romanı Azərbaycan ədəbiyyatının aktivinə yazmağa tərəddüd edirik. Çünki “Dolu” bir roman, müharibəyə yazıçı münasibəti olmaqdan ziyadə ideolojik bir romandır. İdeolojik romanların dövrü isə çoxdan keçib. Lakin Qarabağda baş verən qəhrəmanlıqları öyrənmək üçün bu əsər gənclik üçün əvəzedilməz bir qaynaq ola bilər. İndiki gəncliyimizin “Bahadır və Sona”, “Kamança”, “1905-ci ildə” əsərlərindən daha artıq dərəcədə bu əsəri sevəcəyinə şübhəm yoxdur.
İyn
11
Qan Turalı
Absurd sözü deyiləndə Kamyu yada düşür. Amma ekzistensianistlərin arasında da Kamyu xatırlanır. Kamyu isə yazırdı: “Adımın Sartrın yanında yazılması məni təəccübləndirir. Çünki ilk kitablarımı yazanda Sartrı şəxsən tanımırdım. Tanıyandan sonra isə nə qədər fərqli olduğumuzu anladım. Mənim dərc olunan yeganə fikir kitabım olan “Sizifin hekayəsi” ekzistensianizmə və Sartra qarşıdır.” Davamı…
Apr
14
(Müsahibə bir neçə ay əvvəl götürülüb)
Şərif Ağayardan aldığım müsahibəni sizə təqdim edirəm. Şərif bu müsahibədə cəsarətlə çox adam adı çəkir, çox adamı tənqid edir. Düşüncələri subyektiv ola bilər. Amma mən bu müsahibədə səslənən bütün fikirlərlə razıyam. Sizi müsahibə ilə baş-başa buraxıram.
- Nə yenilik var, Şərif Ağayar?
- Təxəlüsümü dəyişmişəm: Şərif Ağ.
- Bizdə “orijinal” təxəllüslər çoxdu.
- Deməli, bir roman yazıram. Sağ cinahdan sola çəkilib, sol cinahdan hücuma keçirəm. Nə ola, ola!
- Deməli yazmırsan… Davamı…
Mar
9
Qan Turalı
qantural@gmail.com
Xarici juan-juan, yoxsa milli manqurt?
Səndən azad azadlıq yox Enesay
Səndən dərin bir dərd də yox Enesay
Kuttubayovun topladığı məğmələrdən
Çingiz Aytmatov 80 illik yubiley tədbirləriylə bağlı Bakıya gəldi. Həftənin ən maraqlı ədəbiyyat xəbəri yəqin ki, bu xəbər idi.
Kimdir Çingiz Aytmatov?
Çingiz Aytmatovun necə böyük ədəbi fiqur olmasını xatırlatmaq üçün Anar Rzayevin bir cümləsini təkrar edək: Azərbaycanda 60-cılar nəsli Çingiz Aytmatov kimi böyük bir yazıçı yetişdirə bilmədi. Özü də Anar Rzayev bu sözü Çingiz əkənin yubileyində yox, Yazıçılar İttifaqının 1987-ci ildəki qurultayında deyib. Çingiz Aytmatov sovet sisteminin yetişdirdiyi ən yaxşı türk yazarlardan biri, əslində birincisi olub. Davamı…
Fev
25
QAN TURALI
QEYD: Bu yazı Rafiq Tağının “Avropa və biz” məqaləsinin dərcindən bir ay əvvəl “525-ci qəzet”də dərc olunmuşdu.
Son dövrlərdə dünyada din ətrafında gedən müzakarələr daha intensiv şəkil almaqdadır. Məhəmmədin karikaturaları böyük rezonans doğurdu, bu günlərdə isə Papanın açıqlamaları da eyni hiddətlə qarşılanır. Bizim cəmiyyətdə də dinə fərqli yanaşmalar böyük təzyiqlərlə üzləşir, Alatoran jurnalının 6-cı sayının və Lakin qəzetinin təcrübəsini xatırlamaq kifayətdir. Davamı…
Fev
19
Asif Ata haqqında yazı
Sovet dönəmi haqqında çox danışmaq olar. Bu dövr hər şeydən əvvəl intelligensiyanın ölümü ilə xarakterizə oluna bilər. Ziyalılar hər şeydən əvvəl burjuaziya dövrünün məhsuludur. Azərbaycanda da XIX əsrin 70-ci illərindən sonra intelligensiya formalaşmağa başladı. İlk modern təfəkkürlü ziyalımiz Mirzə Fətəli isə Tiflis mühitində yetişmişdi. Və Azərbaycanda Mirzə Cəlil, Üzeyir bəy, Sabir, Haqverdiyev daha sonralar isə Cəfər Cabbarlı və Hüseyn Cavid kimi böyük ziyalılar yetişdi. Davamı…
Fev
3
Qan Turalı
qan_tural@yahoo.com
Tənqidçilər nə iş görür?
Azərbaycanca az qala bütün yazıçı və şairlər eyni amanda “yazıçıçıq” və “şairciyəzlər” müsahibələrində təniqidin yoxluğundan danışırlar. Bütün bu deyilənlərdə bir həqiqət payının olduğunu da demək lazımdır. Doğrudan da bu gün bizdə tənqid deyilən bir şey yoxdur, bunun əvəzində ədəbi mühitdə “muzdlular” fəaliyyət göstərir. Onların bilikləri çoxdan köhnəlib. Lakin önəmli olan cəsarətdir. Bu cəsarəti sərgiləmək lazımdır. Amma bu cəsarəti sərgiləmək fonunda çox şey itirilə bilər. Misal üçün muzdlar, verilən bəxşişlər, düzələn işlər və s. Tənqiddə vəziyyət çox pisdir və bundan pisini də təsəvvür etmək mümkün deyil. Davamı…
Okt
2
Qan Turalı
qan_tural@yahoo.com
Azərbaycana nekroloq
Azərbaycan xalqı bir xalq olaraq özünü dərk edə bilibmi? Ümumiyyətlə, Azərbaycan adında xalq varmı? Son dönəmlərdə xalq haqqında məsələlər getdikcə aktuallaşır. Seçkiyə qədər yəqin ki, belə olacaq. Amma biz seçkidən əvvəl də, sonra da “xalq, xalq” deyirik. Biz bu gün xalq haqda yazacağıq. Xaqani Hasın sözü olmasın, kimdir bu Azərbaycanlılar? Nədir onları birləşdirən nəsnə? Onlar təsadüfi bir yığındırmı, yoxsa dərin tellərlə bağlanan toplummu? Tarixə ekskursla başlayaq. Davamı…
Sen
17
Qan Turalı
qantural@gmail.com
Seymur Baycanın yeni romanı «18.6 cm»-in çap olunmağından bir neçə gün keçir. Bu vaxta qədər Vəfanın yazısı istisna olmaqla üstəgəl tanıtım xarakterli mətnləri çıxsaq, bu barədə mətbuat heç bir şey yazmayıb. Amma ədəbi kuluarlarda, daha dəqiq desək, çayxanalarda və başqa ünsiyyət formalarında-emaillərdə, smslərdə bu roman haqqında kifayət qədər, əksər hallarda isə neqativ xarakterli mövqelər tüğyan edir. Bu mövqeləri bu cür qruplaşdırmaq olar: Davamı…
Sen
10
Qan Turalı
qan_tural@yahoo.com
Havaların istiləşib soyuqladığı bu günlərdə kitab oxumaq insan yeganə xilas yolu kimi gəlir. Son vaxtlarda bir xeyli kitab oxumuşam. Əvvəlcə Orxan Pamukun “Kar” romanını Şərif Ağayarın təbiri ilə desək su kimi içdim. Daha sonra Qoqolun “Taras Bulba” povestini oxudum. Artur Heylinin “Aeroport” romanı bir il idi ki, evdə yatırdı. Seymur Verdizadəyə onu oxumaq üçün verdim. Davamı…
Avq
17
Qan Turalı
Bəxtiyar Vahabzadənin 82 yaşına
Şam əgər yaşamır demək
Şamın yaşamağı yanmağındadır
Bəxtiyar Vahabzadə
Dünənki “Yeni Müsavat” qəzetində oxuyuruq: “Bu gün ünlü şairimiz Bəxtiyar Vahabzadənin doğum günüdü. Çağdaş Azərbaycan ədəbiyyatının və dövrümüzün ən görkəmli simalarından olan Bəxtiyar Vahabzadə həm də milli məfkurənin parlaq daşıyıcılarından biridi. Yaradıcılığı büsbütün milli ruhdan yoğrulan böyük şairimizin əsərlərinin qayəsini həmişə Vətənə, xalqa, onun dilinə və tarixinə sonsuz və səmimi sevgi, təmənnasız sayğı təşkil edib”. Doğrudan da elədir, başqa sözə hacət yox. Davamı…
Avq
10
Qan Turalı
Yana-yana çaldı «Yanıq Kərəmi»,
Ağrın alım, onu bir də çal, aşıq.
Aşıq mahnısından
Azərbaycan cəmiyyəti total faciə üçün bədii materialdan başqa heç bir mahiyyət kəsb etmir. Bu sözləri filosof olmaq şansını hələ də qoruyan perspektivli köşə yazarlarından biri deyib. Bir neçə gündür, bədbin yazılar yazıram. Səbəb kifayət qədər çoxdur. Müşfiqin həbs olunması hər birimizə pis təsir edib. Cəmiyyətdə də ölüm sükutu var, mətbuatda da. Şəxsən mən neçə gündür, heç bir qəzeti düz-əməlli oxuya bilmirəm. Davamı…
Avq
5
Qan Turalı
qan_tural@yahoo.com
Hekayə haqda, hekayə boyda yazı
Həmişə hekayənin ən çətin ədəbiyyat janrı olduğunu düşünmüşəm. Biz beş-altı, hətta on yaxşı romançının adını çəkə bilərik. Bəs, kim on yaxşı hekayəçi adı çəkə bilər? Mənim Çexovla, Oskar Uaylddan başqa heç kim ağlıma gəlmir. Yalnız indi deyil, həmişə. Azərbaycan ədəbiyyatında isə qəribə mənzərə yaranıb. Mirzə Cəlü 47 gözəl hekayənin müəllifidir, Haqverdiyevin də çox güclü hekayələri var. Rafıq Tağı da güclü hekayəçi kimi istisnadır. Amma bir şey də var ki, Azərbaycan ədəbiyyatında hekayə roman üçün bir pillə idi və indi də elədir. Davamı…
İyl
29
Qan Turalı
qan_tural@yahoo.com
Azərbaycan yazarında bir dözümsüzlük sendromu var. Əslində bu ümumilikdə xalqın sendromudur, xalqın ciddi kompleksidir. Azərbaycan xalqı bir qayda olaraq özünə yönəlmiş heç bir iradı qəbul etmir, onu yalan hesab edir. Azərbaycan yazarı da öz xalqından seçilmir. İstər dözümsüzlük məsələsində, istərsə də başqa məsələlərdə. Azərbaycan xalqının orta statisistik üzvü üçün Azərbaycan elminin, ədəbiyyatının, mədəniyyətinin bütün dünyada analoqu yoxdur. Azərbaycan xalqı unikal və böyük xalqdır. Amma bütün dünya bizə qısqanc münasibət bəsləyir, çünki biz müsəlmanıq və türkük. Eyni şeyi türk xalqı haqqında da demək olar. Azərbaycan xalqı özünə vurğundur, özü haqqındakı yalanlara ürəkdən inanıb. Davamı…
İyl
28
Qan TURALI
qan_tural@yahoo.com
Bu yaxınlarda əlimə Elçin Əfəndiyevin tərcümələri toplanan bir kitab keçmişdi. Adı belə idi: «Pyer Düi necə məşhurlaşdı?» Bu, Andrea Moruanın hekayəsinin adıdır və Elçin Əfəndiyev bu hekayənin adını kitaba verib.
Hekayənin məzmunu belədir: Bir rəssam nə qədər istedadlı olsa da, uğur qazana bilmir. Tənqidçi ona məsləhət görür ki, ağlına nə gəlirsə, onu da çəksin. Rəssam bununla razılaşmır, «soruşsalar nə cavab verərəm?» - deyir. Tənqidçi də onu öyrədir ki, soruşsalar, de ki, “siz bilirsinizmi, çay necə axır?» Sonra da laqeydcəsinə sual verənin üzünə bax. Heç kim bu cavabdan heç nə başa düşməyəcək, amma elə biləcəklər ki, sən dahisən. Davamı…
İyl
19
Qan TURALI
qan_tural@yahoo.com
Uzun müddətdir susan şair-filosof Rüstəm Behrudi axır ki, 7 jurnalistin həbsinə, qiymətlərin bahalaşmasına, Elnarə Əhmədovanın 200 nəfəri QİÇS-ə yoluxdurmasına, Kamran Həsənlinin aşıq sənətini təhqir etməsinə, ziyalıların Qarabağ səfərinə, Koroğlunun Tiflis səfərinə, Tiflisdən söz düşmüşkən, Gürcüstanda Azərbaycan məktəblərinin bağlanmasına dözə bilmədi. Keçən həftə “Azadlıq”da “Daha yol yoxdu Allaha” sərlövhəli şeirlər çap elətdirdi. Lakin atüstü qeyd edək ki, bu sərlövhənin altından iri hərflərlə “Əstəğfürullah! Lənnət şeytana!” yazıb. Söz yox ki, burda Nardaran faktoru öz rolunu oynayıb. Davamı…
İyl
17
Qan TURALI
qan_tural@yahoo.com
Sovet vaxtının Yenidənqurma vaxtında doğulan bizim nəsil işləməyə məcbur olan uşaqları yalnız məktəb dərsliklərindən tanıyırdı. Bu uşaqların varlığı kapitalizmi tənqid etmək üçün yaxşı əsaslar verirdi. O dövrün “Oxu” kitabında olan şeirdən iki misra da yadımdadır:
Uşaqlar var bu dünyada,
Gənc olmadan qocalmışdır. Davamı…
İyl
10
Qan Turalı
Bu, Anar haqqında sonuncu yazımdır. İki il ərzində bu cür yazıların sayı 20-nin üstündədir. Amma bu, son olacaq. Missiya başa çatıb. Bundan sonra Anardan yazmağın mənası yoxdur. Artıq hamı hər şeyi bilir. Sonuncu dəfə Anarın susqunluğunu pozduğu məqaləsi haqqında yazıb, bitiririk. Davamı…
İyl
1
Qan Turalı
qan_tural@yahoo.com
Aqşinin şeiri, publisistikası haqqında polemika
Hamını öz adı ilə çağırmaq zamanı gəldi. Biz 2000-cilər nəsli olaraq artıq ilk qurbanımızı vermişik, bunu malalamağın, üstümüzə vurmamağın heç bir adı yoxdur. İlk qurbanımız Aqşindir. Biz bunu ilk dəfə söyləyirik, çünki bu yazı yazılana qədər Aqşinin özünü düzəldəcəyinə, ciddi bir kitabı axıra qədər oxuyacağına inamımız vardı. Lakin “Alma” qəzetində yazdığı yazılar, demək olar ki, hər gün etdiyimiz ədəbiyyat söhbətləri bizi bir daha əmin edir ki, Aqşin düzələn deyil, 60-cıların qırx yaşdan sonra qədəm qoyduğu özünəvurğunluğa Aqşin otuza çatmamış qədəm qoyub. Davamı…